Çindən Rusiyaya mesaj

Çinin xarici işlər naziri Vanq Yi bəyan edib ki, ölkəsi “ABŞ-ın soyuq müharibə məntiqinə əsaslanan cilovlama və qarşıdurma siyasətinə qarşı xarici siyasətdə Rusiya ilə əlaqələrini və həmrəyliyini davam etdirəcək”. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Bir ölkə (ABŞ) "avtoritarizm demokratiyaya qarşı" saxta povesti ilə soyuq müharibə məntiqini canlandırmaq istəyir. Çin və Rusiya digər ölkələrlə həmrəy olaraq hegemonluğa qarşıdırlar", - Çinin xarici işlər naziri Vanq Çin tərəfindən təşkil edilən simpoziumda onlayn deyib.

Çinin Rusiya ilə əlaqələrinin "daş kimi möhkəm" olduğunu və xarici müdaxilələrdən və beynəlxalq mühitdəki dəyişikliklərdən təsirlənməyəcəyini vurğulayan Vanq, Pekinin Moskva ilə "qarşılıqlı etimadı dərinləşdirəcəyini" və "Çin-Rusiya hərtərəfli strateji tərəfdaşlıq koordinasiyasını gücləndirəcəyini" söyləyib.

Vanq ABŞ-ın mövqeyini dolayısı ilə tənqid edərək, Çinin Ukrayna böhranında ardıcıl olaraq obyektiv və qərəzsiz mövqe tutduğunu, bir tərəfin digərinə üstünlük vermədiyini, atəşi yandırmadığını və eqoist mənfəət güdmədiyini bildirib.

Çin Ukrayna böhranı başlayandan bəri Rusiyaya qarşı “işğal”, “hücum” sözlərindən və “qınama” mənasını daşıyacaq ifadələrdən çəkinib, BMT Baş Assambleyasının qınama qərarından isə bitərəf qalıb.

Qərbin müharibə səbəbindən Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməsindən sonra Moskva ilə Pekin arasında ticarət həcminin artdığı müşahidə edilib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə