Ruben Vardanyan Qarabağdan qaçır FAKT+AKTUAL

Robert Koçaryan “Kreml desantına” qarşı sui-qəsd həyata keçirəcəyi vədini verib

Erməni mənbələri xəbər verirlər ki, Xankəndidəki separatçı rejim təmsilçiləri arasında kəskin ziddiyyətlər və qarşıdurmalara start verilib. Əsas qarşıdurmalar “Kremlin desantı” adını almış və qondarma “dövlət naziri” kimi fəaliyyət göstərən Ruben Vardanyanla separatçı “generallar” arasında cərəyan edir. Bu mənada, Vardanyanın bacısının ona verdiyi tövsiyəsi isə Qarabağın ərazisini tərk etmək olub. Hətta istisna edilmir ki, o, bir neçə gündən sonra istefa haqqında ərizə yazacaq. Qarşıdurmaların köklü səbəbləri barədə geniş təfərrüatlara varılmasa belə, aydındır ki, məsələ Qarabağdakı faydalı qazıntılara aid yataqların qanunsuz istismarı zamanı əldə edilən gəlirlərin bölünə bilinməməsi ilə əlaqəlidir.

O cümlədən, daha bir səbəb Vardanyanın üzərinə götürdüyü “missiyasını” həyata keçirə bilməməsidir. Xüsusilə, Azərbaycan ekoloqlarının, habelə vətəndaş cəmiyyəti təmsilçilərinin Laçın yolu üzərindəki tələblərini irəli sürmələri və s. kimi faktlar separatçılar arasında ciddi insidentlərin artmasına kifayət qədər rəvac verməkdədir.

Erməni blogeri Edvin Martirosyan: “Əldə edilən dəhşətli məlumatlara görə Oqanovskinin və Aşot Qulyanın qardaşının Qarabağda qızıl və s. qiymətli metalların saxlanıldığı gizli anbarları və sexləri var”

Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyana yaxın olan “Respublika Armeniya” adlı teleqram kanalında yaşanan insidentlərlə bağlı bloger Edvin Martirosyanın fikirləri diqqət çəkib. Onun yazdığına görə, separatçı “general” Samvel Karapetyanla (Oqanovski) “dövlət naziri” Ruben Vardanyan arasında baş verən qarşıdurma qeyd etdiyimiz kimi, məhz Azərbaycan qızılı ilə bağlıdır.

SİTAT: “Bizim mənbələr xəbər verirlər ki, Ruben Vardanyan general Samvel Oqanovski ilə mübahisə edib. Əldə edilən dəhşətli məlumatlara görə, Oqanovskinin və Aşot Qulyanın qardaşının Qarabağda qızıl və s. qiymətli metalların saxlanıldığı gizli anbarları və sexləri var. Bütün bunlar yerli yataqlardan gətirilir və 2008-ci ildə İrəvan küçələrində talanlar törədən Oqanovski ilə Robert Koçaryanın ciblərinə axır”.

Araik Arutyunyanın yaxın ətrafından əldə edilən informasiyada Robert Koçaryan Oqanivskini sakitləşdirmək üçün Ruben Vardanyanı qətlə yetirəcəyini vəd edib

Onun sözlərinə görə, Araik Arutyunyanın yaxın ətrafından əldə edilən informasiyada Robert Koçaryan Oqanivskini sakitləşdirmək üçün Ruben Vardanyanı qətlə yetirəcəyini vəd edib. Yəni, Vardanyanın həyatına sui-qəsd planı hazırlanıb. Belə ki, Vardanyan mövcud “biznesi” Qarabağ klanını əlindən almağa çalışır. Beləliklə, separatçılar arasında olanlar yavaş-yavaş üzə çıxır və bütün bunlar, əslində, gözlənilən situasiyalardır. Daha dəqiq desək, artıq bizə gözləmək və sözügedən hadisələrin necə başa çatacağını müşahidə etmək qalır...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə