Gülayə Səfərova: “Fransa senatının saxtakarlıqla Azərbaycanı ittiham etməsi bu ölkə rəhbərliyinin iç üzünü ifşa edir” AÇIQLAMA
“Fransa senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməsi bu ölkənnin siyasi dairələrinin nə qədər erməni yanlısı olduqlarını kifayət qədər təsdiqləmiş oldu. Xüsusilə, belə bir mənfur ermənipərəstlik siyasətinin arxasında məhz erməni lobbisinin yuva qurduğu dairələrin dayanması vətənini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşında ikrah hissi oyadır”. Bu fikirləri SİA-ya "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova mövzu ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Fransanın öz daxilində durmadan artan sosial narazılıqlar, etirazlar qalıb bir kənarda və bu ölkə öz xalqının problemlərini həll etməsi yerinə hər vəchlə Ermənistanın maraqlarından çıxış edir, həmçinin bu reallıq sübut edir ki, artıq Fransa ümumiyyətlə vasitəçilik missiyasından təcrid edilməlidir: “Təəssüf ki, 44 günük müharibə zamanı Fransa senatı, eləcə də Fransanın dövlət rəhbərliyi dinc şəhər və kəndlərimizə edilən terror hücumlarına qarşı bir kəlmə də olsun fikir bildirmədilər, erməni terrorunun pislənməsi yönündə bəyanatlar vermədilər, qətnamələr çıxarmadılar. Lakin söhbət Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına gələndə onlar dərhal “məzlum” və “əzabkeş” ermənilərə qahmar çıxmaqla Ermənistana böyük bacılıq funksiyasını həyata keçirdilər. Artıq həqiqətləri anlayan hər bir kəs yaxşı bilir ki, fransız ermənipərəstliyi hansı dayaqlara söykənir və əslində onların qəbul etdikləri qətnamə Azərbaycan dövləti və xalqı üçün təlaş, narahatlıq yaratmır. Fransa nə etdisə, özü-özünə etdi və təbii ki, öz uğursuzluq siyasətinin acısını da özü çəkməli olacaq”.
“Bizlər – vətəndaş cəmiyyətinin üzvləri olaraq Fransanın belə bir riyakar addımına qarşı cavab tədbirlərinin görülməsinin tərəfdarıyıq”, deyən Gülayə Səfərova onu da qeyd edib ki, artıq Azərbaycanın Milli Məclisi də senatın bu siyasətinə qarşı öz qəti sözünü deməlidir: “Azərbaycan MM-də Fransa Senatının mövqeyini pisləyən qətnamə qəbul edilməli və həmin qətnaməyə qarşı rəsmi etiraz bildirilməlidir”.
QHT sədri onu da xatırladıb ki, Fransanın özü zamanında Əlcəzairdə və digər ölkələrdə soyqırımı siyasəti aparıb, müstəmləkəçilik vasitəsi ilə yaratdığı koloniyalarda insanalara qarşı amansız vəhşiliklər törədib və bütün bu faktlar indi də qalmaqdadır: “Öz antihumanizm siyasətini unudan Fransanın indi durub saxtakarlıqla, siyasi möhtəkirlik vasitəsi ilə Azərbaycanı ittiham etməsi bu ölkə rəhbərliyinin iç üzlərini açıq-aydın ifşa edir. Düşünürəm ki, Fransanın vaxtilə törətdiyi qətliamları, soyqırımları ilə bağlı ardıcıl dinləmələr keçirilməli, tədbirlər planları tətbiq olunmalı, dünya ictimaiyyətinin diqqətinə də çatdırılmalıdır ki, bu gün özünü “demokratiyanın beşiyi” tətbiq edən bu ölkə əslində hansı qanlı əməllərə sahibdir. Xüsusilə, Əlcəzairdə törətdiyi vəhşiliklərinə rəsmi soyqırımı adı verilməli və Fransa beynəlxalq məhkəmə instansiyalarında bu əməllərinə görə cavab verməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB