İran nə istəyir, sülh, yoxsa?.. - RAKURS

İran nə istəyir, sülh, yoxsa?.. - RAKURS

İran çox çirki oyunun icindədir. Daxili təlatümlərdən yaxa qurtarmağın çətin olduğunu hiss edir və çıxış yolu kimi qonşuları ilə münasibətləri gərginləşdirir. Daxili auditoriyaya bütün baş verən neqativ halların, daxili çaxnaşmaların, sosial problemlərin, ölkənin tənəzzülə doğru iri addımlarla irəliləməsinin günahının da kənarda olduğunu söyləməkdən çəkinmir. Əxlaq polisinin barbarlığı səbəbindən onsuz da qığılcıma bənd olan daxili vəziyyətin alovlanmasının səbəbini də Tehran-molla rejimi qonşu ölkələrdə axtarır.

İranda mollaların hakimiyyətə gəlişindən sonra bu ölkənin düşdüyü bataqlıq ona dost əlini uzatmaq istəyənləri də özü ilə içəriyə çəkir. Çünki molla rejiminin ideoloji istiqaməti sivilizasiya, normal cəmiyyətlə ziddiyyət təşkil edir. Bu səbəbdəndir ki, kimsə onunla dost olmaq belə istəmir. İran adlanan fars-molla rejimi ilə qonşu olan dövlətlərə diqqət edin və bir anlığa həmin ölkələrin arasında İranla səmimi dostluq etmək istəyənləri göstərin. Bəli, tərəddüd edəcəksiniz, çünki belə bir ölkə yoxdur. İranın şərq qonşuları Pakistan və Əfqanıstandır, hər ikisi ilə dini baxışlardakı fərqlilik səbəbindən münasibətlər heç düzələnə oxşamır. Türkmənistanla münasibətlər isə donmuş vəziyyətdədir. İranın cənub-qərbində körfəz ölkələridir – Oman, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn, Qətər, Küveyt və Səudiyyə Ərəbistanı. Adıçıkilən ərəb ölkələrindən başqa şərq qonşusu İraqla da İranın münasibətləri molla rejiminin hakimiyyətə gəlişindən bəri düşmənçiliyə doğru meyllənməkdədir. Türkiyə ilə münasibətlər də sünni-şiə ayrımçılığı səbəbindən qeyri-normaldır. Son hadisələrdən sonra isə Tehranla Ankaranın münasibətləri düşmənçilik həddinə yaxınlaşır. Tehran rejiminin şimal qonşusu Azərbaycanla münasibətləri də xoş deyil, hətta bu münasibətlərdə də asilik axtarmağa dəyər. Hətta bu yaxınlarda İranın daxilində başlanmış çaxnaşmalarla eyni vaxtda keçirilən hərbi təlimlərdə Azərbaycana qarşı əzələ nümayişinin də şahidi olduq.

Türk düşmənçiliyinin tarixi

Əslində Tehran-molla rejimi ilə Azərbaycanın gizli düşmənçiliyi ölkəmizin müstəqillik elan etməsindən sonra başlayıb. Əlbəttə, İran adlanan dövlətin Türk dünyasına olan nifrətinin, kininin, düşmənçiliyinin tarixi uzun illərə gedib çıxır. Türk imperiyaları - Səlcuqlar, Afşarlar, Səfəvilər, Qacarların dövründə də zəif olmalarına baxmayaraq farslar xristian ölkələrlə gizli sövdələşməyə gedərək, xüsusən də səlib yürüşünə çıxmış avropalılarla əlbir olaraq onlara bələdçilik etmişlər. Zaman keçdikcə İranda rejimlər dəyişdikcə nə türk düşmənçiliyi, nə də xristian dünyasına xidmət bitməmişdir. Üzdə “kafirlər”lə mübarizənin ideoloji istiqamət olduğu deyilsə də, fars rejiminin əsas hədəfi müsəlman dünyası olmuşdur və bu gün də belədir. Sadaladığımız ölkələr arasında bir xristian ölkəsi də var – Ermənistan. 30 il Azərbaycanın 20 faiz torpaqlarını işğal edən, mədəni, dini abidələrini dağıdan, məscidlərə donuz bağlayan, bir milyondan artıq Azərbaycan türkünü, müsəlmanı yaşamaq hüququndan məhrum edən Ermənistanla İranın molla rejimini nə birləşdirə bilərdi. Əlbəttə, türk-müsəlman düşmənçiliyi.

44 günlük müharibə də çox gizlinlərə aydınlıq gətirdi, molla rejiminin niyyətini ortaya qoydu, İranın iç üzü açıldı, türkün düşməni, erməni-xristian sevdalısı olduğu üzə çıxdı. Molla rejiminin ilk xəyanəti Vətən müharibəsinin gedişində Xudafərin körpüsü yaxınlığında özünü göstərdi. 30 il işğal müddətində separatçılarla əlbir olaraq Azərbaycan torpaqlarını istismar edən, ərazilərimizdən öz dədəsinin mülkiyyəti kimi yararlanan Tehran mollalarına xidmət edən İnqilab Keşikçiləri Korpusunun – SEPAH-ın əsgərləri hücum əməliyyatlarını genişləndirən Azərbaycan silahlı qüvvələrinin yoluna çıxaran onları düz iki gün yubatmışlar. Bu müddət ərzində dabanına tüpürüb qaçan erməni ordusunun əsgər və zabitləri fürsəti fövtə verməyərək müxtəlif maneələr, tələlər qurmaqla yanaşı toparlanmış, əlavə dəstək əldə etmiş, texniki təchizatını möhkəmləndirmişdir. Nəticədə silahlı qüvvələrimiz ərazilərimizi düşməndən azad etsə də çoxlu itkilər də vermişdir.

İranın diplomatik fiaskosu

Gələk əsas mətləbə. İranın diplomatik dairələrinə yaxın olan “İran diplomatiyası” (www.irdiplomacy.ir) saytında “İranın ərazi bütövlüyünün qırmızı xətti olan bölgə: Tehran Qarabağda passiv yanaşmadan əl çəkməlidir” başlıqlı məqalə dərc olunub. Başdan ayağa Azərbaycan əlehinə, həm də bir düşmən tərəfinin mövqeyi kimi. Məqalədə də qeyd edildiyi kimi, Laçın yolunda dinc azərbaycanlı fəalların dinc aksiyası İran hakimiyyətini narahat etməyə başlayıb. Ermənistana havadarlığını davam etdirən İran növbəti dəfə Azərbaycana qarşı hədə mesajları göndərib. Gəlin faktlarla danışaq. Məqalədə qeyd olunur: “Bakı hökuməti son günlər Ermənistan və Dağlıq Qarabağ Muxtar bölgəsi arasında Laçın dəhlizinin qarşısını kəsib. Bu hərəkət hətta 2020-ci ilin noyabrında bu dəhlizin mövcudluğunu nəzərdə tutan atəşkəs razılaşmasına da ziddir”.

Təbii ki, bu mövqeyə qarşı reaksiya verilməli və məqalə müəllifinə və sifarişçilərə çatdırılmalıdır ki, "Dağlıq Qarabağ Muxtar bölgəsi" deyilən bir ərazi vahidi yoxdur. Laçın yolunu azərbaycanlı fəallar bağlamayıblar. 2020-ci ilin noyabr bəyanatına görə Ermənistan və Rusiyalı sülhməramlılar üzərlərinə götürdükləri öhdəliklərin bir çoxunu yerinə yetirməyiblər. Azərbaycan ərazisində qanunsuz talama prosesi davam edir və sülhməramlılar buna göz yumurlar, digər tərəfdən elə İranın da köməkliyi ilə Qarabağa Laçın yolu ilə qanunsuz silah daşınır. Qanunsuz erməni silahlı dəstələri isə hələ də ərazidə qalmaqda davam edir və s.

Məqalədə qeyd olunan başqa bir məqam: “Stepanakert süqut edərsə, Cənubi Qafqaz regionu və onun ətraf ölkələri, o cümlədən İran üçün xoşagəlməz ssenarilər təsəvvür etmək olar. Dağlıq Qarabağ kimi maneənin aradan qaldırılması Ermənistan ərazisinin işğalına və regionun xəritəsinin dəyişdirilməsinə, uzunmüddətli perspektivdə isə İranın şimal-qərb bölgələrinə təhlükəsizlik hücumlarına yol açır”.

Separatçılardan bir addım da geri qalmayan müəllif Xankəndini “Stepanakert” adlandıraraq ermənidən çox erməni olmaq arzusunu gizlətmir. Məqalədən qeyd: “Qarabağ erməniləri İranın bölgədəki kapitallarından biridir. 1990-cı illərdə İran bu potensialdan istifadə edə bildi və Tehranın dəstəyi ilə Dağlıq Qarabağın baş naziri olmuş Robert Köçəryan 1998-ci ildə Ermənistanın baş naziri postunu tuta bildi. Ondan sonra Serj Sarkisyan da eyni yolu davam etdirdi və 20 il ərzində İrəvanın xarici siyasəti “Qarabağlılaşma” istiqamətində hərəkət etdi. Qarabağlıların rəhbərlik etdiyi Ermənistan regionda tarazlığın yaradılmasında önəmli rol oynadı, lakin 2018-ci ildə Sarkisyanın devrilməsi və Paşinyanın hakimiyyətə gəlməsi ilə bu rol aradan qalxdı”.

Burada İran rejiminin, müsəlmançılıqdan uzaq molla hakimiyyətinin əsl siması ortaya çıxır, Ermənistanı dəstəklədiyi faş olur. Hər kəsə bəllidir ki, hələ 90-ci illərdə Azərbaycan Ermənistanın təcavüzünə məruz qaldığı zaman Tehran İrəvanı - işğalçını dəstəkləyib.

Mollaların “qırmızı xətti”

Molla rejimi son vaxtlar belə mesajlar göndərir, “Qarabağ İranın ərazi bütövlüyünün qırmızı xəttidir”. Amma mollalar hələ də anlamaq istəmirlər ki, Azərbaycanın qırmızı xətti İran üçün keçərli deyil. Bu ərazilər həqiqətən Tehran rejiminin “qırmızı xətt”i idisə, Ermənistanın işğalı zamanı, bu ərazilərdəki müsəlmanlara aid olan məscidlərə ermənilər tərəfindən donuz bağlanan vaxt mollalardan biri bəyanat verər, etiraz edərdi. Amma bu vandallığa göz yuman Tehrandakı molla-erməni-fars rejiminin heç bir haqqı yoxdur ki, bu gün dünya ölkələri, hətta İran tərəfindən də tanınmış suveren ərazilərimizdə baş verənlər barəsində “qırmızı xətt” terminindən istifadə etsin. Bura Azərbaycan ərazisidir. İranın qırmızı xətti günahsız yerə öldürdüyü minlərlə insanın üstündən, əsarətdə saxladığı xalqların içindən keçir.

İranın diplomatik dairələrinə yaxın olan bir saytda yayımlanan bu məqalə Azərbaycana qarşı riyakar siyasətinin daha bir sübutudur. Molla rejiminin sifarişi əsasında hazırlanan bu tip yazılarla görünür molla rejimi Azərbaycana hansısa formada təsir etməyi düşünür. Amma unudur ki, Azərbaycan öz reallıqlarını özü yaradıb və hər hansı kənar qüvvələr, dairələr bu reallıqları dəyişə bilməz. O cümlədən İrandakı fars-molla rejimi. Laçın yolunda baş verən etiraz aksiyasının 9-cu günündə İranın Xarici İşlər Nazirliyi tərəflərə dialoq təklif edib.

Nazirliyin sözçüsü Nasser Kənani İSNA agentliyinə müsahibəsində deyib ki, Laçın yolunun açılması məsələsi mümkün qədər tez həll olunmalıdır. Ağayi Kənani inanmaq istədiyini bildirib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyannaməsinin müddəalarının tam yerinə yetirilməsi iki ölkə arasındakı fikir ayrılıqlarına son qoya bilər. Onun sözlərinə görə, regionda sülh və sabitliyin bərqərar olması hər hansı lüzumsuz gərginlikdən qaçmağı tələb edir. Bəs, Kənaninin ölkəsi Azərbaycanın Qarabağı 30 il işğal altında olanda niyə dialoq təklif etmirdi, “qırmızı xətt”dən danışmırdı? Bəlkə, qırmızı mürəkkəbi qurtarmışdı?

İranda isə etirazlar davam edir

İran adlı xalqlar həbsxanasının Şəhrikiurd, Saqqız, Sənanc, Şiraz, Tehran, Məşhəd və bir sıra digər şəhərlərdə etiraz aksiyaları davam edir. Aksiyalarda “Qadınlara azadlıq, millətlərə istiqlal!”, “Pişəvərinin ruhu şad olsun!”, “Azadlıq, ədalət, milli hökumət”, “Diktatora ölüm!”, “Azadlıq!” şüarları səsləndirilib. Dehdeşt şəhərində, Kohgiluyeh və Boyerahmed əyalətində etiraz edən gənclər hərbi yardım bazasına Kalaşnikov avtomatından atəş açıblar. Qərbi Azərbaycan əyalətinin Sarıdaş (Sərdəşt) şəhərində keçirilən etiraz aksiyaları zamanı həbs edilən Şəhriyar Adilinin İran rejiminin işgəncələri nəticəsində dünyasını dəyişdiyi bildirilir.

Şərqi Azərbaycan vilayətində bir qrup azərbaycanlı fəal 1945-ci ildə Cənubi Azərbaycan milli hökumətinin yaranmasının ildönümü ilə əlaqədar Təbrizdə divarlara “21 Azər”, “Milli hökumət”, “Pişəvəri”, “Azadlıq, Ədalət, Milli Hökumət” milli şüarlar yazıblar. Güney Azərbaycan milli hökumətinin ildönümü Təbriz şəhərində qeyd edilib. “Qadınlara azadlıq, millətlərə istiqlal!”, “Pişəvərinin ruhu şad olsun!”, “Azadlıq, ədalət, milli hökumət” şüarları səsləndirilib. Eyni zamanda Təbriz şəhərində azərbaycanlı fəal Hüseyn Muxammediyan mağazasında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Tehran vilayətinin Əndiş şəhərindəki Bəsic qüvvələrinin bazası qəzəbli gənclər tərəfindən yandırılıb. Hüquq müdafiəçiləri xəbər agentliyinin məlumatına görə, etirazlar zamanı ölənlərin sayı 490 nəfərdir. Onlardan 68-i uşaq, 62-si hökumət qüvvələridir. Hazırda 18 262 nəfər həbs edilib, onlardan 3 788 nəfərin kimliyi və harada saxlandığı müəyyən edilib. Həbs olunanların 626-sı tələbədir. Bu günə kimi 1175 etiraz aksiyası keçirilib. Etiraz aksiyaları 161 şəhər və 144 universitetdə keçirilib.

Mollalara qarşı aksiyalar Avstriya, Almaniya, Paris və Londonda keçirilib. İranın insan haqları təşkilatı bir nəfərin edam edildiyini, 2 nəfərin isə edam edilməzdən əvvəl təkadamlıq kameraya köçürüldüyünü bildirib. İsrailin "Mako" xəbər saytı xəbər verir ki, "Qara Mükafat" haker qrupunun Fars xəbər agentliyinə hücumu zamanı əldə etdiyi məlumata görə, etirazlar zamanı İran ordusunun 115 əsgəri həbs edilib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İranda edamlara son qoymağa çağırıb. Bundan əlavə, Avropa Birliyi İrana qarşı sanksiyaları genişləndirib. Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi bildirib ki, İranda sentyabr ayında başlayan kütləvi nümayişlərdən sonra Almaniyaya sığınacaq istəyən İran vətəndaşlarının sayı keçən ilin eyni ayı ilə müqayisədə iki dəfə artıb.

“İranda ölüm hökmlərinin tətbiqi və icrası etirazları daha da gücləndirəcək”. Bu barədə İranın Qum Dini Elmlər Seminariyasının Alim və Tədqiqatçılar Məclisinin bəyanatında deyilir. Vurğulanır ki, ölüm hökmlərinin tətbiqi və icrası ilə bağlı tələsik qərarlar ölkədə vəziyyətin sabitləşməsini təmin edən yol deyil. Bu, hakimiyyətin ölkədəki problemlərə laqeyd münasibətini əks etdirərək, cəmiyyətdə qəzəbi və nifrəti daha da artırır. Ölkədəki ədalətsiz vəziyyətə etiraz etmək hüququndan istifadə edərək məmurların zorakılığından qorunmağa çalışan şəxslər silahlı cinayətkar sayıla bilməz.

BMT-nin İqtisadi və Sosial Şurası isə İranın 2026-cı ilə qədər BMT-nin Qadının Statusu üzrə Komissiyasından çıxarılmasına səs verib. ABŞ İranda son aylarda davam edən etirazlar zamanı qadınların hüquqlarının pozulmasını əsas gətirərək ölkədən çıxarılma təşəbbüsü ilə çıxış edib. 29 ölkə çıxarılmanın lehinə, 8-i əleyhinə, 16-sı bitərəf qalıb. Avstriya, Argentina, Belçika, Benin, Bolqarıstan, Böyük Britaniya, Qvatemala, Yunanıstan, İsrail, İtaliya, Danimarka, Kanada, Kolumbiya, Latviya, Liberiya, Liviya, Yeni Zelandiya, Panama, Peru, Portuqaliya, Koreya Respublikası, ABŞ, Finlandiya, Fransa, Xorvatiya, Monteneqro, Çexiya, Çili və Yaponiya İranı təşkilatda görmək istəmədiklərinə səs veriblər. Boliviya, Zimbabve, Qazaxıstan, Çin, Nigeriya, Nikaraqua, Oman və Rusiya sənədin əleyhinə, Banqladeş, Beliz, Botsvana, Qabon, Hindistan, İndoneziya, Kot-d'İvuar, Mavrikiy, Meksika, Madaqaskar, Konqo Respublikası, Solomon adaları, Tayland, Tanzaniya, Tunis və Esvatini bitərəf kimi qeydiyyatdan keçiblər.

Bu arada İran paytaxtının şimal-qərbində yerləşən Keredj həbsxanasında baş verən iğtişaşlar zamanı bir məhbus ölüb, çoxlu sayda məhbus yaralanıb. Verilən xəbərə görə, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA Əlborz vilayətinin baş prokuroru Hüseyn Fəzli Xerikəndinin sözlərinə görə, Keredja şəhərinin mərkəzi həbsxanasının narkotiklə ittiham olunan və məhkum edilmiş vətəndaşların saxlandığı şöbəsində məhbuslar arasında toqquşma olub. Münaqişə zamanı bir nəfər ölüb, çoxlu sayda müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra qarşıdurma dayanıb. Saxlanılan iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Yuxarıdakı fikrimizi təkrar etmək zorundayıq, İran getsin öz dərdi, daxili problemlərinin həlli ilə məşğul olsun. Qartala daş atmaq istəyən qarğaların başına haradan daş düşdüyünü də unutmasın.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə