Sərt ritorika siyasəti: hücum diplomatiyasının uğur tandemi! QALİBİYYƏT STRATEGİYASI

Yaxın-uzaq erməni havadarlarına və türkofoblara ən mükəmməl cavab - Qafqazda və dünyada Türk Əsrinin başlanğıc nöqtəsi qoyulub!

Hələ 44 günlük müharibədən bir neçə il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif platformalardakı çıxışları zamanı digər ölkələrlə həyata keçirilən balanslı siyasət mexanizmini saxlamaqla paralel olaraq hücum diplomatiyasına keçid tezislərini irəli sürürdü və təkcə bu faktor artıq belə qənaətə gəlməyə zəmin yaradırdı ki, Azərbaycan torpaqlarının işğalı, habelə ərazilərində ikinci erməni dövlətinin qurulması siyasəti ilə barışmayacaq – gec, ya da tez işğalçı Ermənistanın, eləcə də bu ölkəyə havadarlıq edən digər ölkələrin cavabları həm döyüş, həm də diplomatiya meydanında veriləcək. Belə də oldu...

İlk qığılcımdan başlayaraq...

İlk qığılcım 2016-cı ilin aprelində dördgünlük müharibədə saçdı və Lələtəpə Zəfəri ilə sübut olundu ki, İlham Əliyev sözlərini havaya demir, əksinə əməli ilə sübuta yetirir. Bunun ardınca isə Günnüt Zəfərinə imza atıldı, Azərbaycan isbatladı ki, onun ərazi bütövlüyünə tərəf xor baxan gözlər kor ediləcək və edildi də. Və nəhayət, 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixləri arasındakı 44 günlük Vətən müharibəsi Şuşa Zəfəri ilə nidasını qoymuş oldu.

Məhz bu Zəfərdən sonra regionumuzda yaranan, eləcə də artan yeni reallıqlar bir sıra xarici siyasi dairələrin təlaşlarına, narahatlıqlarına səbəb olmağa başladı. Həmin dairələrin isə açıq-aşkar erməni havadarlarının olması da artıq kimsəyə sirr deyildi. Təlaşın, narahatlıqların, hətta zaman-zaman irəli sürülən təhdid dolu mesajların cavab möhürünü isə məhz Azərbaycanın qardaş Türkiyə ilə işğaldan azad edilmiş Şuşada imzaladığı tarixi Şuşa Bəyannaməsi vurdu və bununla ölkəmizin Cənubi Qafqazdakı daha yeni – möhkəm sülhə, qüdrətli dövlətə çevrilməsi strategiyası müəyyənləşdi.

Ölkəmiz əleyhinə hərəkətə keçən bütün dairələr elə sanırdılar ki, dövlət başçımızın bu bəyanatları elə-belə, sadəcə bəyanat xətrinə deyilən ifadələrdir, amma...

Təbii ki, 44 günlük müharibədən sonra regionda yeni güc mərkəzinin - Azərbaycanın daha effektli fəaliyyəti müəyyən edildikdən sonra qarşıda keçiləsi bir sıra mühüm yollar dayanırdı – Zəngəzur dəhlizinin açılmasından Qarabağda qalan separatçı tör-töküntülərin çıxarılmasına, eləcə də bu yöndə ölkəmizə qarşı münaeələr, sədlər və baryerlər qoymağa çalışan ayrı-ayrı dövlətlərin iddialarına qədər hər bir məqam diqqətlərdən yayınmırdı. Məsələn, Fransa Senatının hər iki palatasının əlbəttə ki, ermənipərəst Makronun təlimatları ilə hərəkətə keçməsi və məşum qətnamə çıxarması, qonşu İranın erməniçilik havadarlığı, Rusiyanın məlum və qeyri-müəyyənlik altındakı var-gəlləri və s. Məhz bu qeyri-sabitliyin yaradılması cəhdləri fonunda daha hansı hadisələrə əl atılmadı? Gah İranın yük traylerləri Ermənistandan Xankəndiyə müəmmalı yüklər daşıyır, gah Qərbin emissarları Ermənistan üzərindən Xankəndiyə qanunsuz səfərlər edir, gah Ermənistandan Qarabağa hərbi məqsədli yüklər danışır və s.

Yaşananlar sırasında Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə (!!!) bənzər oyunbazlıqlara son qoyulması ilə bağlı bəyanatlarını səsləndirdi, xəbərdarlıqları irəli sürdü. Ölkəmiz əleyhinə hərəkətə keçən bütün dairələr elə sanırdılar ki, dövlət başçımızın bu bəyanatları elə-belə, sadəcə bəyanat xətrinə deyilən ifadələrdir, amma bu dəfə də kökündən yanıldılar! Cari ilin avqustunda Azərbaycan əsgəri Laçın şəhərinə daxil oldu, keçmiş dəhliz nəzarətə götürüldü və qarşı tərəfə yeni Laçın yolundan istifadə etmək imkanı yaradıldı.

Təəssüf ki, onda da ermənilər və onların havadarları, elə Krem dairələrinin nəzarəti altındakı RSK da daxil müxtəlif xarakterli pozuntulara yol verdilər. Bu da azmış kimi, Vardanyan adlı pozucu emissarı da Qarabağa göndərməklə hansısa planlarını icra edəcəklərini sandılar.

Bu hələ Azərbaycanın mülki nazirliyi idi...

Nəticədə 2022-ci ilin noyabrın 3-də sadəcə 3-4 saatlığına dəhliz bağlandı və Xankəndidən Ermənistana getmək istəyən erməni maşınları kilometrlərlə bir-birinin arxasınca düzlənməyə, gözləməyə məcbur oldular. Çünki bu torpaqların əsl sahibləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin timsalında ekoloji problemlərin mövcud olduğunu əsas gətirməklə RSK komandanlığına haqlı iradlarını çatdırdı, dinləməyə və dərhal tədbir görməyə məcbur etdi.

Yeri gəlmişkən, bu hələ Azərbaycanın mülki nazirliyi idi və bununla ona da eyham vuruldu ki, əgər həmin əraziyə Azərbaycanın güc strukturları daxil olsaydı, təcili antiterror əməliyyatları keçirilsəydi vəziyyət tamamilə ayrı cür ola bilərdi!

Və fakt budur ki, artıq buz yerindən tərpənib və separatçılar boş-boş bəyanatlar verib vaxtı uzatmaqdansa şələ-şülələrini toplayıb torpaqlarımızdan hansı üsullarla rədd olacaqları barədə düşünməlidirlər. Çünki sonradan çox gec olacaq...

Azərbaycan-Türkiyə hərbi təlimləri: əslində bizə öz təbirincə “barmaq silkələyən” tərəfə BARMAQ SİLKƏLƏNMƏSİNİN necə olması gərəkliyi nümayiş olundu!

Nəhayət, 5 dekabr 2022-ci ildən başlayaraq iki qardaş və müttəfiq ölkə - Azərbaycan və Türkiyə Cəbrayılda, İmişlidə və Astara istiqamətində - son vaxtlar bizimlə təhdid dilində danışmağa cəhdlər göstərən İranla sərhədlərdə yüksək hazırlıqlı hərbi təlimlərə start verdilər və bu təlimlər hələ bir müddət əvvəl Araz çayı üzərində panton salan Tehran rejiminə verilən ən mükəmməl cavab oldu. Bu dəfə Azərbaycanın pantonları suya salındı və əslində bizə öz təbirincə “barmaq silkələyən” tərəfə - başıəmmaməli saxta mollalara real BARMAQ SİLKƏLƏNMƏSİNİN necə olması gərəkliyi nümayiş olundu.

Rövşən RƏSULOV

P.S. Bu gün bəzi Avropadakı dairələr də artıq gözlərinə od almağa başlayıblar ki, Azərbaycanın sərt ritorikası həm də əməli şəkildə icra olunur. Bu isə illər əvvəl Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, Azərbaycan Prezidenti İlham Əliyevin hücum diplomatiyası siyasəti, strategiyası ilə hərəkətə keçməyin məntiqi nəticələridir. Artıq erməni havadarları, yaxud türkofobiya qalıntıları anlamağa məhkumdurlar ki, Qafqazda və dünyada Türk Əsrinin başlanğıc nöqtəsi qoyulub və bu reallığın müqəddəratını heç bir qüvvə poza bilmək iqtidarında deyil!

Bütün xəbərlər Facebook səhifəmizdə