Məlum olduğu kimi, noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib.Tədbirdə ölkə prezidenti, partiyamızın sədri cənab İlham Əliyev çıxış etmişdir. Partiyamızın sədri çıxışı zamanı ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən vacib məqamlara toxunmuş, eləcə də, partiyamızın 30 il ərzində keçdiyi gərgin, mürəkkəb və eyni zamanda, şərəfli yoldan bəhs etmişdir. Ölkəmizin yeni tarixində mühüm siyasi əhəmiyyətli hadisələrdən olan Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur və partiyanın yaranması respublikamızın müasir tarixinin ən əlamətdar hadisələrindəndir. 1990-cı illərin əvvəllərində Azərbaycan ciddi təhlükə və təhdidlərlə üz-üzə qalmışdır. AXCP-Müsavat cütlüyünün səriştəsizliyi, iqtisadi tənəzzül, ictimai-siyasi sabitliyin pozulması, digər tərəfdən torpaqlarımızın Ermənistan tərəfindən ard-arda işğalı ölkəni sürətlə uçuruma aparırdı. Ölkə artıq vətəndaş müharibəsi və qardaş qırğını ərəfəsində idi. Bütün bu təhdidlərin və faciələrin qarşısını Ulu Öndər Heydər Əliyev öz həyatını təhlükəyə ataraq aldı. Ötən əsrin sonlarında ölkəmizin ictimai-siyasi həyatında baş verən bütün bu proseslərə toxunan dövlətimizin başçısı Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şərait dövrü haqqında geniş şəkildə bəhs etdi.Ölkənin belə bir ağır dövrdə olduğu zamanda bir qrup ziyalı və ictimai xadimlərin, vətənpərvər insanların, başlıca olaraq ölkənin gələcəyini düşünən insanların ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görməsi və məhz buna görə də, Ulu Öndərə müraciətin ünvanlanması bu tarixi təşəbbüsün reallaşması ilə nəticələndi. Qısa müddətdə Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə Yeni Azərbaycan Partiyasının formalaşması istiqamətində ciddi addımlar atıldı. Həmin dövrdən başlayaraq YAP sürətli inkişaf mərhələsinə daxil oldu, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadı. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu.Ümümmilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın istək , arzu və təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdışı ilə ölkəmizin tarixində yeni səhifənin başlanğıcı qoyuldu. Heç kimə sirr deyil ki, əgər Ulu Öndər o zaman hakimiyyətə gəlməsə idi və baş vermiş təxribatların qarşısı qətiyyətlə alınmasa idi, bugünkü Azərbaycanın mövcudluğu şübhə altında olardı. Çünki ermənilərin əsas məqsədi və hədəfi bütövlükdə Azərbaycanı işğal etmək idi. Onun hakimiyyətə gəlməsi və həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Ermənistanın bu məkirli və çirkin planının qarşısı alındı. Ulu Öndər uzaqgörən və müdrik addımlar ataraq Ermənistanla atəşkəs sazişinin imzalanmasına nail oldu. Bu, eyni zamanda, ölkənin güc və qüdrətinin toparlanması və eləcə də, ordu quruculuğu prosesinin gücləndirilməsi, inkişafa nail olmaq üçün yeni imkanlar yaratdı. Həmin dövrdən başlayaraq Azərbaycan mərhələli şəkildə düşdüyü ağır durumdan çıxmağa başladı. İqtisadi inkişaf, ictimai-siyasi sabitlik təmin olundu, Azərbaycan Ordusu tezliklə dünyanın güclü orduları siyahısına daxil oldu. Bu gün bütün Azərbaycan xalqı ordumuzla fəxr edir. Qəhraman ordumuzun şücaəti və fədakarlığı sayəsində Azərbaycan 44 günlük müharibədə torpaqlarımızı Ermənistanın işğalından azad edərək şanlı qələbəsini təmin etdi. Azərbaycan xalqı məğlub xalqdan qalib xalqa çevrildi.Sonrakı dövrdə prezident İlham Əliyev bu siyasəti böyük uzaqgörənlik və müdrikliklə davam etdirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu proseslər uğurla sona çatdırıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı ordumuzun rəşadəti Ulu Öndərin ən böyük arzusu olan Qarabağın azad olunması ilə nəticələndi. 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovan qəhrəman övladlarımız tarixi ədalətin bərqərar olunması ilə yanaşı xalqımızın qürurunu bərpa etdilər. Bu gün Yeni Azərbaycan Partiyası öz fəaliyyətində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prinsip və idealara sadiqlik nümayiş etdirərək Azərbaycanın ictimai və siyasi həyatında fəal rol oynayır. Vətən müharibəsində qələbədə Yeni Azərbaycan Partiyasının xüsusi payı var. Partiya mənsubları bütün platformalarda Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliyinin ifşası istiqamətində böyük fəallıq nümayiş etdirir, informasiya müharibəsinin ön cərgəsində liderliklərini qoruyurlar. Uğurlu fəaliyyət, faydalı əməkdaşlıq partiyanın Qafqazın ən böyük, ən mütəşəkkil siyasi təşkilata çevrilməsinə səbəb olub. Qarşıda isə çox ciddi hədəf və məqsədlər bizi gözləyir.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB