Azərbaycançılıq ideologiyasının əhatə dairəsi sərhədsizdir - TƏHLİL

Azərbaycançılıq termini nisbətən yeni yaranan anlayış olsa da, tədqiqatçılar, ictimai xadimlər və yazarlar tərəfindən bu anlayışın mahiyyəti və konseptual tərəfləri artıq aydın şəkildə şərh edilməkdədir. Azərbaycançılıq, artıq hamımızın bildiyi kimi, ümumxalq, ümumdövlət mənafeləri, milli mənafelər və dəyərlər əsasında bütün azərbaycanlıları, eləcə də Azərbaycanın mənafelərini müdafiə edən insanları birləşdirən ideyadır. Bu ideya Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, dəyərlərini qorumağa və demokratik inkişafını təmin etməyə xidmət edir.

Kökündə millətçilik deyil, vətəndaşlıq dəyəri dayanan azərbaycançılıq ideyasının məqsədi, Azərbaycan xalqının birliyinə, həmrəyliyinə, dövlətimizin demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırımaqdır. Azərbaycançılıq ideyası, təkcə ölkəmizin ərazisində məskunlaşan vətəndaşları, müxtəlif etnik qrupları deyil, eləcə də, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlıları, həmçinin Azərbaycanın müstəqilliyini, güclənməsini, inkişafını arzulayan insanları birləşdirən ideyadır. Bu isə o deməkdir ki, azərbaycanlıların milli-mənəvi varlığının əlamətlərini, milli təfəkkürünü birləşdirən, dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji baxımından birlik tərənnüm edən azərbaycançılıq ideologiyasının əhatə dairəsi sərhədsizdir.

Hər bir soydaşımız yaxşı dərk edir ki, məhz azərbaycanlıların birliyi, həmrəyliyi, eləcə də ordumuzun şücaəti və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi, qətiyyəti sayəsində, bir zamanlar ən ağrılı problemimiz olan və artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində ən qısa zamanda öz həllini tapdı. Dünyada yaşayan bütün azərbaycanlıların birliyinin nə demək olduğunu elə bütün dünya ictimaiyyəti də müşahidə etdi və bu, bizim üçün çox qürurvericidir. Unutmaq lazım deyil ki, belə bir birliyin təmin olunmasında tarixin bütün zehni və mənəvi təcrübələrini özündə əks etdirən milli ideologiyanın, azərbaycançılıq ideologiyasının xüsusi rolu var və bu, danılmazdır. Azərbaycançılığın coğraf anlayış olmaqdığı, siyasi anlayış olduğu barədə mütəfəkkirlərin eyni qənaətə gəlməs də təsadüfi deyil. Məhz bu baxımdan azərbaycançılığın dövlətin aparıcı ideologiyasına çevrilməsi də təsadüfi sayıla bilməz. “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı olaraq, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir”, deyə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında bəyan edən Ümummilli Lider Heydər Əliyev əslində, azərbaycançılığı, Azərbaycan təəssübkeşliyini ən lakonik şəkildə ifdə edib.

Azərbaycançılıq ideologiyasının milli həmrəyliyimizin aparıcı amilinə çevrilməsi, cəmiyyətin bütövləşməsi, istiqamətində Ümummilli Lider Heydər Əliyevin gördüyü mühüm işlər əlbəttə ki, danılmazdır. Məhz Ulu Öndərin səyi ilə azərbaycançılıq ideyası mahiyyətcə real məzmun daşımağa başladı və praktik olaraq realizə imkanları qazandı. “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, deyən Ümummilli Lider Heydər Əliyev daim vurğulayırdı ki, real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün azərbaycançılıq ideologiyası bir vasitədir. Ulu Öndər azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail oldu. Bu gün cəsarətlə deyə bilərik ki, azərbaycançılıq ideologiyasının banisi məhz Ümummilli Lider Heydər Əliyevdir və dahi rəhbər tərəfindən əsası qoyulan bu ideologiya dünyada yaşayan soydaşlarımız arasında milli birlik və həmrəylik yaradıb, eləcə də haqq səsimizin dünyaya çatdırılmasında əvəzsiz rol oynayıb.

Hansı ölkədə yaşamasından, harada məskunlaşmasından, hətta milli mənsubiyyətindən belə asılı olmayaraq, özünü azərbaycanlı heab edən, Azərbaycan naminə çalışan, maraqlarını, mənafelərini müdafiə edən hər kəs üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrə ilk növbədə məhz azərbaycançılıq ideologiyasıdır. Elə məhz buna görə də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək baxımından da azərbaycançılıq ideologiyası əvəzsizdir. Bu ideologiyanın gücü isə, hər şeydən əvvəl fərdi maraq və meyilləri dövlət siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanlarından bilavasitə asılıdır. Biz həmin ideologiyanın gücünə 44 günlük müharibə dönəmində daha yaxından bələd olduq. Təkcə biz yox, elə dünya ictimaiyyəti, hətta düşmənlərimiz belə Ulu Öndərin banisi olduğu həmin ideologiyanın nələrə qadir olduğunu bir daha müşahidə etdilər. Müşahidə etdilər ki, birliyimiz, həmrəyliyimiz qələbələrimiz üçün, ən qısa zamanda Zəfər əldə etməyimiz üçün əsas, həlledici rol oynadı. Azərbaycançılıq ideyasını rəhbər tutan hər kəs üçün, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu ideyanı rəhbər hesab edən hər bir insan üçün qazandığımız qələbə qürur hissi yaşadır, çünki azərbaycançılıq ideologiyasının əhatə dairəsi sərhədsizdir.

Müəllif: İnam Hacıyev

6.3.9. Azərbaycançılıq ideyasının təbliği”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə