Böyük tarix: oxuyaq və öyrənək! TƏHLİL+ XATIRLAMA

Böyük tarix: oxuyaq və öyrənək! TƏHLİL+ XATIRLAMA

Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda yaşadığı, fəaliyyət göstərdiyi dövr iki ilədək olsa da, Azərbaycan tarixinin böyük bir hissəsini əhatə edir. Böyük şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarındakı çıxışlarını, Naxçıvana gələn qonaqlarla söhbətlərini, ayrı-ayrı sahələrdəki vəziyyətlə bağlı fikirlərini, müsahibələrini oxuduqca çox məqamlar açıqlanır. Bunlardan birincisi, ulu öndərə baxmayaraq ki, Naxçıvanda yaşadığı və fəaliyyət göstərdiyi vaxtlar da ölkə rəhbərliyi tərəfindən təzyiqlər var idi, lakin onun Azərbaycan rəhbərliyinə həmişə böyük hörmət hissi ilə yanaşdığının, bunun da dahi şəxsiyyətin böyük idarəçilik qabiliyyətinin, insanlığının, alicənablığının nəticəsi olduğunu dərk edirsən. İkincisi, dahi insanın qonaqlara, xarici ölkələrdən gələn nümayəndələrə Naxçıvanın Azərbaycanın qədim ərazisi olduğunu tarixi faktlarla izahının şahidi olursan. Üçüncüsü, onun ölkədəki, eləcə də muxtar respublikadakı ictimai-siyasi hadisələrin siyasi təhlilinin və təcavüzkar Ermənistanın, onun havadarlarının uzaq gələcəyə hazırlanmış planlarını nə qədər dəqiqliklə analiz etdiyini görürsən. Ümumilikdə isə ulu öndərin hər bir çıxışı, söhbəti bu günün bir tarix dərsidir ki, gələcək nəslin Naxçıvanın blokada illəri haqqında məlumat alacaqları bundan güclü ikinci bir mənbə yoxdur.

Naxçıvanda yaşamasına və fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycanın taleyüklü məsələlərini diqqətdə saxlayan, müstəqilliyimizin bərpası üçün mübarizə aparan, sözünü yüksək kürsülərdən açıq şəkildə deyən, yeri gələndə hakimiyyətdə olanları ittiham edən ulu öndərin Naxçıvan illəri ilə bağlı topladığım maraqlı materialları – çox böyük tariximizi gənc nəsillərə çatdırmaq istədim ki, oxusunlar və öyrənsinlər... Hansı ki, həmin dövrdə bu cür addımlar və çıxışlar etmək böyük cəsarət tələb edirdi. Buna görə də onlar öyrənilməlidir ki, müstəqilliyimiz, tariximiz də məhz bu cür cəsarətlə və hünərlə qoruna bilsin.

Azərbaycan Respublikası Ali Sovetinin 29 avqust 1991-ci il tarixli sessiyasında Xalq deputatı Heydər Əliyevin çıxışından

Hörmətli millət vəkilləri!

Ölkədə, cəmiyyətdə siyasi və istisadi böhran, dövlət, hakimiyyət böhranı son dərəcədə şiddətlənmişdir. Mürtəce qüvvələrin demokratiya əleyhinə hücumu, cinayətkar qrupun həyata keçirdikləri dövlət çevrilişi dəf edilmişdir. Biz artıq sovet imperiyasının, kommunist partiyasının dağılmasının şahidiyik.

Bu dövrdə bizim respublikamızın, Azərbaycan xalqının vəziyyəti daha ağırdır. Bunun əsas səbəbi respublikada hökm sürən Azərbaycan Kommunist Partiyasının diktatura rejiminin mürtəce siyasəti və buraxdığı kobud, bağışlanmaz səhvlərdir (Zaldan etiraz səsləri). Sessiyada hər bir deputatın öz sözünü deməyə hüququ var. Belə siyasətin nəticəsində respublikanın kommunist rəhbərliyi avqust ayının 19-22-də ölkədə dövlət çevrilişi və fövqəladə vəziyyət üzrə dövlət komitəsinin fəaliyyətini faktiki olaraq bəyənmiş, beləliklə də Azərbaycan xalqını çox pis vəziyyətdə qoymuşdur. Bundan erməni millətçiləri dərhal çevikcəsinə istifadə etmiş, bizim respublikamıza qarşı hərbi əməliyyatı, siyasi təbliğatı gücləndirmişlər. İndi biz respublikamızın həyatında ən çətin bir dövrdə çıxış yolu tapmalıyıq və hamımız bu çıxış yolunun tapılmasına səy göstərməliyik. Ancaq biz müəyyən etməliyik ki, bu çıxış yoluna nə vasitə ilə nail ola bilərik. Son günlərdə, o cümlədən bu gün bu tribunadan xalqı birliyə, milli həmrəyliyə dəvət edən çağırışlar eşidilir. Təəssüf ki, bu çağırışlar artıq gecikibdir. Ancaq biz bu gün nəyin bahasına olursa olsun, milli birlik yaratmağa çalışmalıyıq. Bunun üçün isə tam aydın olmalıdır, bu milli birlik hansı platforma əsasında hasil ola bilər, hansı platforma əsasında biz buna nail ola bilərik. Bu birliyi təmin etmək üçün mənim fikrimcə bir neçə şərtlər təcili olaraq həyata keçirilməlidir. Bu təklifləri mən seçkiqabağı çıxışlarımda, Azərbaycan Respublikası Ali Sovetinin fevral və mart aylarında keçirilən sessiyalarında, bu ilin iyul ayının 19-da kommunist partiyasından çıxarkən verdiyim bəyanatda və nəhayət, bu ilin avqust ayının 24-də Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinə göndərdiyim məktubda ətraflı bildirmişəm. Təkrar etmək istəmirəm. Ancaq indi bir neçə təklifləri qeyd etmək istəyirəm.

Birincisi: Bakıda fövqəladə vəziyyət dərhal götürülməlidir. Bu gün Ayaz Mütəllibov dedi ki, fövqəladə vəziyyət nəyə lazımdır, götürülməlidir. Çox yaxşı. Ancaq bunu bir il yarım Bakıda saxlayan kimdir? Kimin qərarı ilə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasının 1990-cı il yanvar ayının 22-də qəbul olunmuş qərarı icra edilməyib. Aydınlaşdırmaq lazımdır ki, bu il yarımda fövqəladə vəziyyəti Bakıda saxlamaq üçün respublika nə qədər vəsait xərcləyib və respublikaya nə qədər zərər vurulub.

İkincisi: Azərbaycan Respublikasının rəhbərliyinin dövlət çevrilişi haqqındakı mövqeyi barədə cürbəcür söhbətlər gedir. Xarici və ittifaq informasiya orqanları bu barədə xəbərlər yayıblar. Bu məsələ aydınlaşdırılmalıdır. Kim xaricdə nə deyib, o bizim üçün maraqlı deyil. Ancaq məlumdur ki, avqust ayının 21-də Azərbaycan televiziyası ilə Ayaz Mütəllibovun xalqa müraciəti oxunubdur. Müraciət həm Azərbaycan dilində, həm də rus dilində oxunub. Müraciətdə fövqəladə vəziyyət komitəsinin fəaliyəti bəyənilib və fövqəladə vəziyyət üzrə dövlət komitəsinin fəaliyyəti ilə Azərbaycan Respublikasının bir neçə məsələsinin həll olunmasına ümid bəslənilib. O cümlədən Dağlıq Qarabağ məsələsinin və silahlanmış erməni bandit qruplarının tərksilah olunması məsələsinin həll olunması fövqəladə vəziyyət üzrə komitənin fəaliyyəti ilə bağlanıbdır. Bunu aydın demək lazımdır. Ola bilər belə səhvlər buraxılıb. Ancaq xalq həqiqəti bilməlidir. Bu gün belə deyib, o biri gün elə demək heç vaxt xalqda inam yarada bilməz.

Üçüncüsü: Xalqda birlik yaratmaq üçün Azərbaycan Kommunist Partiyası dərhal hakimiyyətdən getməlidir. Bu, Sovet İttifaqı Kommunist Partiyasının tərkib hissəsidir. Sovet İttifaqı Kommunist Partiyası dağılmışdır. Azərbaycan Kommunist Partiyasını hələ də saxlamaq və onun buraxılması məsələsini qurultayda həll etmək bu məsələni uzadıb, kommunist partiyasını yenə də hakimiyyətdə saxlamaq, onun imkanlarından istifadə etmək meylini göstərir. Bununla qəti razılaşmaq olmaz. Azərbaycan Kommunist Partiyasının bütün strukturları ləğv olumalıdır, əmlakı milliləşdirilməlidir. Azərbaycan Kommunist Partiyasının və mətbu orqanlarının işi dayandırılmalıdır və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin hərbi xunta ilə əməkdaşlıq edib-etməməsi aydınlaşdırılmalıdır. Bunun üçün parlament komissiya yaratmalıdır. Mənim fikrim budur...

Dördüncüsü: 20 Yanvar faciəsindən il yarımdan çox vaxt keçir. Bu gün bu salonda cürbəcür söhbətlər gedir. Bir qrup deputat bir fikirdədir, məndən qabaq çıxış edən Rəhimov başqa fikirdədir. Mən Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan prezidenti Ayaz Mütəllibova sual verirəm: nə üçün indiyə qədər bu hadisəyə siyasi qiymət verilməyib? Tamerlan Qarayevin verdiyi izahatla mən razılaşa bilmərəm. Çünki bu məsələnin həm siyasi tərəfi var, həm də hüquqi tərəfi var. Bu hadisəyə siyasi qiyməti dərhal vermək olardı. O ki qaldı hüquqi cəhəti, ayrı-ayrı adamların məsuliyyətə cəlb olunması, onu şübhəsiz ki, istintaq qrupu ilə aydınlaşdırmaq lazımdır. Buna siyasi qiymət vermək lazımdır. (Bu vaxt salonda səs-küy qopur. E. Qafarova siyasi qiymət verildiyini bildirir) Bəs verilibsə, kim bu hərbi təcavüzün günahkarıdır. Bu gün deyilir ki, Yazov, Kryuçkov. Bəli, belədir. Ancaq bura Bakatini, Qorbaçovu, Primakovu da əlavə etməliyik. Sonra?.. Bəs Azərbaycan rəhbərliyindən kimlər günahkardırlar? Bəli, bu şəxslər də məlumdur. Vəzirov, Qafarova, Mütəllibov və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin başqa büro üzvləri...

“Azərbaycanın Müstəqillik Bəyannaməsi” ilə bağlı Azərbaycan Ali Sovetinin 30 avqust 1991-ci il tarixli sessiyasında Heydər Əliyevin çıxışından

Çox mühüm məsələ həll olunur. Tarixi məsələdir. Bunu tələm-tələsik həll etmək olmaz. Bu, Azərbaycan xalqı qarşısında parlament tərəfindən öz üzərinə böyük məsuliyyət götürmək deməkdir və Tofiq Köçərlinin durub hər suala cavab verməsinə səlahiyyəti yoxdur.

Birincisi: Mən hesab edirəm ki, bu məsələ müzakirə olunmalıdır. Yenə də deyirəm, bunu belə tələm-tələsik keçirmək olmaz. Bu barədə iki-üç kəlmə demək istəyirəm. Çox qəribədir. Martın 7-dən 10-na qədər keçirilən Ali Sovetin sessiyasında bir çox deputatlar, o cümlədən mən də Azərbaycanın müstəqilliyini təklif edərkən bizim əleyhimizə cürbəcür hücumlar başlandı. Və A. Mütəllibovun o qədər də dərin mənalı olmayan, əsassız çıxışından sonra hamı hay-küylə səs verdi ki, Azərbaycanın müstəqilliyi ola bilməz və biz referenduma getməliyik, yeni ittifaq müqaviləsini imzalamalıyıq (salonda səs-küy qalxır).

Xahiş edirəm, Elmira xanım, şərait yaradın, sözümü deyim(səs-küy). Mən xahiş edirəm.

Tələm-tələsik referendum keçirildi. Azərbaycanın ittifaq müqaviləsinə getməsi haqqında qərar qəbul olundu. Belə olan halda, indi xalqın iradəsi olmadan bu cür qərarın, ya bəyanatın qəbul olunması qanunu pozmaq deməkdir. Mən bu bəyanatın qəbul olunmasının əleyhinə deyiləm. Ancaq bu bəyanatı indi qəbul edib, xalqa müraciət etmək lazımdır. Qısa müddətdə, 3-4 gün içərisində referendum keçirmək lazımdır və referendumun nəticəsinə görə sessiya yığışıb bu qərarı qəbul etməlidir. Bağışlayın, fikrimi deyirəm.

İkincisi: Mən mart ayında da demişdim. İkiüzlü siyasət aparmaq olmaz. Bu qərar bu gün konyuktur xarakter daşıyır. Başqa yerlərdə qərar qəbul olunur. Demək, biz də qərar qəbul etməliyik.

Biz artıq gecikmişik. Bu bəyanatın mətninə mütləq olunmlıdır ki, 1920-ci ilin aprelində Azərbaycan işğal olunub. Mən Azərbaycan Kommunist Partiyasına 14 ilə yaxın rəhbərlik etmişəm. 28 aprel inqilabını tərənnüm etmişəm və mən tam qətiyyətlə deyirəm, 28 apreldə Azərbaycan işğal olunub, Azərbaycan Demokratik Respublikası zorakılıqla ləğv olunub. Əgər biz bunu qeyd etməsək, yenə də xalqın qarşısında ikiüzlü olarıq. Mənim fikrim budur.

Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına

Teleqram

18 oktyabr 1991-ci il

Bakı

Naxçıvan Muxtar Respublikasının əhalisi Azərbaycan Respublikasının 18 oktyabr 1991-ci il tarixli sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstutusiya aktı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir və bunu böyük tarixi hadisə kimi qəbul edir. Naxçıvan Muxtar Respublikasının demokratik qüvvələri son ildə Azərbaycan Respublikasının milli azadlığı, müstəqilliyi uğrunda fəal mübarizə aparıb, bu yolda qurbanlar verib və 18 oktyabr 1991-ci il tarixdə qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktını bütün Azərbaycan demokratik qüvvələrinin böyük qələbəsi kimi qiymətləndirir. 17 mart 1991-ci il tarixdə Sovet Sosialist Respublikaları İttifaqının saxlanılması haqqında keçirilmiş referendumda Naxçıvan Muxtar Respublikasının əhalisinin iştirak etməməsi məhz muxtar respublika demokratik qüvvələrinin Azərbaycan milli azadlıq, istiqlaliyyət uğrunda apardığı mübarizə ilə əlaqədardır.

Biz bu gün xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikası ali hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıbdır. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq hərəkatı uğrunda mübarizəsini daha əzmlə davam etdirəcəklər.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri Heydər Əliyev

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasının növbəti iclası

Oktyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasının növbəti iclası oldu. İclasa Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri H. Ə.Əliyev sədrlik edidi.

…İclası açarkən H.Ə.Əliyev yoldaş qeyd etdi ki, gündəliyə verilmiş məsələlərdən başqa bir neçə məsələnin də gündəliyə salınması zəruridir. Bildiyiniz kimi sentyabr ayının 3-dən 7-dək keçirilən Muxtar Respublika Ali Məclisinin sessiyasında biz iqtisadi, ictimai-siyasi vəziyyəti müzakirə edərək xüsusən iqtisadiyyat haqqında təsbirlər barəsində Muxtar Respublika Nazirlər Kabinetinə tapşırıqlar verdik. O müddət çox gərgin olubdur. Məlum olduğu kimi, biz blokadaya alınmışıq. Dəmir yolu bağlanıb, böyük iqtisadi çətinliklər olubdur. Ali Məclis və Nazirlər Kabineti yaranmış vəziyyəti aradan qaldırmaq üçün bir sıra tədbirlər görmüş və həmin tədbirlər öz nəticəsini vermişdir.

…Uzun müddətdir ki, Naxçıvanda və ümumiyyətlə, Azərbaycanda söhbət gedir ki, muxtar respublikada iqtisadi zona yaradılsın, xarici ölkələrlə iqtisadi əlaqələr inkişaf etdirilsin. Naxçıvanın daxili sərvətlərindən, iqtisadi potensialından xarici əlaqələr vasitəsi ilə muxtar respublikanın iqtisadiyyatının inkişaf etdirilməsi üçün istifadə olunsun. Ümumiyyətlə, bir neçə belə təkliflər irəli sürülmüş, lakin onlar yerinə yetirilməmişdir. Ona görə də həm Ali Məclisin rəhbərliyi, həm də Nazirlər Kabineti belə bir fikrə gəlmişlər ki, bu məsələni daha mütəşəkkil həll etmək üçün bir neçə təşkilati tədbirlər həyata keçirilsin. Bu tədbirlər barədə sizə məlumat veriləcəkdir. Ona görə də təklif olunur ki, həmin məsələ gündəliyə daxil edilsin.

Üçüncü məsələ ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikası ərazisində bir sıra hərbi hissələr yerləşir. Son vaxtlar ölkədə gedən proseslər, hərbi hissələrlə yerli hakimiyyət orqanları arasındakı münasibətlərin tarazlaşdırılması tələb edir ki, bu məsələyə də ətraflı baxılsın. Sizə məlumdur ki, ölkənin bir çox regionlarında bu sahədə işlər aparılır. Bizim respublikada da müəyyən çətinliklər yaranmışdır. Hərbçilərlə əhali arasında bəzən münaqişələr, xoşagəlməz hallar olur. Son vaxtlar aşkar edimişdir ki, hərbçilər muxtar respublikanın ərazisindən Ermənistana yüklər, hərbi sursatlar aparırlar. Ona görə də təklif edirəm ki, Naxçıvan Muxtar Respublikası ərazisində olan hərbi hissələrin bugünkü statusunun dəqiqləşdirilməsi məsələsi gündəliyə salınsın.

26 oktyabr 1991-ci il

Türkiyə ilə Azərbaycan arasında açılan köprü üzərində

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin çıxışından

-Əziz həmvətənlər, əziz bacılır, əziz qardaşlar, əziz müsəlmanlar, əziz türklər, əziz türkiyəli qonaqlar! Bura toplaşanların hamısana mən böyük ehtiram hissilə müracət edirəm. Bu gün tarixi bir gündür. Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 68-ci ildönümüdür. Bu gün eyni zamanda türk dünyasının, İslam aləminin, Türkiyənin və Azərbaycanın tarixinə yeni bir səhifə yazılır. Uzun illər Arazın o tayında, bu tayında yaşayan can qardaşları, qan qardaşları bir millət həsrəti çəkdikləri, görüşlər həsrətində yaşadıqları duyğuların hamısının qovuşması üçün bu gün ilk addım atılır, ilk şərait yaranır. Nəhayət, burada, qədim Naxçıvan diyarında, türk yerində, müsəlman diyarında, Naxçıvanın bu gözəl guşəsində, Sədərək rayonu ərazisində Türkiyə ilə Azərbaycan arasında köprü açılır. Mən bu gün burada qocaman Arazın sahilinə, Naxçıvan diyarına və Türkiyənin bu gözəl mənzərəli guşəsinə, Ağrı dağının ətəyinə toplaşanların hamısını Türkiyə Cümhuriyyətinin yaranmasının 68-ci ildönümü münasibəti ilə və bütün türk xalqının bu bayramı münasibətilə təbrik edirəm.

…Naxçıvanda demokratik qüvələr artıq hakimiyyətə gəliblər. Ona görə də uzun sürən həsrətləri təmin etmək üçün biz birinci növbədə bu körpünün tikilməsini özümüz üçün böyük vəzifə hesab etmişik. Qısa müddətdə bu körpünün birinci mərhələsi, sizin gördüyünüz hissə artıq inşa olunub. Bu gün bu hadisə münasibətilə buraya toplaşanları, bütün Naxçıvan əhalisini 70 il həsrətində olduğu bu körpünün yaranması münasibətilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, höküməti adından təbrik edirəm. Mən bu gün bir daha sizə, bütün naxçıvanlılara, bütün Azərbaycan əhalisinə çatdırmaq istəyirəm ki, bu hadisə Azərbaycanın müstəqilliyi uğrunda Naxçıvan Muxtar Respublikasında gedən demokratik proseslərin gözəl nəticələrindən biridir. Biz bundan sonra da Azərbaycanın tam müstəqil, azad dövlət kimi fəaliyyət göstərməsi üçün əzmlə çalışacağıq. Biz bu günü, şən və xoşbəxt günü 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası və o respublikadan doğulmuş Azərbaycanın milli bayrağının bərqərar olması ilə əlaqələndiririk. Sizi əmin etmək istəyirəm ki, bundan sonra da 1918-ci ildən bizim ataların, babaların, Məmməd Əmin Rəsulzadənin qoyduğu yolla daha da sürətlə gedəcəyik. Ümidvarıq ki, Azərbaycan xalqı bu yolda daha xoşbəxt günlərə qovuşacaqdır.

Bizim Naxçıvan Muxtar Respublikasında görəcəyimiz işlər çoxdur. Burada yaranmış körpü ilk addımdır. Biz şübhə etmirik ki, bu körpünün davamı, daha nəhəng körpü, gözünüzün qarşısında olan körpü ən yaxın müddətdə tikilib qurtaracaq və buradan iki körpü keçəcəkdir. Sonra dəmiryol körpüsü keçəcək və beləliklə bizim Azərbaycan ilə Türkiyə arasında Arazın o tayında və bu tayında qalmış bir millətin daha da yaxınlaşması yolunda böyük işlər görüləcək, gələcəkdə türk dünyası, İslam aləmi bütün dünyaya özünün nəyə qadir olduğunu bir daha sübut edəcəkdir.

…Mən sizi bir daha təbrik edirəm. Arzu edirəm ki, bu körpülərin hamısı tikilib qurtarandan sonra, Türkiyə ilə əlaqə sıx bağlanandan sonra bu yollar daha da geniş açılsın. Bu tikanlı simlər götürülsün. İnsan azadlığı tamamilə bərqərar olsun. Bizim xalqımız istədiyi vaxt istədiyi yerə, o cümlədən Türkiyədən Azərbaycana, Azərbaycandan da Türkiyəyə azad gedib gələ bilsin. Çox sağ olun, minnətdaram sizə…

29 oktyabr 1991-ci il

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin iclasda

muxtar respublika Ali Məclisinin sədri Heydər Əliyevin çıxışından

Son aylar Naxçıvan Muxtar Respublikasının həyatı, eləcə də Azərbaycanın həyatı çox çətin və böhranlı olmuşdur. Son günlər isə vəziyyət daha da kəskinləşmişdir. İqtisadi böhranla yanaşı olaraq mayın 1-də Ermənistan tərəfdən muxtar respublika ərazisinə hərbi təcavüz edilmiş, bu təcavüz bir neçə gün davam etmiş, sonra aparılan danışıqlar nəticəsində onu aradan qaldırmaq mümkün olmuşdur. Lakin may ayının 18-də yenə də Ermənistan tərəfdən muxtar respublika hərbi təcavüzə məruz qalmışdır ki, bu da Ermənistanla Naxçıvan arasında ən ağır, ən qanlı konfliktdir. Bunun nəticəsində itkilər verilmiş, çoxlu yaralananlar olmuş, Sədərək kəndi dağıdılmışdır. Şərur rayonunun bir neçə kəndindən əhali köçürülmüşdür. Bir sözlə, Naxçıvan Muxtar Respublikasının həyatı xeyli gərginləşdirilmişdir. Bildiyiniz kimi, dəmiryolu işləmir. İndi bizim Azərbaycanla əlaqəmiz yalnız hava yolu vasitəsilədir. Buna görə də muxtar respublikaya yanacaq, ərzaq və başqa ləvazimatların gətirilməsi tamamilə məhdudlaşmışdır. Bütün bunlar isə son illər onsuz da dağılmış iqtisadiyyatın daha pis vəziyyətə düşməsinə səbəb olmuşdur...

Naxçıvanda yaranmış vəziyyəti bütün dünya ictimaiyyətinə çatdırırıq. Bunun özü bizim üçün çox böyük nailiyyətdir. Çünki son dörd il ərzində Dağlıq Qarabağda gedən müharibə ilə əlaqədar həmişə Azərbaycanı günahlandırmışlar. Mətbuat orqanları, dünya ictimaiyyəti, o cümlədən Rusiya ictimaiyyəti həmişə ermənilərin xeyrinə birtərəfli məlumatlar almışlar. Lakin bu dəfə bizim bütün diplomatik və siyasi fəaliyyətimiz dünya ictimaiyyətinə yaranmış vəziyyət barədə düzgün məlumat verilməsinə imkan yaratdı. Artıq Moskva televiziyası məlumat vermişdir ki, Ermənistan Azərbaycana hücum etmişdir...

Belə bir vaxtda bizi Naxçıvanın həm müdafiəsi, həm iqtisadiyyatın inkişafı, həm də əhalinin maddi vəziyyəti çox dərindən düşündürür. Lakin bildiyiniz kimi, daxili imkanlarımız çox məhduddur. Türkiyə bu günlər bizə yenə də hərtərəfli yardım göstərir. Bildiyiniz kimi, biz Sədərək vuruşmalarında yaralanmış 16 nəfəri müalicə olunmaq üçün Türkiyəyə göndərmişik. Əgər ehtiyac olsa, yenə də göndərə bilərik. Bundan əlavə Türkiyədən həkimlər də gəlib və hazırda bizim xəstəxanalarda yaralıları müalicə edirlər.

Dərman da göndərilib. Mən Baş nazir Süleyman Dəmirəllə telefonda danışarkən o bildirdi ki, Qızıl Ay Cəmiyyəti vasitəsilə Naxçıvana təcili yardım göndəriləcək.

Lakin yardımlar nə qədər olsa da, bizim təlabatımızı ödəmir...

Bütün bunları nəzərə alaraq biz belə bir fikrə gəlmişik ki, Naxçıvanın vahid inkişaf və müdafiə fondunun yaradılması təklifini sizin müzakirənizə verək. Bu fond mərkəzləşmiş şəkildə olsun. Onun bankda hesabı ayrılsın, bütün Naxçıvanın inkişafına, müdafiəsinə yardım etmək istəyənlər öz vəsaitlərini bu fondun hesabına keçirsinlər. Fondun təşkil olunması və ondan istifadə edilməsi üçün komissiya yaradılsın. Əgər bu sahədə başqa təkliflər də varsa, biz onları dinləməyə hazırıq...

28 may 1992-ci il

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin qərarı

Azərbaycan ilə Türkiyə arasında sərhəd keçidi yaratmaq məqsədilə Araz çayı üzərində Naxçıvan Muxtar Respublikasının ərazisində Sədərək-Dilucu bölgəsində Türkiyə Cümhuriyyəti avtomobil nəqliyyatı üçün körpü tikilmişdir.

1992-ci ilin may ayının 28-də bu körpünün rəsmi açılışına Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl başqa olmaqla, Türkiyədən Naxçıvana böyük dövlət nümayəndə heyəti gəlmişdir. Həmin gün Türkiyə Cümhuriyyətinin, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Rebspublikasının rəhbərliyinin, Araz çayının o tayında-bu tayında toplaşmış Naxçıvanın və Türkiyənin çoxminli əhalisinin iştirakı ilə Türkiyə ilə Azərbaycan arasındakı körpünün rəsmi açılışı olmuşdur. Beləliklə iki qardaş xalqın üzün illər həsrətində olduqları arzuları yerinə yetmiş, Sədərək-Dilucu “Həsrət körpüsü”, “Ümid körpüsü” yaranmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyəti Sədərək –Dilucu körpüsünün yaranmasını böyük əhəmiyyətə malik olan bir hadisə kimi qiymətləndirir və qeyd edir ki, bu körpü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında iqtisadi, mədəni, insani əlaqələrin genişlənməsinə və inkişaf etməsinə, Araz çayının o tayında və bu tayında olan qardaş xalqların bir-birinə yaxınlaşmasına xidmət edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyəti qeyd edir ki, Sədərək-Dilucu körpüsü Türkiyə Cümhuriyyəti ilə Naxçıvan Muxtar Respublikası arasında 24 mart 1992-ci ildə Ankarada imzalanmış əməkdaşlıq protokolunun həyata keçirilməsi, Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasına protokolda nəzərdə tutulmuş maddi-texniki və mədəni yardımın təmin olunması üçün geniş imkan açır.

Yuxarıda qeyd olunanları əsas tutaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyəti qərara alır:

1. İstifadəyə verilmiş Sədərək-Dilucu körpüsü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında rəsmi sərhəd-keçid qapısı elan edilsin.

2. Sədərək-Dilucu rəsmi sərhəd keçid qapısının işinin təşkil edilməsi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın.

Naxçıvan Muxtar Respublikası

Ali Məcliinin Sədri Heydər Əliyev

9 iyul 1992-ci il

Yuxarıda qeyd olunanlar ulu öndərimizin Naxçıvanda həyata keçirdiyi böyük işlərin az bir hissəsidir. Çox təbii ki, bu böyük fəaliyyəti bir qəzet yazısına sığdırmaq da mümkün deyil. Seçdiyimiz bu hissələr Azərbaycanın müstəqilliyi, bu yolda aparılan mübarizə, ölkəmizin çətin vəziyyətdə olan bölgəsinin- Naxçıvanın ağır blokadası şəraitində həyata keçirilən işlərlə bağlı olduğu üçün onları xatırlamağı özümüzə borc bildik. Borc bildik ki, gənc nəsil də oxusun və öyrənsin. Bununla əlaqədar Prezident cənab İlham Əliyevin də dəyərli fikirlərini xatırlamaq yerinə düşər: “Naxçıvan strateji yerdə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Naxçıvanın uğurlu inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər sovet dövründə də daim Naxçıvana böyük diqqət göstərmişdir və o vaxt respublikanın inkişafı üçün çox böyük işlər görülmüşdür. 1990-cı illərin əvvəllərində – Naxçıvan üçün ən ağır illərdə ulu öndər naxçıvanlılarla birlikdə burada çox ağır şəraitdə Naxçıvanı böyük bəlalardan qurtara bilmişdir. Biz hamımız o illəri yaxşı xatırlayırıq, bilirik ki, bizim mənfur düşmənlərimizin niyyəti, eyni zamanda, Naxçıvanı da işğal etməkdən ibarət idi. Naxçıvana qarşı onlar silahlı hücumlar təşkil edirdilər. Ancaq naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verib onları yerinə oturtmuşlar”.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə