Türk dünyası üçün “BİRGƏ İNKİŞAF VƏ TƏRƏQQİ YOLU” - TƏHLİL

Türk dünyası üçün “BİRGƏ İNKİŞAF VƏ TƏRƏQQİ YOLU” - TƏHLİL

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin ev sahibliyi etdiyi IX Zirvə görüşü türk sivilizasiyası üçün yeni dövrün başlanğıcı sayıla bilər. Əvvəla ona görə ki, bu Zirvə görüşü birgə inkişaf və tərəqqi dövrünün yol xəritəsinin müəyyən olunduğu bir görüş hesab olunur. Digər tərəfdən də tarix, mədəniyyət və sivilizasiyanın ümumi anlayışına əsaslanan sabitlik, təhlükəsizlik və rifah axtarışı kontekstində sammitdə qəbul ediləcək qərarlar türk sivilizasiyasının yeni dövrü, birgə inkişaf və tərəqqi dövrünün yol xəritəsinin cızılması, təyin edilməsi baxımından olduqca vacib və önəmlidir.

Səmərqənddə keçirilən Zirvə görüşündə üzv dövlətlərin ilk növbədə bir-biri ilə, digər tərəfdən də region və dünya dövlətləri ilə inteqrasiyasının yaxşılaşdırılması istiqamətində addımların atılması ən vacib və diqqətəlayiq məqamdır. Bu kontekstdə iqtisadi inteqrasiyanın sürətləndirilməsi istiqamətində mühüm addımlar xüsusi önəm daşıyır. Nəzərə alsaq ki, 4 noyabr 2022-ci il tarixində artıq Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası yaradılıb, deməli, iqtisadi inteqrasiya istiqamətində artıq addımlar atılıb və səylərin konkret nəticələr verəcəyi şübhə doğura bilməz, çünki bununla bağlı artıq istiqamət də müəyyənləşdirilib.

Sözsüz ki, iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri məhz enerji, marşrutlar və dəhlizlər daxilində tranzit daşımalarıdır. Etiraf etmək lazımdır ki, ələlxüsus Rusiya-Ukrayna müharibəsi başlandıqdan sonra Şimal dəhlizinin bağlanması Xəzərdə əməkdaşlıq proseslərini kifayət qədər sürətləndirib. Faktiki olaraq qeyd olunur ki, Transxəzər dəhlizi, yəni Çindən başlayaraq Avropaya uzanan Mərkəzi Nəqliyyat Dəhlizi ilə bağlı üzv dövlətlər arasında əməkdaşlıq axtarışları həm ikitərəfli, həm də çoxsaylı sazişlər vasitəsilə intensivləşib. Bu səbəbdən Transxəzər logistik dəhlizlərində əməkdaşlıq olduqca faydalıdır. Əvvəla ona görə ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər dünyanın rəqabət zonasına çevrilməsini, eləcə də bütün dünyada sabitliyin pozulmasını istəmir və hər platformada əməkdaşlıq körpüləri qurmaq məqsədini ortaya qoyur, açıq şəkildə ifadə edir. Digər tərəfdən də Transxəzər dəhlizində regional və qlobal qeyri-sabitliyə qarşı əməkdaşlığa əsaslanan konstruktiv perspektiv təklif olunur.

Zirvə görüşü ilk növbədə iqtisadi əməkdaşlıq, eyni zamanda Türk Dövlətləri Təşkilatının institusional kimliyinin gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Ələlxüsus türdilli dövlətlərin, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi əməkdaşlığı həmin dövlətlərin birliyinin daha da möhkəmlənəcəyindən xəbər verir. Bu isə müasir dövrdə, xüsusən də dünya dövlətləri arasında rəqabətin gücləndiyi bir zamanda xüsusən vacib məqamdır. Ümumiyyətlə, iqtisadi əməkdaşlığın güclənməsi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birliyinin tam hüquqlu beynəlxalq təşkilata çevrilmək imkanı deməkdir və bunu həmin ölkələrin hər biri yüksək qiymətləndirir. Bir sözlə, Səmərqənddə keçirilən IX Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birliyinin güclü beynəlxalq təşkilat olmaq yolunda möhkəm addımlar atıldığını bir daha təsdiqləyir və bu baxımdan həmin görüşdə nəzərdə tutulan yol məhz birgə inkişaf və tərəqqi yolu hesab edilir.

Mədəni, tarixi və mənəvi ortaqlığa əsaslanan qardaşlıq münasibətləri, eləcə də siyasi, müdafiə və regional gündəliyin, demək olar ki, bütün əsas məsələləri üzrə baxışlarının üst-üstə düşməsi, eyni olması türk dövlətlərinin birliyi üçün əsaslı zəmin yaradır. Məhz bu səbəbdən də həmin birlik, əməkdaşlıq qarşılıqlı şəkildə dəstəklənir. Təsadüfi də deyil ki, son illər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin möhkəm iqtisadi təmələ, daha dəqiq desək, birgə enerji və nəqliyyat layihələrində iştiraka, çox milyardlıq qarşılıqlı investisiyalara əsaslanan strateji birlik formalaşdırmağa çalışdıqları özünü aydın şəkildə biruzə verir. Bu baxımdan da Səmərqənddə keçirilən IX Zirvə görüşündə qarşılıqlı faydalı işgüzar əlaqələrin genişləndirilməsi məsələsinin əsas məsələlərdən birinə çevrilməsi elə əvvəlcədən də gözlənilən idi.

Bilirik ki, illərdir dünyanı bir sıra qlobal böhranlar bürüyüb. Əvvəlcə pandemiya, onun ardınca enerji böhranı, ərzaq təhlükəsizliyi məsələləri bütövlükdə dünyanı narahat edən məsələlərə çevrildi və eyni zamanda Ukrayna-Rusiya müharibəsinin başlaması fonunda da nəqliyyat, logistika da bu və ya digər dərəcədə bütün Avrasiya regionuna təsirsiz ötüşmədi. Məhz belə bir vəziyyət Türkiyəni, Mərkəzi Asiya və Cənubi Qafqazdakı müttəfiq dövlətləri ticarət və investisiya əməkdaşlığını genişləndirmək, xarici riskləri minimuma endirmək, enerji və ərzaq təhlükəsizliyini gücləndirmək üçün yeni platformalar qurmağa əlbəttə ki, sövq edir. Heç şübhəsiz ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələri arasında gələcək əməkdaşlıq üçün böyük potensialın mövcud olduğu da danılmazdır və ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev də Səmərqənddə keçirilən IX Zirvə görüşündə bu barədə fikirlərini aydın şəkildə diqqətə çatdırdı. “Türk dünyası 200 milyondan artıq əhalisi olan geniş coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat marşrutlarına, müasir müdafiə imkanlarına malikdir”, deyə cənab Prezident İlham Əliyev bildirib və vurğulayıb ki, türk ölkələri milli maraqları nəzərə alaraq, xarici arenada bir-birini dəstəkləməkdə davam etməli, iqtisadi, ticarət, mədəniyyət, nəqliyyat, enerji, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlığı intensivləşdirməli, rəqəmsal transformasiya məsələlərində, eləcə də təhlükəsizlik və müdafiə sahəsində siyasi həmrəylik nümayiş etdirməlidirlər. Təbii ki, dövlət başçımızın bu mesajı Zirvə görüşünün bütün iştirakçıları tərəfindən dəstəklənməli idi və dəstəkləndi də. Əbəs yerə deyildi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özü də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi üçün əlavə addımların atılmasının zəruriliyini təsdiqlədi.

Birgə inkişaf və tərəqqinin yolu artıq müəyyən edilib və bu gün formalaşan tendensiyalar özü onu göstərir ki, yaxın gələcəkdə güzəştli ticarət haqqında Azərbaycan-Türkiyə sazişləri bütün türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafı üçün ən mühüm hərəkətverici qüvvəyə çevriləcək. Hazırda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr investisiyalar və xidmətlər sahəsində azad ticarət sazişi üzərində işləyirlər və eyni zamanda sərhədyanı prosedurların birləşdirilməsini başa çatdırmaq niyyəti də göz önündədir. Yaxın gələcəkdə avtomobil yolu ilə yükdaşımaları genişləndirmək üçün vahid elektron tranzit icazəsi mexanizmini tətbiq etmək, eləcə də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin sadələşdirilmiş gömrük prosedurları üçün ümumi mexanizmlərin tətbiqi planlaşdırır.

Müasir dünya hal-hazırda özünün çətin, mürəkkəb dövrünü yaşayır, hansıki belə bir dövrdə, belə bir şəraitdə, türkdilli dövlətlərin həmrəyliyi və birliyi xüsusən əhəmiyyətlidir. Bunu bir dövlət olaraq Azərbaycan çox yüksək qiymətləndirir. Etiraf etmək lazımdır ki, türkdilli dövlətlərin birliyə çevrilməsi məhz Azərbaycan rəhbərliyinin şərq və qərb istiqamətlərində əlaqələr və kommunikasiyaların qurulmasına yönəlmiş uzunmüddətli siyasəti sayəsində mümkün olub. Əgər fiziki reallıqda Azərbaycan bu mərkəzi halqaya çevrilməsəydi, hər şey mədəni-humanitar təşəbbüslər səviyyəsində qalar, ən yaxşı halda Frankofoniya Təşkilatının və bu kimi strukturların bir növ türk analoqu olardı. Lakin rəsmi Bakının siyasi səyləri və sərmayələri Mərkəzi Asiya və Türkiyəni bir araya gətirə bildi, ittifaqın geoiqtisadi, geosiyasi, siyasi, iqtisadi əsaslarını yaratdı. Ələtdəki limana, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə Azərbaycanın yatırdığı milyardlarla dollar sərmayə bu günkü iqtisadi əməkdaşlığın və birliyin əsasını qoymuş oldu. Deməli, Azərbaycan hər zaman bu birliyə öz tovhələrini verib və birgə inkişaf, tərəqqi yoluna yenə də töhfələr verməkdədir.

Sonda diqqətə çatdırmaq yerinə düşərdi ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hər birinin qarşısında bundan sonra daha çətin məsələlər durur. Səmərqənddə keçirilən IX Zirvə görüşü bir daha sübut etdi ki, türk dövlətlərinin qarşısında birgə inkişaf və tərəqqi yolu var və bu yol şərəfli, əhəmiyyətli olmaqla yanaşı, həm də çərtin yoldur. Çünki türk dövlətlərinin birliyi həmin dövlətlərin gücünün qüdrətinin artması deməkdir və bununla barışmayacaq qüvvələrin olacağı da bu baxımdan təkzib edilə bilməz. Elə ona görə də çətinliklər gözləniləndir. Amma onu da nəzərə almaq lazımdır ki, çətin olsa belə bu yol məhz birgə inkişaf və tərəqqi yoludur və bu yolla irəliləməyə dəyər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə