"Rusiyanın qüdrətindən əsər-əlamət yoxdur" - ŞƏRH EDİLDİ

"Rusiyanın qüdrətindən əsər-əlamət yoxdur" - ŞƏRH EDİLDİ

"Rusiyanın əsassız və səbəbsiz yerə Ukraynaya hərbi təcavüzündən artıq bir ilə yaxın vaxt keçir. Yəni, fevral ayının 24-də başlamış hərbi təcavüz bu gün də davam edir. Düzdür, təcavüz planları Rusiyanın nəzərdə tutduğu kimi işləmədi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, əvvəlki günlərdə çox sürətlə irəliləsələr də hətta Kiyevə doğru hərəkət edib, Kiyevin yaxınlarına qədər gəlsələr də sonrakı mərhələdə Ukrayna ordusunun, xalqının və prezidentinin əzminin qarşısında geri çəkilməyə məcbur oldular: "Növbəti mərhələdə isə Rusiya faktiki olaraq Ukraynada bataqlığa batmış durumda qaldı. Təbiidir ki, bu bataqlığa batma durumu davamlı şəkildə uzunmüddətli bir duruma çevrilib. Hazırda Rusiya o bataqlıqdan çıxmaq üçün yollar axtarsa da, tapa bilmir".

Azər Həsrət sözlərinə belə davam edib: "Əslinə qalanda, Rusiya hakimiyyəti başda prezident Vladimir Putin olmaqla hazırda başa düşür ki, çox böyük bir yanlışa yol veriblər və indi o yanlışdan geri dönmək üçün bəhanələr axtarırlar. Lakin üzü sulu və abırları üstündə hörmətlə vəziyyətdən çıxmaq üçün heç bir yol tapa bilmirlər. Ona görə də Ukrayna cəbhəsində baş verənlər hazırda ümumi götürəndə bütün mütərəqqi bəşəriyyətin bir tərəfdə olması, digər tərəfdə də daim təcavüzkarlığı ilə seçilən rus imperiyasının olması ilə seçilir. Yəni, rus imperiyası Ukraynada nə irəli gedə, nə də ciddi şəkildə müharibədən imtina edə bilir. Belə bir durumdur.

Ukrayna xalqı, dövləti və prezidenti isə əzmkarlıqla bu müharibəni davam etdirir. Hər gün biz yeni-yeni ərazilərin rusların işğalından azad edilməsi xəbərlərini eşidirik, yaxud da ki böyük şəhərlərin ətrafında gedən döyüş əməliyyatları haqqında eşidirik. Birmənalı şəkildə bu da ondan xəbər verir ki, Ukrayna Rusiyanın qarşısında geri çəkilməyib, çəkilmək kimi planları da yoxdur.

Ümumi gedişat onu göstərir ki, yaxın vaxtlarda Ukrayna artıq Krıma doğru hərəkət etməyə başlayacaq. Yəni, Krım ətrafındakı əraziləri azad edərək Krım yarımadasının özünü də Rusiyanın 2014-cü ildə başlayan işğalından azad edəcək. Yəni, ümumilikdə vəziyyət bundan ibarətdir. Rusiyanın burnu ovulub, Rusiyanın əfsanələrə dönmüş nəhəng qüdrətindən əsər-əlamət yoxdur. Bəlli olur ki, Rusiya sadəcə olaraq nəhəng bir varlıqdır, lakin gücsüzdür. O gücsüzlük özünü Ukrayna bataqlığında göstərdi".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə