Qalib Azərbaycanın iqtisadi gücü

Prezident İlham Əliyev: "Dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq"

Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm siyasi iradəsi və xalq-dövlət birliyi ölkəmizi dünyanın inkşaf etmiş ölkələri sırasında nüfuzu, çəkisi olan dövlətə çevirib. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimizin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir, onun əbədiliyi təmin edilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən ötən 19 il ərizində görülən işlər bunu deməyə əsas verir. "On il ərzində, Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda, həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır", - deyə Azərbaycan Prezidenti İlham Əliyev 19 il əvvəl Prezident seçildikdən sonra bildirmişdir. 2003-cü ildən bu günə qədər Azərbaycan sürətli inkişaf dövrünü yaşayır və Ümummilli Lider Heydər Əliyev siyasəti davam etdirilir. Dövlət başçısı İlham Əliyev bütün bu illər ərzində, Ulu Öndər Heydər Əliyevin demokratik-hüquqi və dünyəvi dövlət quruculuğuna yönəldilmiş müstəqillik siyasətini qətiyyətlə həyata keçirib.

Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev çıxışında bildirdiyi kimi, "Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir".

"İLİN SONUNA QƏDƏR GÖZLƏNİLƏN PROQNOZ ONU DEYİR Kİ, İQTİSADİYYATIMIZ 130 MİLYARD MANATA ÇATACAQ"

Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib.

Prezident İlham Əliyevin dərindən düşünülmüş daxili islahatları və ölçülüb-biçilmiş siyasəti sayəsində hazırda Azərbaycan dinamik inkişaf edən ölkədir. "Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir" – deyə Prezident bildirib.

Azərbaycan dövləti iqtisadi gücünü, qüdrətini daha da artırmaqla yeni hədəfləri gerçəkləşdirmək əzmindədir. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaratmışdır. Dövlət başçısı Azərbaycanın uğurlu iqtisadi-maliyyə siyasətimiz nəticəsində xarici dövlət borcumunun əhəmiyyətli dərəcədə aşağı sala bildiyini və bunun da həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil etdiyini bildirib:"Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Bir neçə il bundan əvvəl mənim göstərişimlə aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Əgər valyuta ehtiyatlarımızı götürsək, bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur. Yəni, ancaq nadir ölkələr bu göstəricilərlə fəxr edə bilər."

"BÜTÜN MƏQSƏDLƏRƏ ÇATMAQ ÜÇÜN BİZƏ MÜTLƏQ GÜCLÜ İQTİSADİYYAT BUNDAN SONRA DA LAZIM OLACAQ"

Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, insan kapitalının davamlı inkişafını təmin edir. Uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. 44 günlük Vətən müharibəsində Zəfər çalmış Azərbaycanın işğaldan azad olunan ərazilərində tarixi dönüş dövrü başlanılıb. Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailliyyətdir."-deyə Prezident bildirib. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər Xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi".

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir. Əldə olunmuş nailiyyətlər son illərdə həyata keçirilən genişmiqyaslı hədəflərə hesablanmış islahatların nəticəsidir.

"BİZ MÜZƏFFƏR XALQIQ, QALİB DÖVLƏTİK VƏ BU, ƏBƏDİ OLACAQ!"

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşmasının təmin olunması əsas məsələlərdəndir. Bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, sosial xidmət infrastrukturu və s. yaradılacaq. Görüləcək işlər əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olmaq məqsədinə xidmət edir.

"Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq" – deyən dövlət başçısı bildirib ki, o ölkələr ki, iqtisadi cəhətdən digər ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə qurumlarından asılıdır, o ölkələr faktiki olaraq müstəqil siyasət aparmaqda çətinlik çəkirlər: "Biz isə hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin. Biz istəyirdik ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və belə bir imkan olmasın. Ona görə iqtisadi güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin təməlidir. Ulu Öndərin yolu ilə gedərək biz, əlbəttə, bu gün dünyada baş verən dəyişikliklərə də çox diqqətlə yanaşırıq, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edirik. Əminəm ki, növbəti illərdə bu sahədə istədiyimizə nail olacağıq".

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatlar kursu ölkəmizdə dayanıqlı inkişafı təmin edib. Bu gün güclü Azərbaycan işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinin sürətlə davam etdirir: "İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!"

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə