Gigiyenik vasitələr: faydalıdır, yoxsa zərərli? - ARAŞDIRMA

Cəbiş müəllimin bişirdiyi sabunla müasir sabunun fərqi nədir?

“-Haradan tapmısan bunu? Ay allah, iyinə bir bax!

-Özüm düzəltmişəm.

-Axı necə düzəltdin?

-Sabunu düzəltməyə nə var ki? Boş şeydi. Bir az kaustik soda, bir az əlif, bir az da ondan-bundan, vəssalam, sabun hazırdır”.

Bu, dağıdıcı müharibə illərində sabuna həsrət qalan yüzlərlə ailədən birinin- Cəbiş müəllimin və həyat yoldaşının dialoqudur. İndi sabun boldur, növbənöv, cürbəcür, rəngbərəng. Amma Cəbiş müəllimin bişirdiyi sabunlar daha yoxdur. Təbii sabunlar...

Tərkibində nələr olmalıdır?

Sabunun istehsalına XII əsrdə başlanıb. İngiltərədə 1622-ci ildə sabun istehsalı ilə məşğul olmaq istəyən sahibkar krala müasir pulla təxminən ildə 100 min dollar vergi ödəməli idi. Sabun zadəganlar üçün nəzərdə tutulmuşdu, yoxsullar ondan istifadə edə bilməzdi.

Sabunun keyfiyyəti istehsalında istifadə edilən yağlardan, istehsal üsulunun peşəkarlığından irəli gəlir. İstehsalçı istənilən sabunu gözəl qablaşdırıb “ən təbii sabun” adı ilə reklam edə bilər, amma onun dəri ilə təması böyük fəsadlara da yol aça bilər. Normal qaydada hazırlanan sabun yağ turşusunun duzudur. Onu yağ turşularının kaustik soda və potaş kimi qələvilərinin suda qaynadılması nəticəsində əldə edirlər. Eynilə Cəbiş müəllimin hazırladığı sabunlar kimi. Amma indi dükan-bazarda istehlakçıya təklif edilən sabunların keyfiyyət göstəriciləri təbiiliyi ilə yox, daha çox bakteriya (faydalıları da) öldürə bilməsi bacarığı ilə, ətrinin qalıcılığı ilə ölçülür. Sabunların tərkibində istifadə edilən saysız-hesabsız kimyəvi maddələrin müxtəlifliyi dəriyə verdiyi xeyir və zərərlər qədər çoxçeşidlidir.

Sabunun hazırlanması üçün ana maddə NaOH, yəni natrium hidroksid, başqa adla kaustik sodadır. Müasir sabunların tərkibində NaOH-dan əlavə ən ucuz zeytunyağı, su, rəngləndirici və qoxu verən maddələr var. Bundan əlavə lazım olan nəmliyi yaratmaq üçün yetərli yağ əlavə edilmədiyi üçün sabun quruya bilər, istehsalçı bunun üçün kimyəvi nəmləndiricidən istifadə edir. Yağı sabunlaşdırmaq üçün lazım olan qələvi nisbəti fərqlidir. Hər yağın fərqli nisbəti doğru hesablanmasa, ya sabunlaşma tam olaraq reallaşmaz, ya da sabunda qalan sabunlaşmamış sərbəst qələvilər dərinin xəstəliyə yoluxmasına gətirib çıxarar. Keçmişdə qələvi problemi olduğundan bəzi ağacların külünə su qatılar, təbii qələvi əldə edilərdi.

Sabun dünyada narazılıq yaradır

Dövrümüzdə sabunun bir çox növü var. Bunlardan ən çox yayılanı fabrik-zavod istehsallarıdır. Doğrudur, təbii, ev üsulu olduğu iddia edilən sabunlara da rast gəlirik, amma evdə sabun hazırlamaq təhlükəlidir. Çünki onun tərkibində qatılan elementlər ölçü ilə olmalıdır və ev şəraitində bu ölçü doğru hesablanamaya bilər.

Fərqli marka, dizayn, rəng, qoxu və qablaşdırma növləri ilə bazara çıxarılan fabrik-zavod sabunları, ehtiva etdikləri kimyəvi maddələr, süni rəngləndiricilər və ətirləndiricilər səbəbi ilə çox zaman orqanizm üçün təhlükə mənbəyi olur. İstehsalçının iddia etdiyi təbii elementlər isə sabunun tərkibində olmur. Üzərində meyvə və ədviyyat bitkilərinin şəkilləri göstərilsə də, tərkibində onlardan heç bir əsər əlamət yoxdur. Müasir sabunların əksəriyyəti yalnız təmizlik məqsədlidir, iddia edildiyi kimi dəriyə heç bir faydaları yoxdur. Üstəlik, ekspertlər hesab edir ki, sabunun tərkibindəki kimyəvi qatqılar dəri və məsamələr vasitəsi ilə bədənə daxil olur və damara qədər yol tapa bilir. Üstəlik, onsuz da çox çətinliklə əldə edilən D vitaminini də azaldır.

Hazırda dünyanın bir çox ölkəsində sabunlara qarşı ciddi narazılıqlar yaranıb, istehlakçılar sabundan gördükləri zərərləri məhkəmə salonlarına qədər çıxarırlar. İstehsalçı firmanın təbii olaraq tanıtdığı markalar bir çox istehlakçıda ciddi problemlər yaratdıqdan sonra bəzi ölkələr sabun sektorunda ciddi yoxlamalar aparmağa başlayıb.

Kimyəvi “bitki” sabunları

Məlum olur ki, daha çox kiçik ölçülü yerli emalatxanalarda 5-15 tonluq qazanlarda qaynadılaraq əldə edilən, “təbii sabun”, “dəfnə sabunu”, “zeytunyağı sabunu” və s. kimi adlar altında satışa çıxarılan sabunlarda isə qeyd edilən elementlərdən demək olar ki, heç biri yoxdur. Dəfnə sabunu dəfnəyarpağı olmadan, zeytunyağı sabunu zeytun olmadan istehsalı edilir. Ucuz istehsal şərtlərinə uydurmaq üçün tullantı yağlardan və kimyəvi qarışıqlardan istifadə edilən sabunlar, məhz naməlum tərkibinə görə dəridə ciddi problemlər yaradır. Qaynadılaraq əldə edilən, əslində, tərkibində yağ olmayan bu sabunların nisbi olaraq daha keyfiyyətlisi, yağ istifadə edilərək istehsal edilən növlərində belə, yağların bütün müsbət xüsusiyyətləri itir. Bunun səbəbi elementlərin yüksək temperaturda qaynadılmasıdır.

Qaynama nəticəsində qabın dibinə çökən qliserin ilə qarışıq bir maye ya qalıq olaraq atılır, ya da qliserin təhlil edilərək kosmetik firmalarına satılır. Sabunun sərtliyini təmin etmək üçün ya kaustik soda nisbəti çox götürülür və ya heyvan mənşəli yağlar əlavə edilir. Kaustik soda çox olduqda isə qələvi nisbəti fərqi dərini qıcıqlandırır, hevan mənşəli yağlar isə dəri məsamələrini örtür və dərinin nəfəs almasını əngəlləyir.

İndi dükan və bazarda “qliserinli sabun” adı altında satılan şəffaf sabunlarla qadınlara daha nəm dəri vəd edən istehsalçılar əslində sabunun tərkibində spirt, şəkər, süni rəngləndirici və qoxu verici maddələr əlavə etməklə istehlakçını zərbə altına qoyur. Üstəlik, istehsalçı sabunun qliserinli olduğunu iddia edirsə deməli əslində istehlakçını aldadır, çünki sabun hazırlandıqda onun tərkibində həqiqətən qliserin əlavə edilsə belə qaynama zamanı qliserin məhv olur.

Sabunda yeni dəb – Qara sabun

Hazırda dünyanın ən yaxşı sabunlarından biri olaraq tanıdılan qara sabunun digər bir adı da “ghassoul”dur. Təbiiliyi və saflığı barədə istehsalçı firmanın israrla təminat verməsi bu sabunu xüsusilə avropalı qadınların sevimli sabununa çevirib. Qara sabun yağ və böyük mineral kütləsindən əldə edilən palçıqla hazırlanır və istehsalçının iddiasına görə tərkibində heç bir kimyəvi maddə yoxdur. Qara sabun toz halında olan torpağın duruldularaq qurudulması və palçıq parçalarının birləşərək əmələ gəlməsi nəticəsində əldə edilir.

İstehsalçı firmanın iddiasına görə qara sabunun həm dəri, həm də saç üçün bir çox faydası var. O dərini dərindən təmizləyir, dəridəki ölü hüceyrələri təmizləyir və sağlam hüceyrələrin yaranmasını təmin edir, dəridəki sızanaq və gənələrin təmizlənməsinə kömək edir, dəriyə yumşaqlıq verir, toksinlərin atılmasını təmin edir, saçda təbii nəm tarazlığını qoruyur, saçı hər növ yağ və çirkdən təmizləyir, baş dərisindəki yağ ifrazatını tarazlayır, baş dərisinin ən üst layında olan hüceyrələrin bir-birinə yapışmasını təmin edərək saç tökülməsinin və qırılmalarının qarşısını alır.

Otellərin saç şampunu əvəzinə qab şampunu fırıldağı

Azərbaycanda tez-tez mətbuata “saç şampununun içindən qab şampunu çıxdı”, “maye sabunun tərkibində təhlükəli maddələr tapıldı” kimi xəbərlər çıxır. Ölkəmiz azad bazar üçün münbit şərait yaradıb, istənilən formada və markada məhsul bazarımıza yol tapa bilir. Hazırda Azərbaycanın bazarında brend malların saxta variantları, saxta şampunlar, yuyucu maddələr var. Bir qədər əvvəl aidiyyatı orqanlar belə halları aşkar etmişdi, məlum olmuşdu ki, Sumqayıtda paltaryuyan tozdan hazırlanmış maye Azərbaycanın beş ulduzlu otellərində saç və bədən şampun kimi istifadəyə verilir.

Ümumiyyətlə, hazırda satışda olan saç şampunlarının çoxu da nəinki saçları qirumur, əksinə, tökülməsinə kömək edir. Bu səbəbdən dünyada genişlənməkdə olan Natural gigiyena hərəkatı üzvləri çoxdan şampundan və digər kimyəvi gigiyena vasitələrindən imtina ediblər və alternativ tərkibli vasitələrdən istifadə edirlər.

Antibakterial sabun iflicə səbəb ola bilər

Amerikanın “Proceedings of the National Academy of Sciences” tibb jurnalının apardığı bir araşdırma ilə antibakterial sabunlarda olan triklosan maddəsinin əzələ funksiyalarını və skelet quruluşunu dəyişdiyi məlum olub. Araşdırmada, mikroba yoluxmamaq üçün xüsusilə antibakterial sabunlara, diş pastalarına, dezodorantlara, təraş losyonlarına və digər kosmetik məhsullara qatılan triklosanı balıqlar və siçanlar üzərində sınaqdan keçirilib.

Triklosana məruz qoyulan siçanlarda ürək funksiyalarında 20 dəqiqə ərzində 25 fazi və qol qüvvətində 1 saat müddətində 18 faiz azalma olduğu təyin edilib. Belə ki, balıqlar 7 gün tərkibində triklosan olan suda saxlanılıb. Məlum olub ki, üzmə fəaliyyətləri xeyli azalıb, xüsusilə üzgəclərinin fəaliyyəti zəifləyib. Araşdırma alimləri bildirir ki, triklosan antibakterial sabun işlədən hər kəsin evində var və əksəriyyətimiz körpə uşaqları belə onun təsirinə məruz qoyuruq.

Qeyd edək ki, triklosanın zərərli təsirləri ilk dəfə 2000-ci ildə aşkarlansa da, istifadəsinə qadağa qoyulmayıb. Bu maddə xlorla birləşdikdə kloroform kimi kanserogen maddələrin meydana gəlməsinə səbəb olur. Üstəlik bu maddə bakteriyaların antibiotiklərə qarşı müqavimət qazanmasına səbəb olur. Hormonlara belə müdaxilə gücündə olan triklosan sabunlar və şampunların istifadəsindən sonra təbiətə axıdılan su vasitəsi ilə təbiətdə də uzun müddət qala bilir. Daha çox uşaqların oyundan sonra mikroba bulaşmış əllərini yumaq üçün anaların antibakterial sabun və mayelərə üstünlük verdiyini nəzərə alsaq, o zaman uşaqların allergik xəstəliklərə yoluxma səbəbini anlamış olarıq.

Mütəxəssislər təklif edirlər ki, mümkün qədər sadə, rəngsiz, ətirsiz bərk sabunlardan istifadə edilsin. Əlləri hər dəfə sabunla yumaq zərər vurur. Gündə 1-2 dəfə sabunla yumaq, digər vaxtlarda adi su ilə yumaq lazımdır. İfrat gigiyena fayda vermir, əksinə, zərər verir. Uşaqlarımızı da nə qədər ətraf aləmdən, toz torpaqdan qoruyuruqsa, onların immuniteti o qədər zəif olur, tez-tez xəstələnirlər.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə