İran və Fransa faktoru İsrail ekspertinin gözündə AKTUAL+ŞƏRH

İran və Fransa faktoru İsrail ekspertinin gözündə AKTUAL+ŞƏRH

Lev Spivak: “Bu gün, necə deyərlər, bütün kartlar masadadır”

Kimsəyə sirr deyil ki, Ermənistanın sülh prosesini uzatması cəhdləri və müxtəlif üsullara, vasitələrlə, daha dəqiq desək, havadarlarının yardımları ilə Azərbaycana təzyiq göstərmək səyləri bu gün də mövcuddur. Məğlub ölkə olmasına baxmayaraq, rəsmi İrəvan əlində olan bütün imkanlarından maksimum yararlanmağa çalışır ki, bu da ümumilikdə sülhün əldə olunması yönündə aparılan işlərə ciddi maneələr yaradır. Məhz bu baxımdan, Ermənistana sözügedən mövzuda, eləcə də regiondakı maraqlarını təmin etmək kontekstində havadarlıq edən ölkələrin İran və Fransa olması göz önündədir. Fakt budur ki, həm Tehran, həm də Paris İrəvana açıq dəstəklərini ifadə edirlər və bu reallığın özü əslində Ermənistan üçün heç də yaxşı nəticələnməyəcək digər proseslərə təkan verir. Belə ki, rəsmi Bakı Prezident İlham Əliyevin bəyanatı əsasında öz sözünü deyib və ilin sonuna qədər sülh sazişinin imzalanması şərti qoyulub. Bu baş verməzsə bütün məsuliyyətlər bilavasitə Ermənistanın, habelə ona havadarlıq edən ölkələrin üzərinə düşəcək.

“İranlı biznesmenlər bütün bu illər ərzində regionu talan edirdilər”

Mövzu ilə bağlı İsraildən olan İsrail-Azərbaycan (Azİz) Beynəlxalq assosiasiyasının prezidenti, beynəlxalq ekspert Lev Spivak politoloq Rasim Babayevin YouTube kanalı vasitəsi ilə apardığı rusdilli “Sovremennıy razqovor” verlişində bir sıra maraqdoğurucu nüasnlara toxunub. İsrailli ekspert qeyd edib ki, İran nəinki indi, Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi 30 il ərzində Ermənistanı dəstəkləyib. SİTAT: “Lakin bu barədə açıq danışılmırdı. Nə İran, nə də Azərbaycan bu haqda heç nə demirdi. Heç kim... Halbuki hər kəs çox gözəl bilirdi. Bu gün isə, necə deyərlər, bütün kartlar masadadır”.

Spivakın sözlərinə görə, İran bu gün açıq şəkildə Ermənistana dəstək göstərir və bunun müqabilində anti-Azərbaycan siyasəti yürüdür. SİTAT: “Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Qarabağı və ətraf rayonları işğaldan azad etdi və biz sonradan həmin torpaqlardakı dəhşətli vəziyyəti, dağıntıları, viranəlikləri gördük və bütün bunlar məhz İranın sayəsində olub. İranlı biznesmenlər bütün bu illər ərzində regionu talan edirdilər. Son vaxtlar isə İran Azərbaycanla yuxarıdan-aşağıya baxaraq danışmağa cəhd edir. Özünü açıq şəkildə Azərbaycana dost olmayan ölkə kimi göstərir”.

“Qətnamə fransız silahının Ermənistana satışı istiqamətindəki qapısını açır”

Azİz prezidenti Fransanın da Azərbaycana münasibətinə toxunub. Onun sözlərinə görə, Fransa uzun illər ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində heç də buna cəhd edən arbitr kimi görünməyib. O, bildirib ki, 30 il boyunca Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq bu qurumun fəaliyyətinə əngəllər yaradırdı. Belə ki, bu qrup heç nə etməyib və Fransanın anti-Azərbaycan xarakterli qətnamələr və qərarları da yeni xəbər deyil. Bu baxımdan, Spivak onu da bildirib ki, Fransa senatının qəbul etdiyi anti-Azərbaycan xarakterli qətnamə Parisin erməni esktremistlərini daha açıq şəkildə silahlandırmasına imkanlar yaradır. SİTAT: “Qətnamə fransız silahının Ermənistana satışı istiqamətindəki qapısını açır. Bilmirəm, satacaq, ya da təchiz edəcək və ya daha hansı şəkildə olacaq. Və ümumilikdə, belə şeylər normal dünyada münaqişələrdə kimin tərəfində olmaq anlamını daşıyır. Ermənistana silah vermək artıq açıq siyasi dəstəkdir”.

“Azərbaycan xoşməramlı səfir mandatından imtina etməsi ilə birinci ledi Mehriban xanımın simasında çox gözəl addım atdı”

Onun sözlərinə görə, fransız silahını nəinki Ermənistan, eləcə də hələ Azərbaycan ərazilərini tərk etməyən qanunsuz silahlı erməni formalaşmalarına da verilə bilər. SİTAT: “İndi onlar Qarabağda ola-ola fransız silahını əldə edə bilərlər və bu çox təhlükəlidir. Hətta bunu təhriketmə kimi də hesab etmək olar. Və mən düşünürəm ki, Azərbaycan xoşməramlı səfir mandatından imtina etməsi ilə birinci ledi Mehriban xanımın simasında çox gözəl addım atdı və həmin addım gerçək səbəblər göstərilmədən, sadəcə ölkədaxili işlərinin çox olması ilə əlaqələndirildi. Ancaq eyham da vuruldu və kimlərsə eşidə bilirdisə, eşitdilər. Bu, Azərbaycanın real cavabı idi, hansı ki, Azərbaycan son illər ərzində YUNESCO-nun Avropa layihələrinə bir çox yatırımlar edib”.

Azİz Beynəlxalq assosiasiyasının prezidenti Lev Spivak Azərbaycanın Milli Məclisinin İsraildə səfirlik açması ilə bağlı qanun layihəsi qəbul etməsini də alqışlayıb. SİTAT: “Azərbaycanla İsrail arasındakı münasibətlər bütün mənalarda möhtəşəmdir. Hərdən elə gəlir ki, bundan artıq inkişaf ola bilməz. Ancaq sən demə, əməkdaşlıq sahələrində daha yeni layihələr yaranır”, deyə israilli ekspert bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə