Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsinə xüsusi önəm verilir - TƏHLİL

Sağlam təfəkkürlü, milli mənlik şüuruna malik olan gənclərə cəmiyyətin hər zaman ehtiyacı var, çünki gənclər dövrün, zamanın hərəkətverici qüvvəsidir. Xüsusən də əhalisinin çox hissəsini gənclər təşkil edən Azərbaycanın gələcəyi məhz gənc nəslin necə yetişməsindən, onların milli mənlik şüurunun hansı formada inkişaf etdirilməsindən, vətənpərvərlik hisslərinin necə tərbiyə edilməsindən bilavasitə asılıdır. Sözsüz ki, belə bir şəkildə tərbiyə alan gənc nəslin formalaşması gələcəkdə onların həm xalqımızın, həm də dövlətimizin etimadını layiqincə doğruldacağına inamı daha da artırır.

Ölkəmizdə gəncliyin müsbət ruhda tərbiyəsinə, sağlam təfəkkürdə yetişməsinə xüsusə önəm verilir. Ələlxüsus da ölkəmizdə gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsinə, vətənpərvərlik hisslərinin tərbiyə edilməsinə, inkişafına, eləcə də milli maraqlarımıza xidmət edən gənclər siyasəti aparılır. Məhz elə bunun sayəsində də gənclərimizin vətənpərvərlik ruhu, vətəndaşlıq mövqeyi daha da möhkəmlənib və həyatın bütün sahələrində gənclərin fəallığının, təşəbbüskarlığının artması bunu bir daha əyani şəkildə təsdiq edir. Etiraf edilməlidir ki, gənclərin hərtərəfli inkişafı üçün kifayət qədər şərait yaradılıb və həmin şəraitin yaradılmasında məqsəd gənclərin dövlətçiliyə sədaqət ruhunda yetişməsi, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, ümumbəşəri və milli dəyərlərə hörmət prinsipləri, vətənpərvərlik ruhunda tərbiyəsinin aşılanması olub. Cəsarətlə deyə bilərik ki, bu məqsədə nail olunub və gəncliyimiz ən yüksək səviyyədə bu tərbiyəyə yiyələnib, eləcə də milli mənlik şüuru layiqincə aşılanıb.

Xatırlatmaq yerinə düşərdi ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin ilk yaratdığı nazirlik məhz Gənclər və İdman Nazirliyi olub. Sözsüz ki, bu məqam diqqəti cəlb etməyə bilməzdi və heç də təsadüfi hesab olunmur. Bu, Azərbaycan gəncliyinə, onun sağlam yetişməsinə böyük diqqətin təzahürü idi. Ulu Öndər hakimiyyətə qayıdışı ilə Azərbaycan gəncinin savadlı, dünyagörüşlü, vətənpərvər, qəhrəman, milli dəyərlərə malik, milli mənlik şüuruna sahib yetişməsi, inkişaf etməsi üçün nə lazım idisə etdi və görünən odur ki, Azərbaycan gənci də ona göstərilən bu etimadı layiqincə doğrultdu. Ümummilli Lider Heydər Əliyevin gəncliyin vətənpərvər ruhda yetişməsi istiqamətində müəyyən etdiyi yol hazırda dahi rəhbərin layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ölkə rəhbərimizin Azərbaycan gəncləri ilə bağlı bir çox dövlət proqramları, fərmanları və sərəncamları bunu təsdiq edən məqamlardır. Gənclərimizin istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanmaları, beynəlxalq miqyasda keçirilən idman yarışlarının, müxtəlif müsabiqələrin qalibi olmaları, Azərbaycanın hüdudlarından xeyli kənarda ictimai, elm, mədəniyyət və digər bütün sahələr üzrə ölkəmizi yüksək səviyyəli kürsülərdə təmsil edə bilmələri aparılan gənclər siyasətinin uğurlu və məntiqi nəticələridir.

Gənclərimizin həqiqətən də milli ruhda tərbiyə aldığını, vətənpərvər olduğunu torpaqlarımızın işğaldan azad olunması zamanı gördük. Bunu tək biz yox, bütün dünya ictimaiyyəti gördü və şahifi oldu ki, Azərbaycan gəncləri vətəni yolunda, hətta bir qarış torpağı uğrunda öz qanlarından, canlarından keçməyə hazırdırlar. Şəhid, qazi kimi yüksək ad qazanan gənlərimiz vətən üçün tərəddüd etmədən, qorxmadan, çəkinmədən ölümün gözünün içinə dik baxdıqlarını dünyaya bəyan etdilər. Ölkəmizin gəncləri sübut ediblər ki, gələcəyimiz, suverenliyimiz etibarlı əllərdədir və milli dəyərlərimiz qorunur. Aprel döyüşlərində, 44 günlük müharibədə, eləcə də anti-terror tədbirlərində Azərbaycan gəncliyi öz sözünü dedi, vətənpərvərliyini sübut etdi, milli dəyərlərin keşiyində necə dayandığını bir daha göstərdi. Göstərdi ki, torpaqlarımızın, vətənimizin keşiyində ayıq-sayıq dayanılıb və lazım gəldikdə canı, qanı bahasına hər qarış torpağımızı müdafiə etmək əzmi və ruhu var.

Doğma torpaqlarımızın, Qarabağ ərazilərinin erməni işğalından, düşmən tapdağından azad edilməsində gənclərimizin müstəsna xidmətlərini, rolunu hər kəs gördü. Hər kəs gördü ki, vətənpərvərvər ruhda olan Azərbaycan gənci xüsusi şücaəti ilə seçilir. Mədəniyyət ocağımız olan və 30 ilə yaxın düşmənin işğalı altında qalan Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər, bu döyüşlər zamanı gənclərin qayalarla dırmaşaraq düşmən üzərinə həmlə etməsi xüsusilə cəsurluq nümunəsi kimi yaddaşlara həkk olundu. Bu cəsarət əlbəttə ki, milli ruhda, vətənpərvərvərlik ruhunda tərbiyə alan, yetişən gəncliyə məxsus olmalı idi və bunun şahidi olanlar bir daha əmin oldular ki, həqiqətən də Azərbaycan gəncliyi məhz milli mənlik şüuruna malik, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alıb və yetişib.

Sözsüz ki, vətəni sevmək, onu qorumaq, mühafizə etmək, vətən üçün əlindən gələni əsirgəməmək vətəndaşlıq borcudur, amma milli mənlik şüuru, vətənpərvərlik hissi bu borcun daha üstün şəkildə, layiqincə yerinə yetirilməsi deməkdir. Azərbaycanın öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, hər qarış torpağını qoruması, onun keşiyində durması ən ümdə vəzifə hesab olunur. Bundan sonra da torpaqlarımızın, milli dəyərlərimizin mühafizəsi ən önəmli, ən vacib missiyadır. Bu isə gələcəyimiz olan gənc nəslin üzərinə düşür. Sözsüz ki, bu baxımdan da gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi prioritetdir. Ona görə də dövlətimiz, dövlət başçımız, cənab Prezident İlham Əliyev gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsinə, vətənpərvərlik hisslərinin tərbiyəsinə xüsusi önəm verir, diqqətlə yanaşır və bunun üçün də müvafiq, lazımı işlər görülür. Bu gün həmin o milli ruh, vətənpərvərlik ruhu yenə də Azərbaycan gəncliyinə aşılanır. Azərbaycan dövlətinin gənclərə olan dəstəyi nəticəsində gəncliyimizin yenə də milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəsi inkişaf edir, hətta təkmilləşir. Daha dəqiq desək, dövlətimizin apardığı gənclər siyasəti sayəsində Azərbaycan gəncliyinin daha da vətənpərvər olacağına zərrə qədər şübhə yoxdur. Bu isə o deməkdir ki, milli mənlik şüurunda, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alan, yetişən gəncliklə gələcəyə ümidlər daha böyükdür.

Müəllif: İnam Hacıyev

6.3.10. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə