33 yaşlı ustad: “SƏS” Qəzeti - SORĞU

Müstəqil Azərbaycanın müasir mətbuat tarixində öz dəst-xətti ilə seçilən, fəaliyyətə başladığı gündən xalqımızın azadlıq arzularına səs verən "Səs" qəzetinin yaranmasından bu ilin yanvarın 11-də 33 il ötür. "Səs" qəzeti bütün bu illər ərzində təkcə cəmiyyətin informasiya ilə təmin olunması funksiyasını yerinə yetirməmiş, eyni zamanda, Azərbaycanda ictimai fikrin obyektiv və düzgün əsaslarla formalaşması sahəsində böyük xidmətlər göstərmiş, gərgin mübarizədə müstəqilliyini bərpa edən ölkəmizin siyasi sisteminin milli maraqlara uyğun qurulmasında mühüm rol oynamışdır. Bəs gəlin görək, "Səs" qəzeti Azərbaycan mətbuatında necə qəbul olunur və hansı xüsusiyyətlərinə görə seçilir. Media kapitanları bu barədə öz fikirlərini belə bildirib:

Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid: "“Səs” qəzetinin zəngin tarixi var. Bütün bu müddət ərzində öz sabit mövqeyini və oxucu dairəsini qoruyub saxlaya bilib. Yazılı mətbuatın populyar olduğu dövrlərdə, hələ müstəqillikdən öncə fəaliyyətə başlayan”Səs” qəzeti həm də bir qərinənin tarixini özündə yaşadır. Qəzetin fədakar kollektivini bir daha təbrik edirəm".

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: "Hesab edirəm ki, "Səs" qəzetinin mətbuatda fəaliyyət göstərdiyi 33 il kifayət qədər zəngin, yaddaqalan və önəmli bir tarixdir. 1991-ci il 11 yanvar tarixini çox gözəl xatırlayıram. Azərbaycanın müstəqil mətbuat tarixində "Səs" qəzetinin özünəməxsus rolu var. Qəzetin baş redaktoru və əməkdaşları Azərbaycanda ədalətli mövqeyin nümayiş olunmasında, müstəqilliyə gedən yolda öz fəaliyyətini ortaya qoyub. "Səs" qəzeti həm də Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə xüsusi önəm verib. Ümummilli lider hələ Naxçıvanda ikən "Səs" qəzeti ölkədə gedən prosesləri yoxsullara çatdırmaqda müstəsna əhəmiyyətə malik olan bir mətbuat orqanıdır. Eyni zamanda, bu qəzet Yeni Azərbaycan Partiyasının yarandığı dövrdə rayonlarda təşviqat və təbliğat işlərində müstəsna xidmətlər göstərib. "Səs" qəzeti həmin dövrlərdə hakimiyyətdə olan insanların ədalətsiz hərəkətlərini ictimaiyyətə çatdırmaq üçün cəsarətli məqalələrlə çıxış edib. Bu gün də "Səs" qəzeti sözügedən xidmətləri özündə ehtiva edir. Öz auditoriyası baxımından kifayət qədər sevilən və nüfuzunu qoruyub saxlayan mətbuat orqanlarından biridir. Bu 33 il, sadəcə, "Səs" qəzetinin deyil, həm də müəyyən mənada müstəqil Azərbaycan mətbuatının keçdiyi yola aydınlıq gətirir. Hörmətli Baş redaktor başda olmaqla, qəzetin bütün kollektivini, oxucularını təbrik edirəm".

BDU-nun Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu: ""Səs" qəzeti 33 illik müddət ərzində Azərbaycan müasir mediasında özünəməxsus yeri ilə seçilən qəzet kimi özünü təsdiq edib. Bu qəzet kifayət qədər uzun bir yol keçib. 33 illik bir yolda "Səs" qəzeti hər zaman öz siyasi əqidəsi və prinsipiallığı ilə fərqlənib. Azərbaycan cəmiyyətinin maariflənməsində önəmli rol oynayan qəzetin ötən əsrin 90-cı illərinin əvvəllərindəki fəaliyyəti xüsusi qiymətləndirilməlidir. "Səs" qəzeti həmin dövr üçün kifayət qədər ciddi və önəmli məqamlara aydınlıq gətirirdi. Onu da vurğulamaq yerinə düşər ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi də "Səs" qəzeti ilə yaxından əməkdaşlıq edir. Bu mətbuat orqanı hər zaman tələbələrimə iş və təcrübə baxımından öz dəstəyini göstərir. Buna görə də "Səs" qəzetinə xüsusi olaraq təşəkkürümü bildirir və 33 ili uğurla başa vurması münasibətilə təbrik edirəm".

Əməkdar jurnalist İlham Quliyev: "Yanvarın 11-də Azərbaycan ənənəvi mediasının tarixində xüsusi yeri olan “Səs” qəzetinin 33 yaşı tamam olur. 1991-ci ildə fəaliyyətə başlayan qəzet Azərbaycanın müstəqillik tarixində xüsusi yeri var. Heç kimə sirr deyil ki, “Səs” mövcud olduğu dövrdə həmişə Ümummilli lider Heydər Əliyevin media müstəvisindəki əsas təbliğatçılarından olub. Vaxtilə Ümummilli liderə qarşı qarayaxma kampaniyaları aparılan zaman öz səhifələrində ona dəstək nümayiş etdirib. Bu siyasi xətt qəzetin bütün fəaliyyəti dövründə müşahidə edilib.

Zamanın diktəsi ilə “Səs” qəzeti müasir dövrün tələblərinə uyğunlaşıb, modernləşib, SƏS Media Qrupuna çevrilib. Amma əsas etibarı ilə ənənəvi medianın əsas təmsilçilərindən biri kimi qalmaqdadır. Yəqin elə bu səbəbdəndir ki, hazırda MEDİA Agentliyinin xətti ilə dövlətdən maliyyə yardımı alan gündəlik qəzetlər sırasında “Səs”in də adı var.

Mən başda Bəhruz müəllim olmaqla qəzetin bütün kollektivini təbrik edirəm. Bugünkü çətin dövrdə ənənəvi media ənənələrini davam etdirmək yolunda onlara uğurlar arzulayıram. Arzu edirəm ki, “Səs” gələcəkdə də daha yaxşı maddi-texniki bazası, peşəkar kollektivi ilə Azərbaycan mediasında varlığını saxlasın!".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə