"Sülh müqaviləsi Azərbaycanın irəli sürdüyü şərtlər əsasında imzalanmalıdır" - DEPUTAT DANIŞDI
“2020-ci il noyabr ayının 8-də Şuşanın işğaldan azad olunması ilə 44 günlük Vətən müharibəsini tarixi qələbə ilə başa vurduq. Ermənistan kapitulyasiya sənədini imzalamaq məcburiyyətində qaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışı zamanı Şuşanın işğaldan azad olunmasının əhəmiyyətini onun strateji yerləşməsi ilə yanaşı, həm də Azərbaycan xalqı üçün müqəddəs olması ilə əlaqələndirdi. Həqiqətən də, vaxtilə Ulu Öndər Heydər Əliyev də demişdir ki, "Şuşasız Qarabağ olmaz"”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, Şuşa hər bir azərbaycanlı üçün müqəddəsdir: “Qələbəmizin piki məhz Şuşanın işğaldan azad edilməsi oldu. Məhz Şuşanın işğaldan azad edilməsi elə müharibənin taleyini həll etdi. Ölkə Prezidenti diqqəti həm də ona çəkdi ki, Şuşanı işğaldan azad etməklə, Azərbaycan Ordusu əsl qəhrəmanlıq salnaməsi yazmış oldu. Keçilməz sədləri aşaraq, sıldırım qayalara dırmaşaraq müqəddəs Şuşanı düşməndən azad etməklə Azərbaycan əsgəri hansı hünərə və ürəyə malik olduğunu bütün dünyaya göstərdi.
Ölkə Prezidenti Vətən müharibəsinin başlamasına və gedişinə toxunaraq, Şuşaya gedən yolun 27 sentyabrdan başladığını vurğuladı. Son dövrdə Ermənistanın özünü tam cəzasızlıq şəraitində hiss etdiyi və təxribatlarını genişləndirdiyi aşkar müşahidə olunurdu. Növbəti təxribatların qarşısının alınması zamanı Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etmək üçün əks-hücum əməliyyatlarına da başladı. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində Azərbaycan Ordusu ancaq irəli getdi və bir addım da olsun geri addım atmadı. Çox böyük sürətlə torpaqlarımızı erməni işğalçılarından təmizlədi. İşğalçı Ermənistan ordusunun 10 mindən artıq fərrarisi oldu. Azərbaycan Ordusunda ümumiyyətlə belə hal olmadı. Real döyüş şəraitində Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızın əhəmiyyətli hissəsini azad etdi. Şuşanın işğaldan azad edilməsi isə düşməni təslim olmağa məcbur etdi. Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur oldu. Bundan sonra Ağdam, Kəlbəcər və Laçın da bir güllə atılmadan erməni işğalından azad olundu.
Ölkə Prezidentinin səsləndirdiyi fikirlərdən görünür ki, dövlətimiz, xalqımız torpaqlarımızın işğaldan ediləcəyi günə əsaslı şəkildə hazırlaşmışdır. Aşkar görünürdü ki, Ermənistan sadəcə manipulyasiya ilə məşğuldur, öz xoşu ilə Azərbaycan torpaqlarından çıxmaq fikrində deyil. Münaqişənin tənzimlənməsi prosesində iştirak edən ATƏT-in Minsk Qrupunun fəaliyyəti isə Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin leqallaşdırılmasına yönəlmişdir. Azərbaycan Prezidenti hər zaman deyirdi ki, biz nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirməyəcəyik. Ona görə də güclü ordu quruculuğunu həyata keçirmək üçün güclü iqtisadiyyat yaratmaq tələb olunurdu. Həyata keçirilmiş düzgün siyasət sayəsində dayanıqlı iqtisadi inkişaf təmin edildi. Bu da öz növbəsində Ordunun gücləndirilməsinə, ən müasir tələbələrə cavab verən təchizatın həyata keçirilməsinə imkan verdi. Vətən müharibəsinin gedişində Azərbaycanın hərtərəfli potensialı daha aydın göründü. Postmüharibə dövrünün reallıqlarını isə uğurlu xarici siyasi strategiya seçməklə, müxtəlif beynəlxalq platformalarda, tribunalardan haqlı maraqlarımızı inamla müdafiə etməklə dünyaya qəbul etdirməyi bacardıq. Yekun sülh müqaviləsinin də qalib, güclü Azərbaycanın irəli sürdüyü şərtlər əsasında imzalanacağı şübhəsizdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB