Uşaq və gənclərin fiziki və mənəvi inkişafı hər zaman prioritetdir - TƏHLİL

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı hər bir cəmiyyətin, hər bir xalqın, hər bir ölkənin inkişaf göstəricisi olaraq görülür. Çünki ölkənin də, cəmiyyətin də gələcəyi məhz uşaq və gənclər, onların fiziki və mənəvi inkişafı ilə bağlıdır. “Gənclər bizim gələcəyimizdir”, kəlamı ilə Ulu Öndər Heydər Əliyev bu reallığı, bu həqiqəti daha aydın şəkildə ifadə edib və Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi zamandan etibarən gənclər siyasətinə böyük önəm verilməsi də bu baxımdan heç də təsadüfi deyil. Məhz bütün bunlar nəsərə alınaraq, gənclər siyasətinin əsas istiqamətləri məhz Ümummilli Lider tərəfindən müəyyənləşdirilib və bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması, ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində dövlət rəhbərimiz sərəncamlar imzalaması onu deməyə əsas verir ki, bu kontekstdə mühüm tədbirlər görülməkdədir. Ələlxüsus da, Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün mühüm addımların atılması, görülən işlər, hətta əldə olunan nəticələr sözügedən sahənin ölkəmiz üçün əsas prioritetlərdən olduğunu təsdiq edir.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı ilə bağlı bir sıra sənədlərin qəbul edilməsi, ələlxüsus da, 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramı, 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi" barədə ölkə rəhbərinin imzaladığı Sərəncam bu sahəyə diqqətin ən bariz nümunəsi və eləcə də təsdiqidir. Azərbaycan gənclərinin məhz dünyanın müxtəlif ölkələrində sayılb-seçilən, nüfuzlu universitetlərində təhsil alması, təhsilini layiqincə başa vurduqdan sonra yararlı mütəxəssis olaraq ölkəyə geri dönməsi elə bu diqqət və qayğının təzahürüdür. Dövlətin qayğısı sayəsində bir sıra imkanlardan yararlana bilən gənclərin sayı çoxdur və onlar minlərlədir, hansıki dövlətimizin diqqət və qayğısını hər an öz üzərində hiss edir.

Dövlətimizin uşaq və gənclərə diqqəti və qayğısı artıq öz bəhrəsini verməkdədir. Beləki, Azərbaycan gəncliyinin artıq beynəlxalq aləmdə seçilməyə başlaması nəticənin arzuolunan olduğunu göstərir. Bu nəticələrə görə də gəncliyimiz hətta dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında da yer almağa iddialıdır. Gənclərimizin beynəlxalq əməkdaşlığının son illərdə xeyli genişlənməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayının artmaqda davam etməsi də təsadüfi deyil və sevindirici haldır. Məsələn, "Dialoq və Əməkdaşlıq Uğrunda" İslam Konfransı Gənclər Forumu, GUAM ölkələrinin Gənclər Forumu, Dünya Türk Gəncləri Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı kimi beynəlxalq gənlər platformalarının təşəbbüskarı, eləcə də təsisçisinin Azərbaycan gəncliyi olması ilə qürur duyuruq və həm də əmin oluruq ki, ölkəmizin apardığı gənclər siyasəti uğurlu nəticələr verməkdədir.

Gənclərin fizki inkişafı ilə yanaşı, həmçinin onların mənəvi cəhətdən inkişafı da vacib şərt hesab olunur. Hər bir uşağın, hər bir gəncin gələcəkdə layiqli vətəndaş olması olduqca önəmlidir və məhz bunun üçün uşaq və gənclərin mənəvi cəhətdən inkişafına da diqqət yetirilməlidir. Sözsüz ki, uşaq və gənclərin mənəvi cəhətdən inkişafında onların təhsili xüsusi rol oynayır. Ona görə ki, gənc nəslin mənəvi tərbiyəsində ailədən sonra ilk yeri məhz təhsil ocaqları, orta və ali məktəblər, universitetlər tutur. Valideynlərin öz övladlarına düzgün tərbiyə verməsi ilkin şərt olsa da, gənclərin hər mənada sağlam yetişməsində təhsil ocaqlarının özünəməxsus yeri vardır. Uşaq və gənclərimizin layiqli vətəndaş olmaları üçün təhsil ocaqlarında çalışan pedoqoji kollektivin, müəllimlərin xüsusi əməyi də diqqətdən yayınmamalıdır. Çünki tədris müəssisələrinin əsas vəzifəsi məhz gəncliyimizin milli ruhda, milli-mənəvi tərbiyədə yetişməsini təmin etməkdir və məhz bu baxımdan həmin müəssisələr, eləcə də o müəəssisələrdə çalışan pedaqoqlar uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, şəxsiyyət olaraq formalaşmalarına, milli ruhda böyümələrinə, təhsilə məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik daşıyırlar.

Ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə böyüyən, fiziki, milli və mənəvi ruhda yetişən, inkişaf edən gənclərimizin 44 günlük Vətən Müharibəsində necə qəhrəmanlıq göstərdiklərinin bütün dünya şahidi oldu. Hər kəs müşahidə etdi və əmin oldu ki, vətən torpaqlarının hər qarışı üçün gəncliyimiz canından, qanından keçməyə hər an hazırdır. Şəhid və qazilərimiz sübut etdilər ki, Azərbaycan gəncləri necə vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə hörmək və ehtiram hissi ilə yetişib, inkişaf edib. Sözsüz ki, bütün bunların da kökündə məhz ölkə Prezidentinin apardığı düzgün, düşünülmüş, məqsədyönlü siyasətin dayandığı qətiyyən təkzib edilə bilməz. Məhz bu siyasət, düzgün, düşünülmüş, məqsədyönlü siyasət ölkəmizin, onun torpaqlarının, ərazi bütövlüyünün, suverenliyinin gələcəkdə də daha etibarlı şəkildə qorunacağına indidən əmin olmağa əsas verir. Çünki belə bir uğurlu siyasətin yaradılması nikbin proqnozlara zəmin yaradır və əsas verir.

Azərbaycan Ordusunun əsasını təşkil edən Azərbaycan gəncliyi artıq dünyada sözünü demiş bir gənclikdir və bu gənclik öz Ali Baş Komandanının ətrafında sıx birləşib. Ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafına göstərilən diqqət onu deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyinin qorunmasında, haqq səsinin dünyaya çatıdırılmasında gənclərimiz, ölkə Prezidentinin ətrafında həmişə olduğu kimi, bundan sonra da, gələcəkdə də sıx birləşəcək və buna əminliyimiz kifayət qədərdir. Bu əminliyimiz isə, təbii ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafının hər zaman diqqət mərkəzində, eləcə də etibarlı əllərdə olmasına görədir. Çünki həm xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan gənclər siyasəti dövlətimiz tərəfindən uğurla davam etdirilir, həm də uşaq və gənclərin layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün Azərbaycan dövləti bütün imkan və şəraiti yaradıb. Nəzərə alınır ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafı hər zaman prioritet məsələdir.

Müəllif: İnam Hacıyev

6.3.19. “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə