Əlillərin, qazilərin müavinətləri kəsilirmi? - FAKTLAR

Əlillərə dövlət qayğısı: hansı işlər görülüb, mövcud vəziyyət necədir?

Son günlərdə bəzi KİV-lərdə və sosial mediada həm də xüsusi olaraq şişirdilmiş bir rəqəmlə guya “200 min şəxsin əlilliyinin ləğv edildiyi, pensiyasının kəsildiyi” kimi tamamilə əsassız olan, yanlış ictimai rəy, süni ajiotaj yaratmağa yönələn fikirlər yer alır. Həssas qrupların adından manipulyasiya edərək onlarda aidiyyəti orqanlara qarşı inamsızlıq yaratmağa xidmət edən bu fikirlər tamamilə əsassızdır. Bu yazıda real vəziyyəti faktlarla təsvir edəcəyik.

Əvvəla, əlilliyə görə sosial ödənişin kəsilməsi halı baş verməyib və hazırda da belə hal mövcud deyil. Həmin sosial ödənişlər əlillik müddəti ərzində verilir və əlillik müddəti bitdikdə həmin sosial ödənişin təyinat müddəti də bitmiş olur. Ona görə də əlilliyi olan şəxs əgər onun əlilliyi müddətlidirsə, əlillik müddətinin nə zaman bitdiyini bilməli və göndərişin həmin vaxtdan e-sistemə daxil edilməsi üçün lazımi tbbi sənədlərini vaxtlında toplamalıdır.

Bəzən şəxs əlilliyinin təkrar qiymətləndirilməsi, yəni əlillik müddətinin uzadılması üçün müraciətin edilməsində, sənədlərin toplanmasında müəyyən gecikmələrə yol verir, göndəriş də əlilliyin bitdiyi vaxtdan sonra gec daxil olur. Belə hallar nəzərə alınaraq humanist yanaşma məqsədilə bu ilin iyul ayında əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericilikdə dəyişiklik edilib və beləliklə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar təyin olunan əlillik məhz əvvəlki əlillik təyinatı müddəti bitdiyi tarixdən rəsmiləşir. Yəni ortada ötürülmüş müddət üçün də şəxs əlilliyə görə sosial ödənişlərini ala bilir.

Ümumilikdə, həm 1-ci, həm 2-ci Qarabağ müharibəsi qazilərinin əlilliyinin qiymətləndrilməsinə xüsusi diqqət və qayğı var. 1-ci Qarabağ müharibəsi iştirakçılarından da təkrar qiymətləndirmə zamanı böyük qisminin əlillik müddəti uzadılıb. Hərbi səbəblərlə əlaqədar əlilliyin qiymətləndirilməsi üçün əyani müayinələr aidiyyəti orqanların və qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı ilə və videoçəkilişləri də aparılmaqla keçirilir.

Əlillik təyinatına haqqı çatan hər bir şəxsə əlillik dərəcəsi təyin edilir. Lakin qeyd etmək lazımdır ki, sağlam ola-ola uzun illər hər ay əlilliyə görə sosial ödəniş almış, dövlətin güzəşt və imtiyazlarından bəhrələnmiş, bu il təkrar qiymətləndirmə, həmçinin əyani müayinə zamanı diaqnozunun təsdiqini tapmaması, sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas yaratmaması səbəbindən əlillik təyin edilməyənlər də var. Həmin şəxslərin bundan narazılığı heç bir halda haqlı ola bilməz. Çünki əlillik statusunun buna haqqı çatmayan insanlara verilməsi qanunazidd olmaqla yanaşı, əlilliyi olan şəxslərin hüquqlarının da pozulmasına, onlara qarşı ədalətsiz yanaşmaya, haqqı çatmayanların əlillərin haqqına ortaq olmasına gətirib çıxarar.

Bəzi hallarda bu və ya digər şəxs uzun illər ərzində əlilliyə görə sosial ödəniş aldığını, bu il isə onun əlillik müddətinin uzadılmadığı üçün sosial ödəniş ala bilmədiyindən, bunun onun maddi rifahına mənfi təsir etməsindən gileylənir. Qeyd edək ki, uzun illər ərzində əlillik statusu daşıyan şəxsin sağlamlıq vəziyyətinin artıq əlillik təyinatına əsas vermədiyi (reabilitasiya olunduğu) müəyyən oluna və bu səbəbdən ona təkrar əlillik təyin edilməyə bilər. Yaxud əvvəlki dövrlərdə əsas olmadan əlillik təyin edilmiş şəxsə növbəti təkrar qiymətləndirmədə əlillik vəziyyətində olmadığı üçün əlilik təyin edilməyə bilər. Ona görə də uzun illər əlillik statusu daşımaq və əlilliyə görə sosial ödəniş almaq heç də təkrar qiymətləndirmə zamanı mütləq əlillik təyin edilməsini şərtləndirmir. Çünki əlilliyin qiymətləndirilməsi şəxsin hazırkı mövcud sağlamlıq vəziyyəti nəzərə alınaraq aparılır.

Hər xəstəlik, xəsarət, yaralanma əlilik vəziyyəti yaratmır. Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də əlilliyin (I,II,III dərəcə əlilliklərin) və uşaqların sağlamlıq imkanları məhdudluğunun hansı xəstəlik və xəsarət hallarında təyin edildiyi aydın şəkildə göstərilib. Əliliyin qiymətləndirilməsi bu Əsasnamənin tələbləri əsasında aparılır. Anadangəlmə, xəstəlikdən, yaxud xəsarətdən yaranan əqli, fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması müşahidə olunduqda əlillik təyinatına dair qərar çıxarılır.

Bəzən bu və ya digər şəxs səhiyyə müəssiəsi tərəfindən onun barəsində elektron sistemə göndəriş daxil edilməsi ilə ona mütləq əlillik təyin edilməli olduğunu düşünür, lakin göndəriş qiymətləndirmənin aparılması üçün sənəddir, əlillik təyin olunub-olunmaması barədə qərar isə tibbi-sosial ekspertiza xidmətinin apardığı qiymətləndirmə nəticəsində verilir.

Amputasiya olunmuş şəxslərin guya təkrar müayinə edildiyi barədə bəzən əsassız fikirlər səslənir. Amputasiya olunan, məsələn, əli, ayağı və ya hər hansı bədən əzası olmayan şəxslərə əlillik müddətsiz (ömürlük) təyin olunur və heç zaman da müayinəyə çağırılmırlar.

Əlilliyin qiymətləndirilməsi elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilir. Göndərişin kimə aid olduğu və hansı tibb müəssisəsindən göndərildiyi bilinmədən həkim ekspertlər tərəfindən qərarlar qəbul edilir.

2021-ci ilin ötən dövründə artıq 50 minə yaxın şəxsə əlillik təyinatı həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən təqribən 2 dəfə çoxdur. Əlillik qrupu təyin olunduqdan sonra əlilliyə görə sosial təminat növləri üzrə ödənişlərin (əmək pensiyası və ya aylıq sosial müavinət, təqaüd) təyinatı da elektron sistem üzərindən, proaktiv şəkildə həyata keçirilir.

Qələbə ilə başa çatan Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə xüsusi qayğı və həssaslıqla yanaşılır. Bunun üçün Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər orqanların nümayəndələri ilə birgə qazilərin əlilliyinin qiymətləndirilməsi işləri operativ şəkildə yerinə yetirilir.

İlk növbədə Komissiya üzvləri tərəfindən hərbi qulluqçuların əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır. Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə) təqdim olunur və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir. Yekun mərhələ kimi əlilliyin qiymətləndirilməsi aparılır.

Ötən dövrdə Vətən müharibəsinin artıq 2200 qazisinə ölkəmizin ərazi bütövlyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir. Əlillik təyinatından dərhal sonra onlara da proaktiv qaydada olmaqla e-sistem üzərindən onlara müvafiq sosial ödənişlər təyin edilib.

Əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə yönələn sosial ödənişlər (pensiya və müavinətlər, təqaüdlər) də mütamadi olaraq artırılır. Xüsusilə də son 3 ildə həmin ödənişlərdə orta hesabla 2 dəfə artım baş verib.

Eyni zamanda, dövlət başçısının 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər üçün I dərəcə üzrə 250 manatdan 400, II dərəcə üzrə 230 manatdan 350, III dərəcə üzrə 210 manatdan 300 manata çatdırılıb. Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800, Böyük Vətən müharibəsi iştirakçıları üçün 150 manatdan 300 manata çatdırılıb. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunub.

Müharibə, 1990-cı ilin 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər, habelə ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslər təqaüdlə yanaşı, əlilliyə görə aylıq müavinət və ya pensiya ilə də təmin edilirlər. Eləcə də bütün kateqorioyalardan olan I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün aylıq təqaüd ödənilir.

Şəhid ailələri ilə bərabər, müharibə əlillərinin də mənzil və fərdi evlə təminatı həyata keçirilir. İndiyədək bu kateqoriyadan olanlara 11 mindən çox mənzil/fərdi ev verilib və dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 3 min mənzil və fərdi evin (2018-ci ilə nisbətən 5 dəfə çox) 2021-ci ildə verilməsi işləri aparılır ki, artıq 1850-si verilib. Şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, Vətən Müharibəsi Qəhrəmanlarına, gözdən əlilliyi olan şəxslərə, dövlət uşaq müəssisələri məzunlarına da mənzillər təqdim edilir. Həmin kateqoriyalara verilən mənzilləri də nəzərə alsaq bu il dövlət tərəfindən verilən mənzillərin sayı 2200-ə çatır.

Əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı sahəsində də işlər davam edir. 2021-ci ilin 10 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 7615 nəfər əlilliyi olan şəxs 38670 protez-ortopedik və digər reabilitasiya vasitələri, o cümlədən 908 mühərrikli təkərli oturacaqla təmin edilib.

Reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub və son iki ildə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, müasir avanadlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib. Həmin reabilitasiya müəssisələrində bu ilin 10 ayında əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 6450 nəfərə reabilitasiya xidmətləri, həmçinin Vətən müharibəsinin 1040 nəfər qazisinə sosial-psixoloji dəstək xidmətləri göstərilib.

Müharibə əlillərinin yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri aparılır və Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 160 hərbçi 168 son nəsil protezlə təmin edilib.

Göründüyü kimi, əlillər, xüsusilə də müharibə əlilləri ilə bağlı bəzi şəxslər tərəfindən xüsusi məqsədlərlə qərəzli şəkildə yayılan məlumatların heç bir faktoloji əsası yoxdur.

Altay

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə