Gənclərin milli ruhda tərbiyəsi dövlət siyasətinin tərkib hissəsidir – TƏHLİL

Azərbaycan əhalisinin demək olar ki, 50 faizinin yaşı 29-dan aşağıdır və ölkəmiz MDB məkanında, eləcə də Şərqi Avropada əhalisinin çox hissəsini gənclər təşkil edən azsaylı ölkələrdəndir. Bu baxımdan, cəsarətlə deyə bilərik ki, sözün əsl mənasında, Azərbaycanın gələcəyi məhz bu yaş qrupunda olan insanların necə yetişməsindən, onların milli mənlik şüurunun hansı formada inkişaf etdirilməsindən, eləcə də vətənpərvərlik hisslərinin necə tərbiyə olunmasından asılıdır.

Gənc nəslin formalaşması, daha dəqiq desək, gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi, yüksək səviyyədə vətənpərvərlik hisslərinin aşılanması dövlətimizin və xalqımızın etimadını gələcəkdə onların doğruldacağına inamı artırır. Bu baxımda, ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir və xüsusilə vurğulamaq yerinə düşərdi ki, bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənc nəslin formalaşması istiqamətində ölkəmizdə ciddi addımlar atıldığının şahidiyik və məhz gənclər sahəsində Dövlət Proqramlarının qəbul olunması, mühüm tədbirlər keçirilməsi bunun bariz nümunəsidir.

Gənclərin hərtərəfli inkişafına şərait yaradılması, gənclərin vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda yetişdirilməsi prioritet məsələlərdən biri olub və gənçlərin tariximizə, mədəni irsimizə, adət-ənənələrimizə, ümumbəşəri və milli dəyərlərə hörmət prinsipləri ruhunda tərbiyə aldığı günümüzün reallığıdır. Məhz “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı sayəsində gənclərin fəallığının, təşəbbüskarlığının, vətənpərvərlik ruhunun, vətəndaşlıq mövqeyinin daha da artdığı göz önündədir və Azərbaycan gənclərinin beynəlxalq səviyyədə belə mühüm uğurlar qazanması bunun sayəsində reallaşır.

Əlbəttə, bizi bir xalq kimi, millət kimi mühafizə edən, əsrlər boyu assimilyasiyadan qoruyan ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olmaqla, məhz bizim dəyərlərimiz olub. Elə bu baxımdan da gənclərimiz mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qorusunlar. Elə dövlət üçün də bu məsələ məhz bu baxımdan, prioritet hesab olunur və daim diqqət mərkəzində olaraq qalır.

Etiraf olunmalıdır ki, dövrümüzün gənclərinin düşüncə tərzi müsbət mənada tamamilə dəyişib və bu dəyişiklik aparılan tədbirlər nəticəsində özünü biruzə verir. Ölkəmizdə gənclər hərəkatının dinamik inkişaf dövrünü yaşadığı göz önündədir və məhz bütün bunlar sadalananları təsdiqləyir. Artıq müşahidə edirik ki, gənclərimiz özlərini cəmiyyətdə təsdiq edə bilirlər. Sözsüz ki, bu da səbəbsiz deyil və onların uğurları cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin məntiqi nəticəsidir.

Gənclər artıq Azərbaycanın hüdudlarından xeyli kənarda, ictimai, elmi, mədəni və digər sahələr olmaqla, ölkəmizi bütün sahələrdə yüksək səviyyəli kürsülərdə təmsil edə bilirlər. Bu fakt, təbii ki, ölkə gəncliyinin inkişaf səviyyəsinin yüksək həddə çatdığının göstəricisidir. Bu, həm də ondan xəbər verir ki, gənclərlə bağlı mövcud qanunvericiliyə edilən hər yeni dəyişiklik dövrü, eləcə də dövlətin daxili çağırışlarına cavab verir. Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda formalaşan gənclər siyasətinin hüquqi-normativ bazası bu gün beynəlxalq standartlara cavab verir. Etiraf edək ki, bu hüquqi-normativ baza, eyni zamanda, Azərbaycan gənclərinin maraqlarını da ifadə edir. Bu baxımdan, Azərbaycanın gənclərlə bağlı tətbiq etdiyi model digər ölkələr üçün də nümunə sayılır və nümunə göstərilir də.

Qloballaşma bu gün müasir dünyada qarşısıalınmaz proses olaraq qəbul edildiyi heç kim üçün sirr deyil və əslində, bu proses hər bir xalq üçün öz mədəniyyətini təbliğ etmək imkanı deməkdir. Belə bir imkanın fonunda da gənclərin milli ruhda tərbiyə alması öz aktuallığını qoruyur. Belə ki, Azərbaycan gəncləri milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə də dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər.

Azərbaycan gəncləri hazırda müstəqillik dövründə yaşayırlar və buna ən böyük xoşbəxtlik deməyə hər birinin haqqı da var. Hər bir vətənpərvər azərbaycanlı, eləcə də hər bir vətənpərvər gəncimiz haqlı olaraq fəxr edə bilər ki, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Məsələ burasındadır ki, bu fəxarətlə yanaşı hər bir vətəndaş, eləcə də gənc bunun məsuliyyətini də duymalı və dərk etməlidir. Dərk etməlidir ki, Vətənə bağlılıq, dövlətə sadiqlik, ölkəmizi beynəlxalq aləmdə uğurla təbliğ və təmsil etmək ən böyük, ən şərəfli vəzifədir və hər kəs bunun öhdəsindən gəlməlidir. Bu baxımdan savadlı gənclərin yetişməsinə, onların layiqli yerlər tutmasına böyük ehtiyac var və cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin gənclərlə bağlı həyata keçirdiyi siyasət də məhz buna hesablanıbdır.

İnam Hacıyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə