MEDİA-nın 3 yaşına media kapitanlarının BAXIŞI - RƏYLƏR

Bu gün Medianın İnkişafı Agentliyinin 3 yaşı tamam olur. SİA bu münasibətlə media nümayəndələrinin təəssüratlarını öyrənib.

Mətbuat Şurasının sədri Rəşad Məcid: "Medianın İnkişafı Agentliyinin fəaliyyətini yüksək qiymətləndirirəm. "Media" haqqında yeni qanunun hazırlanmasında Medianın İnkişafı Agentliyinin və ekspertlərinin böyük rolu oldu. Eyni zamanda bu yeni medianın maliyyələşdirilməsi, saytlara müsabiqələrin keçirilməsi, reyestrin yaradılması da MEDİA-nın əməkdaşlarının sayəsində reallaşmaqdadır. Agentliyin ADA Universitetində keçirdiyi təlimləri çox yüksək qiymətləndirirəm. Eyni zamanda Medianın İnkişafı Agentliyin Şuşada keçirilən beynəlxalq forumu ən uğurlu fəaliyyətlərindən biri idi. Dünyanın müxtəlif yerlərindən jurnalistləri bir araya toplamaq, mədəniyyət paytaxtımızda müasir medianın problemlərini müzakirə etmək çox ağır və məsuliyyətli vəzifə idi. Çox fərqli jurnalistlər dəvət olunmuşdu, maraqlı mövzularda müzakirələr aparıldı. Elə bilirəm ki, Medianın İnkişafı Agentliyinin ən uğurlu işləri sırasında bu forumu qeyd etməliyik. Arzu edirəm ki, bu forum gələcək illərdə də davam etdirilsin, yenə yüksək səviyyədə keçirilsin, dünya mediasının diqqəti bizim mədəniyyət paytaxtımız Şuşada olsun. Eyni zamanda Medianın İnkişafı Agentliyinin ötən il region mətbuatı ilə bağlı keçirdiyi müxtəlif bölgələrimizdəki tədbirləri də yüksək qiymətləndirirəm. İndi region mətbuatı yaxşı günlərini yaşamır, buna görə də Medianın inkişafı Agentliyi də, Mətbuat Şurası da vəziyyətdən çıxış yollarını axtarır. Agentliyin artıq 3 regionda keçirdiyi tədbirlərdə region mətbuatını inkişaf etdirməyin yolları barədə düşünülür. Yəqin ki, bunun bir nəticəsi olacaq. Keçən ilin son günlərində region mətbuatı nümayəndələrinin Şuşaya səfərinin təşkili mənim üçün çox xoş oldu. Başda Əhməd İsmayılov olmaqla Medianın İnkişafı Agentliyinin kollektivini təbrik edirəm, uğurlar arzulayıram”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: "Medianın İnkişafı Agentliyi 2021-ci ilin yanvarında Prezident İlham Əliyevin ölkədə media islahatlarının daha da dərinləşdirilməsi barədə sərəncamına uyğun olaraq yaradılıb. Bəzən Medianın İnkişafı Agentliyi özündən əvvəlki qurumun bazası üzərində yaradılmış bir qurum kimi təsəvvür olunsa da demək olar bütün istiqamətlərdə fəaliyyət xüsusiyyətlərini və prinsiplərini tam yeni şəkildə təqdim etdi. Agentlik ölkədə çap mediadan başqa onlayn medianın maliyyələşdirilməsinin yeni mexanizmlərini tətbiq etdi. Medianın inkişafı haqqında yeni qanunu hazırladı. Bu qanun özündən əvvəl mövcud olmuş KİV haqqında qanunun demək olar ki, prinsipcə tam yeniləşmiş, dəyişdirilmiş formasını ortaya qoya bildi. Bu qanun hələ 1990-cı illərinin ortalarında qəbul olunmuş “KİV Haqqında Qanun”un ötən müddət ərzində yaranmış reallıqlara tam şəkildə uyğunlaşdırılmış variantıdır. Təsadüfi deyil ki, medianın inkişafı haqqında yeni qanun ölkədə media sahəsində meydana çıxan bütün müsbət təzahürləri qanunvericilik standartları çərçivəsində yönəldə bilən qanundur. Bu qanun ilk dəfə olaraq ölkəmizdə media orqanlarının və jurnalistlərin reyestrini tətbiq edə bildi. Bu da həm medianın inkişafının tənzimlənməsi baxımından əhəmiyyətlidir, həm də medianın inkişafına və jurnalistlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına dövlətin dəstəyinin daha konkret çərçivəyə salınmasına öz töhfəsini verə bildi. Agentlik Media sahəsində proseslərin daha da təkmilləşdirilməsi yönündə perspektivli yoldadır. Yeni layihələr və platformalarla bağlı anonslar var. Yəqin ki, Medianın İnkişafı Agentliyi bu istiqamətdə fəaliyyətini ortaya qoyulacaq daha yeni layihələrlə sübut edəcək. Medianın İnkişafı Agentliyi bu gün dövlətimizin dövlət sistemində vacib struktura çevrilib. Bu agentlik həm media sahəsində fəaliyyətin tənzimlənməsi, həm də media və dövlət orqanlarının qarşılıqlı münasibətlərinin tənzimlənməsi sahəsində vacib funksiyanı yerinə yetirir”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: "Medianın İnkişafı Agentliyinin 3 yaşının tamam olması münasibətilə orada çalışan həmkarlarımı təbrik edir və işlərində uğurlar arzu edirəm. Təbii ki, KİV-lərə Dövlət Dəstəyi Fondunun yerində Medianın İnkişafı Agentliyinin yaradılması, nizamnaməsinin təsdiqi və media sahəsində sahəsində görüləcək işlərin müəyyənləşdirilməsi çox müsbət haldır. Bu 3 ildə xeyli islahatlar aparılıb. Bu islahatların ən mühümü Medianın İnkişfı Agentliyinin təsisindən sonra yeni Media Haqqında Qanunun qəbuludur. Bu qanunla həmin dövrə qədər mediada olan boşluqlar aradan qalxdı. Jurnalistika sisteminin demək olar ki, bütün sahələrinin hüquqi tənzimləmə mexanizmləri ortaya qoyuldu. Bunun özü müsbət haldır. Çap mətbuatının yaşaması üçün də davamlı şəkildə layihələrin həyata keçirilməsini müsbət hal kimi qiymətləndirmək olar. Media savadlılığı ilə bağlı keçirilən tədbirləri yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu təkcə media camiəsini əhatə etməməlidir. Cəmiyyətin bütün sahələrində media savadlılığı anlayışını beyinlərə yeritmək lazımdır. İndiki dönəmdə sosial media şəbəkələrinin daha aparıcı rola malik olması, önə çıxması və kirli informasiyaların məhz bu sosial media şəbəkələrində yayılmasının qarşısını almağın yeganə yolu media savadlılığı ilə bağlı maarifçilik işlərinin aparılmasıdır. Düşünürəm ki, klassik və yeni media ənənələrinin yaşamasını və müəyyən mənada inkişafını istiqamətləndirən xeyli sayda layihələr həyata keçirilib. Bu layihələrin davamlı olmasını arzu edirəm”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu: "Cənab Prezidentin 12 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin yaradılması olduqca əhəmiyyətli bir hadisə idi. Medianın İnkişafı Agentliyinin yaradılması yeni bir səhifə, son dərəcə əhəmiyyətli bir addım oldu. Ümumiyyətlə KİVDF-nin ləğvi və Media İnkişaf Agentliyinin yaradılması media sahəsində islahatların başlanğıcı hesab edilə bilər. Fərmanda da qeyd edildiyi kimi, burada söhbət yeni tendensiyaların öyrənilməsindən, medianın fəaliyyətini yeni tələblər əsasında qurmaqdan gedir. Medianın İnkişafı Agentliyinin fəaliyyəti medianın inkişafı ilə bağlı strategiyanın hazırlanması, media ilə bağlı proseslərə çevik reaksiya verilməsi baxımından önəmlidir. Bu mənada keçən bu üç il ərzində Medianın İnkişafı Agentliyi öz fəaliyyəti ilə əhəmiyyətli rol oynadı, ölkəmizdə medianın inkişafına, qlobal informasiya məkanında baş verən trendlərin, dəyişikliklərin operativ şəkildə izlənməsi və təşkil etdiyi təlimlərlə həm də tətbiqinə öz töhvələrini vermiş oldu. Burada diqqət çəkməli olan məsələ, mediada çalışan həmkarlarımızın yeni peşə standartlarına bələd olmaları, baş verən yenilikləri tətbiq etmək bacarıqlarına yiyələnmələri, mütəmadi şəkildə peşə vərdişlərini təkmilləşdirmələri, ixtisaslarını artırmaları ilə bağlıdır ki, bu mənada mütəmadi və sistemli şəkildə təşkil edilən bu təlimlər olduqca əhəmiyyətli oldu. Bildiyimiz kimi, media hər zaman dinamik və dəyişkən bir sahə olub.

Texnologiyalar inkişaf edir, jurnalistikanın siması dəyişir, çevik, rəqəmsal, konvergent jurnalistika formalaşır. Artıq ənənvi KİV getdikcə öz yerini yeni mediaya verir. Janrlar dəyişir, jurnalistikanın prinsipləri, jurnalistikanın fəlsəfəsinə baxış yenilənir. İxtisasla bağlı bu tip təlimlərin, seminarların mütəmadi olaraq təşkil edilməsi də əhəmiyyətli məqamdır. Bu müddət ərzində jurnalistikamızın problemləri ilə bağlı təşkil edilən beynəlxalq konfrans və simpozimların da önəmini vurğulamalıyıq. Bu mənada Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovu, agentliyin əməkdaşlarını ürəkdən təbrik edir, bundan sonrakı fəaliyyətlərində də uğurlar arzu edirəm”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə