Liberal iqtisadiyyatın və azad sahibkarlığın təşviqi müsbət nəticələr verir - TƏHLİL

Azad sahibkarlığın və bütövlükdə liberal iqtisadiyyatın formalaşması bu gün həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir. Ölkə Prezidenti tərəfindən təsdiq olunmuş "2030: sosial iqtisadi inkişafa dair milli prioritetlər” gizli iqtisadiyatın məhdudlaşdırılmasını, eyni zamanda liberal iqtisadiyyatın genişləndirilməsini özündə ehtiva edir. Bu da ondan xəbər verir ki, bu zamana qədər olduğu kimi, hələ bundan sonrakı illərdə də bu istiqamətdə islahatların davam etdiriləcəyi gözləniləndir.

Azərbaycanda liberal iqtisadiyyat, ümumiyyətlə, rəqabətli mühitin yaranmasına ciddi təsir göstərir. Liberal bazar iqtisadiyyatı dedikdə, rəqabət və rəqabət mühitinin təmin edilməsi ilk olaraq, hər kəsin nəzər diqqətini cəlb edir. Rəqabət mühiti dedikdə isə inhisarçılıq olmadan mümkün şəraitdən, imkanlardab bərabər şəkildə istifadə nəzərdə tutulur ki, bu da ölkəmizdə tam şəffaf şəkildə təmin edilibdir. Sahibkarlıq üçün şərait, işgüzar mühit hamı üçün eyni dərəcədə təmin edilib və burada sağlam rəqabətə mane olacaq hansısa bir məqam ola bilməz.

Rəqabət mühiti olmadığı təqdirdə, bazar iqtisadiyyatı yoxdur deməkdr və bu da liberal dəyərlərin işləmədiyi anlamına gəlir. Belə bir vəziyyətdə isə nə azad sahibkarlıqdan, nə vətəndaşların rifah halının yüksəlməsindən, nə də hüquqlarının qorunmasından söhbət gedə bilməz. Rəqabət mühiti həm idarəetmədə, həm siyasətdə, həm iqtisadiyyatda, bir sözlə, hər yerdə vacibdir. Bunun təşviq edilməsi üçün təbii ki, hökumətlər müxtəlif yollar seçir. Sovet İttifaqı dağılandan sonra ilk qanunvericilik aktlarından biri 1992-ci ildə qəbul olunmuş antiinhisar fəaliyyəti haqqında qanundur ki, orada dövlətin inhisarçılığın aradan qaldırılması üçün hansı addımları atacağı, iqtisadiyyata necə nəzarət etəcəyi birbaşa göstərilir.

Diqqətə çatdıraq ki, azad ticarətin, azad sahibkarlığın və bazar əsaslı iqtisadiyyatların müasir sistemi təxminən 200 il əvvəl formalaşmağa başlayıb və bu prosesin bir çox iqtisadi quruluşlarda verdiyi səmərə dünya dövlətlərini prosesi təşviq etmək istiqamətində düşündürür. Liberal iqtisadiyyatın verdiyi faydadan hansı yollarla daha çox yararlanmaq olar? Bu istiqamətin geniş yayılması üçün dövlət hansı tədbirlər həyata keçirə bilər? Son illər iqtisadçıların gündəmə gətirdiyi ən aktual məsələlər məhz bu suallar ətrafında cəmləşib. Beynəlxalq iqtisadi münasibətlərin fəal və önəmli aktoruna çevrilən Azərbaycanda da müvafiq sahə prioritet istiqamət kimi müəyyənləşdirilib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət mərhələsinə qədəm qoyub.

1991-ci ildə yeni müstəqillik qazanan Azərbaycanda yox dərəcəsində olan iqtisadiyyatın dirçəlməsi, ayağa qalxması üçün müəyyən işlərin görülməsi vacib idi. Buna görə də ölkədə ilk növbədə sahibkarlar üçün müəyyən şərait yaradılmasına diqqət yetirilməsi ən vacib məsələ sayılırdı. Bu məsuliyyəti isə Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə öz üzərinə götürdü. Beləliklə, ölkə iqtisadiyyatını ayağa qaldırmaq üçün köklü, fundamental islahatlara başlanıldı. Bunun da məntiqi nəticəsi göz önündədir və bu gün Azərbaycanın güclü iqtisadiyyata malik bir ölkə olması görülən tədbirlərin səmərələliliyini bir daha təsdiq edir.

Artıq Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanda bütün sahələr, eləcə də iqtisadiyyat daim dinamik inkişafdadır. Ümummilli Liderin əsasını qoyduğu siyasi kursu davam etdirən cənab Prezident İlham Əliyev azad bazar iqtisadiyyatı, rəqabətli biznes mühitinin qurulması siyasətinin tərkib hissəsi olaraq özəl sektorun inkişafını hər zaman diqqət mərkəzində saxlayır. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının icrasında yerli sahibkarlığın gücləndirilməsinə xüsusi önəm verilir, xüsusi diqqət yetirilir və qayğı göstərilir. Sahibkarların fəaliyyətinin genişləndirilməsi məqsədilə dövlətin maliyyə dəstəyi, həmçinin subsidiyaların ayrılması özəl sektorun inkişafını daha da sürətləndirir, onun ümumi iqtisadiyyatdakı tutumunu daha da yüksəyə qaldırır.

Nəzərə almaq lazımdır ki, artıq sahibkarlar əlverişli hüquqi mühitdən tam şəkildə faydalanırlar. Çünki, sahibkarlığın inkişafına dəstəyin ilkin şərtlərindən biri əlverişli hüquqi zəminin yaradılmasıdır və etiraf edilməlidir ki, son illərdə ölkəmizdə sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülüb. Bunlar kifayət qədərdir və ölkə ictimaiyyəti, sahibkarlıq mühiti barədə yetərincə məlumatlıdır. Sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı Azərbaycan Prezidentinin məlum fərmanları, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi təsis edilməsi, sahibkarlıq fəaliyyətinə dair tələblərin sadələşdirilməsi, sertifikatlaşdırmanın sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili deyilənlərin əyani sübutudur. Bunun nəticəsidir ki, ölkədə azad sahibkarlıq mühiti üçün ən əlverişli şərait mövcuddur və sağlam rəqabət üçün heç bir əngəl yoxdur. Təsadüfi deyil ki, Azərbaycanın dünya iqtisadi reytinqlərindəki mövqeyi daha da möhkəmlənir və bunun sayəsində investorların ölkəmizə marağı da geniş şəkildə artıb. Bu da onu deməyə əsas verir ki, liberal iqtisadiyyatın və azad sahibkarlığın təşviqi üçün münbit şərait var və bu da öz müsbət nəticələrini verir.

İnam Hacıyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə