Anti-Rusiya siyasəti Ermənistanın açıq mövqeyinə çevrilib ANALİTİK+AKTUAL

Anti-Rusiya siyasəti Ermənistanın açıq mövqeyinə çevrilib ANALİTİK+AKTUAL

News.am: “Ermənistanın dövlət kanallarında rusofobiyadan danışılır”

Monoetnik Ermənistanda digər millətlərə qarşı dözümsüzlük hallarının mövcudluğu artıq danılmaz fakta çevrilib. Belə ki, bu ölkədə hansı yönlü siyasi quruluşların iqtidarda olmalarına baxmayaraq, qeyri-tolerantlıq, ksenofob baxışlar və irqçilik tendensiyaları ənənəvi xarakter daşımaqdadır. O da əbəs deyil ki, bu kimi faktları elə Ermənistanın özündə də açıq-aşkar etiraf edirlər. Üstəlik, dövlətin rəsmi, eləcə də hakimiyyətyönlü media qurumlarında sözügedən mövzular aşkar təbliğat maşınına çevrilir.

Hələ oktyabrın əvvəlində, Ermənistanın baş naziri Nikol Paşinyanın Praqa sammitinə səfəri zamanı erməni mediasının qərbyönlü kurs tərəfdarları arasında aktiv şəkildə anti-Rusiya meyilləri artmağa başlamışdı

SİA xəbər verir ki, news.am nəşrinə mövzu ilə bağlı fikirlərini şərh edən erməni media-eksperti Tiqran Koçaryana görə, dövlət və hakimiyyətyönlü telekanallarında praym-taym xarakterli çıxış edən bir çox ekspertlər anti-Rusiya mövqelərinə malikdirlər. Koçaryan xatırladıb ki, hələ oktyabrın əvvəlində, Ermənistanın baş naziri Nikol Paşinyanın Praqa sammitinə səfəri zamanı erməni mediasının qərbyönlü kurs tərəfdarları arasında aktiv şəkildə anti-Rusiya meyilləri artmağa başlamışdı. Onların arasında “Ermənistan Avropa Partiyası”, “Respublika”, “Xristian-Demokratik Partiyası”, “Suveren Ermənistan” və başqa siyasi təşkilatlar yer alıblar.

Tiqran Koçaryan qeyd edib ki, bu partiyaların bir qismi parlamentdənkənar Məşvərət Şurasına daxildirlər və onların üzvləri mütəmadi olaraq ölkənin baş naziri Nikol Paşinyanla görüşlər keçirirlər. SİTAT: “ Oktyabrın 1-də gün ərzində Ermənistanın ictimai TV-də yayımlanan “Petros Kazaryanla müsahibə” verilişindəki praym-taymda 14 nəfər anti-Rusiyayönlü ekspertlər, 10 nəfər Paşinyan hakimiyyətinin təmsilçiləri, mülayim siyasi baxışı olan müxalifətçi Xosrov Arutyunyan, 1 nəfər müxalifətdən olan eks-deputat Artur Kazinyan, Rusiyanın İqtisadi inkişaf nazirliyinin nazir müavini və 1 nəfər erməni universitetlərindən birinin rektoru iştirak ediblər”.

Adıçəkilən ekspert İctimai kanalın “İctimai müzakirə” adlı verilişində 24 nəfər dəvət almış ekspertlərin 19-nun anti-Rusiya baxışlı olduqlarını bildirib.

Oktyabrda yayımlanan “Fərqli fikirlər” adlı digər verilişdə isə 18 adamdan 11-i anti-Rusiya mövqeli olublar.

“Bu adamlar rəsmi kanallarda və ictimai kanalda çıxış edirlərsə, demək, hakimiyyətlə razılaşdırılıblar”

Tiqran Koçaryan daha bir maraqlı fakta toxunub. Onun sözlərinə görə, Ermənistan parlamentinin spikeri Alen Simonyanın arvadına məxsus “Free News” telekanalında çıxış edən 17 ekspertdən 14 nəfərində aşkar anti-Rusiya baxışları seçilib.

“Bu, hələ ki, son bir ayda olanlardır və deyəndə ki, Ermənistanda rusofobiya yoxdur, yaxud bu, heç cür mümkün deyil, onda belə iddialar doğru sayıla bilməz. Ona görə ki, bu adamlar rəsmi kanallarda və ictimai kanalda çıxış edirlərsə, demək, hakimiyyətlə razılaşdırılıblar”, deyə erməni media-eksperti bildirib və sonda qeyd edib ki, anti-Rusiya xarakterli ekspertlərin sonuncu bəyanatlarında KTMT-dən və Avrasiya İqtisadi İttifaqından çıxmaq çağırışları var, üstəlik burada Rusiya prezidentinin faşist Almaniyasının rəhbəri ilə bənzədilməsi də yer alıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə