"Jurnalistika sahəsində inkişafın son həddi yoxdur" - MEDİA EKSPERTİ BİLDİRİB

"Bu gün Azərbaycanda Milli Televiziya və radio günü qeyd olunur. Bu münasibətlə elektron media sistemində çalışan həmkarlarımı təbrik edirəm. Azərbaycanda uzun illərdir ki, qeyd olunan bu bayram 2023-cü ildə əlavə bir ovqatla keçirilir. Belə ki bu bayram "Zəfər günü" ərəfəsinə təsadüf edir". Bu sözləri SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri (JuHİ), Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında xalqın bütün təbəqələri kimi bizim kütləvi informasiya vasitələri, jurnalistlərimiz də yaxından iştirak ediblər: "Qələbə uğrunda mübarizədə Azərbaycan jurnalistikası da şəhidlər verib. 11-ə yaxın KİV nümayəndələri arasından şəhidimiz olub. Bu baxımdan "Zəfər günü" ərəfəsində Azərbaycan Televiziyası və Radio gününün qeyd olunması xalqımız üçün ikiqat bayramdır".

"Jurnalistika elə bir sahədir ki, burada inkişafın son həddi yoxdur. Bu sahədə daim yenilənmə və inkişaf gedir. Azərbaycan media mühiti də bu yeniliklərə uyğunlaşmaq üçün daim təşəbbüs göstərir. Əlbəttə ki, bu gedişatda çatışan və çatışmayan cəhətlər mövcuddur. Uğurlarla yanaşı müəyyən problemlər də var. Ümid edirəm ki, növbəti mərhələlərdə Azərbaycanın teleradio məkanında vacib olan dəyişikliklər barədə ictimaiyyəti məlumatlandırarıq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə