Makron Fransasının daşıyacağı ağır və çıxılmaz məsuliyyət AzTV-yə təklif var!

Separatçı və hərbi cinayətkar Araik Arutyunyanın Fransada bəh-bəhlə qarşılanması hansı nəticələrə gətirib-çıxara bilər?

Qarabağda qalan separatçı tör-töküntülərinin özlərini siyasi məhvə doğru aparmaq cəhdləri davam edir. Bu dəfə qondarma “dqr”in saxta “prezidenti” Araik Arutyunyanın Fransadakı sərgüzəştləri diqqət çəkib. Daha dəqiq desək, Fransanın açıq-aşkar ermənipərəstlik mövqeyi növbəti dəfə Araikin simaSIZlığılnda özünü sübuta yetirib.

Bəri başdan qeyd edək ki, artıq Fransa və bu ölkənin Makron iqtidarı vasitəçilik missiyasından rədd edilməsi ilə yanaşı, Fransanın Qafqazda sülhün əldə olunması istiqamətində atılan addımlara maneələr törətmək cəhdləri daha da artmağa başlayıb. Məhz Arutyunyanın Fransaya etdiyi səfəri zamanı baş verənlər də bu cür nəticə hasil etməyə zəmin yaratmaqdadır.

Misal üçün, bu gün Fransa hakimiyyəti Azərbaycan qarşısında bu suallara cavab verməlidir:

Separatçı-cinayətkar rejimin başçısı Arutyunyanın Fransa hökumətinin sahibi olduğu “France-24” telekanalına dəvət olunması və orada Azərbaycanın xəritəsinin qəsdən təhrifə məruz qoyulması, dünyanın tanımadığı “dqr” adlı saxta “dövləti” ayrıca “respublika” kimi göstərməsi Azərbaycana qarşı yalnız qərəz deyil, həm də düşmənçilik mövqeyinin nümayişi kimi qəbul edilməlidirmi? Edilməlidirsə, Fransa bunu açıq desin və siçan-pişik oyunu oynamaqdan əl çəksin!

Yaxud, Araik Arutyunyanın adıçəkilən telekanaldakı sərsəm çıxışlarını həm də Fransanın aparıcı 20 KİV-lərinin iştirakı ilə mətbuat konfransı kimi təqdim olunmasına hansı adı verək?

Üstəlik, Parisin meri Ann İdalqonun Araik Arutyunyanla görüşünü özünün tvitter səhifəsində və sözün əsl mənasında, bəh-bəhlə təqdim etməsini, digər ermənipərəst fransız siyasətçisi məlum və məşum Valeri Pekresslə dodaq-dodağa öpüşməsini necə adlandıraq? Aşırı və izafi ermənipərəstlik, başqa heç nə!

Ölkəsini ciddi siyasi-diplomatik uçuruma doğru sürükləyən Makronun yaxası onun siyasətinə qarşı çıxan ədalətli fransızların əlində qalacaq

Olan budur ki, Fransa özünün “mövqeyini” açıqlayıb və bundan sonra uğraya biləcəyi siyasi uğursuzluqlarına görə də əlbəttə ki, özü məsuliyyət daşıyacaq. Təbii ki, ölkəsini ciddi siyasi-diplomatik uçuruma doğru sürükləyən Makronun da yaxası onun siyasətinə qarşı çıxan ədalətli fransızların əlində qalacaq. Zaman hər şeyi yerli-yerində müəyyənləşdirir...

Əslində, bu xüsusda son vaxtlar dövlət siyasətimizi kifayət qədər uğurla təbliğ edən AzTV-nin ictimai-siyasi proqramları redaksiyasındakı həmkarlarımıza ediləcək kiçik bir təklifimiz də var...

Fransadan müstəqillik tələb edən Yeni Kaledoniyanın və Korsikanın aparıcı siyasi liderləri AzTV-yə dəvət edilə bilərlərmi?

Misal üçün, nəyə görə də Fransa hökumətinə bağlı “France-24” telekanalı separatçı və hərbi cinayətkar Araik Arutyunyan üçün ölkənin 20 aparıcı KİV nümayəndələrinin iştirakı ilə Azərbaycanın ərazi bütövlüyünə qarşı ayrıca veriliş düzənləməsinə qarşı adekvat cavab verilməsin? Çünki belə addım yalnız Ermənistana, yaxud erməni işğalına və separatçılığına dəstək deyil, həm də bütövlükdə və ən əsası, dövlət səviyyəsində (!!!) anti-Azərbaycan təxribatıdır!

Təklif isə belədir – AzTV Fransadan müstəqillik tələb edən Yeni Kaledoniyanın və Korsikanın aparıcı siyasi liderlərini rəsmi qaydada proqramlara dəvət etməklə, yaxud onlarla canlı bağlantılar qurmaqla tələblərini ictimailəşdirə, fikirlərini dinləyə bilər.

Fransa hakimiyyətinin korsikalıların və yeni kaledoniyalıların azadlıq hüquqlarına qarşı tətbiq etdiyi diktatorluq siyasəti ilə bağlı kadrlar ictimailəşdirirlər. Hətta Nuema şəhəri ilə Şəki şəhərini qardaşlaşması məsələsini də qabartmaq olar. Axı niyə də olmasın? Məgər anti-Azərbaycan fəaliyyəti ilə əməli fəaliyyətə keçən rəsmi Parisin gözü-qaşı bizimkindən qaradırmı?

Rövşən RƏSULOV

P.S. Hər halda, faktlar ortadadır və bu faktlar artdıqca fransız-erməni siyasətinin həm də mazoxizm siyasəti olması dəlili geniş mənzərədə təsəvvürlərdə görünməyə başlayır. Erməni işğalçılığı və separatçılığı bütövlükdə Ermənistanı və erməni xalqını məhvə doğru sürükləyir və həmin birgə mazoxizm siyasətinin əsas ruhvericisi isə Fransadır və gələcəkdə baş verənlərə görə də ən çox məsuliyyət daşıyan ölkələrdən biri də Makron Fransası olacaq!

Bütün xəbərlər Facebook səhifəmizdə