Uşaq və gənclərin fiziki və mənəvi inkişafı nikbin proqnozlar vəd edir - TƏHLİL

Uşaqların, yeniyetmələrin və gənclərin fiziki, eləcə də mənəvi cəhətdən inkişafı, cəmiyyətimiz üçün layiqli vətəndaşlar olaraq yetişmələri hər zaman xüsusilə diqqət mərkəzində olmalıdır. Çünki, gənclərin, yeniyetmələrin fiziki cəhətdən sağlam olmaları, hərtərəfli biliyə, geniş dünyagörüşə, milli və ümumbəşəri əxlaqa, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşmaları öz aktuallığını hər zaman qoruyur. Məhz bu baxımdan ölkəmizdə uşaqların, ümumilikdə gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi ilə yanaşı, həm intellektual inkişafı üçün, həm də mədəni dəyərlərə sahib şəxsiyyət kimi formalaşmaları üçün geniş imkanlar yaradılıb və artıq bunun üçün münbit şərait də mövcuddur.

Təbii ki, gənc nəslin daha sağlam, fiziki cəhətdən daha güclü yetişməsi üçün idmanın rolu danılmazdır və məhz bu baxımdan idmanın inkişafına ölkəmizdə xüsusi önəm verilir, diqqət yetirilir. Bu işlərin əsası əlbəttə ki, Azərbaycan xalqının fiziki, eləcə də mənəvi sağlamlığına çalışan Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün həmin işlər cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz uşaqların, yeniyetmələrin və gənclərin mənəvi, eləcə də fiziki inkişafında mühüm rol oynayan idman sahəsinin maddi-texniki bazasının yaradılması bu sahəyə ayrılan diqqət və qayğının bariz nümunəsidir.

Uşaqların, eləcə də gənclərin hərtərəfli inkişafında idman çox yüksək rol oynadığı kimi, dövlətin gələcəyi, güclü dövlət də məhz fiziki cəhətdən sağlam gəncliyin yetişməsindən asılıdır. Güclü dövlətlərdə idman sahəsinin inkişaf etməsi də görünür təsadüfi deyil. Diqqət etsək görərik ki, iqtisadi cəhətdən ən inkişaf etmiş güclü dövlətlər, həm də idman sahəsində dünyanın qabaqcıl ölkələrindəndir. “Sağlam bədəndə sağlam ruh olar”, zərb məsəli də bu zaman tam yerinə düşür və əmin oluruq ki, sağlam gənclik gələcəkdə də güclü dövlət üçün əsaslı zəmin yaradır. Görünür elə məhz bu səbəbdən də Ulu Öndərin gənclər siyasətində idmanın inkişaf etdirilməsinə, onun kütləviliyinin daha da artırılmasına xüsusi önəm verilib və bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, uşaqların və yeniyetmələrin fiziki və mənəvi cəhətdən inkişafına nail olmaq məqsədilə, ardıcıl olaraq, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir, idmanın uşaq və gənclərin fiziki və mənəvi inkişafında mühüm rolu önə çəkilir.

Əlbəttə ki, beynəlxalq səviyyəli idman yarışlarında ölkəmizin bayrağının dəfələrlə yüksəyə qaldırılması, idmançılarımızın uğurları, qələbələri, vətənə medalla qayıtmaları onu deməyə əsas verir ki, idman sahəsində böyük yüksəlişə nail olunub. Heç şübhəsiz ki, bütün bunlar səbəbsiz deyil, olimpiya idman komplekslərinin, idman zallarının inşası, bir sözlə idman sahəsinə dövlət qayğısı sayəsində reallaşıb. Tamaşaçı tutumu 70 min nəfər olan Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzi, həmçinin, Bakıda idman şəhərciyinin fəaliyyəti bu sahədə görülən irimiqyaslı işlərin, idman sahəsinə dövlət qayğısının bariz nümunəsidir.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı onların mövcud olduğu cəmiyyətin, ölkələrinin, hətta mənsub olduqları xalqın inkişaf göstəricisidir desək, yanılmarıq. Çünki, uşaq öz böyüdüyü mühitdə görüb-götürdüklərini gələcəkdə də nəinki nümayiş etdirir, hətta tətbiq etməyi lazım bilir. Məhz buna görə də respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, diqqətin artırılması, uşaqlarla bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsi məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində ölkə başçısı tərəfindın sərəncamlar imzalanır, bu istiqamətdə mühüm tədbirlər görülür. Sözsüz ki, görülən işlər, atılan addımlar onu deməyə əsas verir ki, uşaq və gənclərin fiziki və mənəzi inkişafı ölkəmizin əsas prioritetlərindəndir.

Ölkəmizdə uşaq və gənclərin həyatını dəyişən, onlara hərtərəfli stimul verən, uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradan normativ aktlar da mövcuddur və uşaqların fiziki, mənəvi inkişafı ilə bağlı bir sıra sənədlər qəbul edilib. 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramı bu sənədlərdəndir. Həmin sənəd, bu Dövlət Proqramı sözsüz ki, uşaq və yeniyetmələrin, eləcə də gənclərin inkişafı üçün geniş şəraitin yaradılması məqsədi daşıyırdı və bunun da nəticəsi özünü göstərməkdədir. Bu Dövlət Proqramı çərçivəsində görülən işlər, gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı.

Dövlət başçısının uşaq və gənclərin fiziki və mənəvi inikişafına diqqət və qayğısı dəfələrlə öz təsdiqini tapıb. Məsələn, 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi" barədə Sərəncam imzalanması və bu proqram çərçivəsində 5 mindən artıq gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalaması, ölkə gənclərinin hərtərəfli inkişafını təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq olunması sadalananların, ələlxüsus ölkə başçısının diqqət və qayğısının bariz nümunəsidir.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı, onların müdafiəsi istiqamətində ölkəmizin gördüyü işlər təsdiq edir ki, uşaqlar və gənclərimizin gələcəyi etibarlı əllərdədir. Əminliklə deyə bilərik ki, uşaqların, gənclərin layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün Azərbaycan dövləti mümkün olan bütün imkan və şəraiti yaradıb və bu şərait göz önündədir. Heç şübhəsiz ki, bundan sonra da bu siyasətin davam etdiriləcəyi, uşaqların və gənclərin istər fiziki, istər intellektual, istər mənəvi, istərsə də digər istiqamətdə inkişafının təmin edilməsi üçün müfaviq addımlar atılacaq, bu siyasət davam etdiriləcək. Bu addımların isə məntiqi nəticəsi olaraq uşaqların, gənclərin gələcəkdə də fiziki və mənəvi inkişafı barədə nikbin proqnozlar vermək olar, çünki, atılan addımlar buna əsaslı zəmin yaradır.

İnam Hacıyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə