Böyük sürətlə davam edən BÖYÜK QAYIDIŞ – TƏHLİL

İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və Böyük Qayıdış proqramı çərçivəsində nəqliyyat, enerji və kommunal infrastrukturun bərpası istiqamətində Azərbaycan irimiqyaslı layihələr həyata keçirir. Artıq üç ildir ki, bu layihələr, bu işlər uğurla davam etdirilir və nəticəsi də göz önündədir. Keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaları üçün Şuşa, Zəngilan, Laçın, Ağdam və digər rayonlarla fəal şəkildə hazırlıq prosesləri gedir.

Diqqətə çatdıraq ki, “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə böyük qayıdış” Birinci Dövlət Proqramının müddəalarına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 35 minə yaxın ailənin qayıtması və məskunlaşması üçün 2027-ci ilədək lazımi şəraitin yaradılması nəzərdə tutulub. Bunun üçün, yəni müvafiq şəraitin qeyd olunan dövrə qədər yaradılması məqsədi ilə son üç ildə həmin ərazilərdə işlərin necə intensivləşdiyi də, həcminin artdığı da göz önündədir. Bu vaxta qədərki müddət ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ilkin nəqliyyat, enerji, kommunal infrastrukturun formalaşdırılması istiqamətində böyük işlər görülüb. Belə ki, həmin ərazilərdə onlarla kilometr müasir yollar çəkilib və hələ də bu yolların çəkilişi davam etdirilir, yüksək gərginlikli elektrik xətləri və yarımstansiyalar tikilməkdədir, artıq qaz və su təchizatına başlanılıb, mobil və internet baza stansiyaları bərpa edilib, yanacaqdoldurma məntəqələrinə qədər tikilib ki, bunlar həmin ərzilərimizdə məskunlaşacaq vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə reallaşdırılır. Sözsüz ki, rayonların bərpasının növbəti mərhələsi üçün yaşayış evlərinin, o cümlədən sosial, inzibati və kommersiya obyektlərinin tikintisinə, aqrar-sənaye klasterlərinin formalaşdırılmasına xüsusi diqqət ayrılıb. Təbii ki, bütün bunlar öz yurd-yuvalarına qayıdacaq vətəndaşlarımızın rahat yaşayışı, eyni zamanda işlə, eləcə də zəruri sosial və dövlət xidmətləri ilə təmin olunmasına, təhsil, tibbi xidmət və digər imkanlara malik olmalarına hesablanıb.

Görülən işlər və həmin işlərin həcmi onu deməyə əsas verir ki, bugünümüz üçün əsas çağırışlarından biri işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərini tezliklə başa çatdırmaq, soydaşlarımızın Böyük Qayıdışını tam tərkibdə reallığa çevirməkdir. Artıq görülən işlər təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərimizin həyatında yeni dövr başlayıb. Olduqca geniş və hərtərəfli bərpa-quruculuq işlərinin hamısı ölkəmizin daxili imkanları hesabına həyata keçirilir və həmin ərazilərə dövlətimiz tərəfindən böyük vəsaitlər ayrılır, qeyd olunan yeni dövrün tələblərinə cavab verəcək işlər görülür.

Böyük Qayıdış artıq sürətlə reallaşdırılır, sürətli prosesə çevrilib. Proses isə tam planauyğun, eləcə də mərhələli şəkildə davam edir. Bütün bunlar isə cənab Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Davamlı şəkildə müşahidə edirik ki, artıq işğaldan azad edilmiş ərazilərimizə qayıdan ailələrin, insanların sayı günü-gündən artır. Bu imkanı otuz ildən çox müddət ərzində gözləyən həmvətənlərimiz, həmin o ərazilərə qayıdan ailələr yenidən tikilən evlərdə məskunlaşıblar və bundan çox razıdırlar, hansıkı razılıqlarını da ölkə rəhbərinə bildirirlər. Çünki bilirlər ki, məhz bu Böyük Qayıdış proqramı və onun icrası artıq imkan verir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Zəngilanın Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndlərinə, Füzuli rayonuna, öz yurd-yuvalarına, ata-baba torpaqlarına qayıtsınlar.

İşğaldan azad edilən ərazilərə qayıdacaq insanların normal yaşaması məqsədilə hər cür infrastruktur yaradılıb və yenə də yaradılmaqdadır. Artıq Füzuli və Zəngilanda istifadəyə verilmiş Beynəlxalq Hava limanları ilə bərabər Laçında da üçüncü hava limanının tikintisi sürətlə davam etdirilir. Bütün bu faktlar, yəni görülən işlər onu deməyə əsas verir ki, artıq Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb. Onu da diqqətə çatdırmaq yerinə düşər ki, görülən işlər üçün Azərbaycan müstəqil şəkildə külli miqdarda vəsaitlər ayırıb və hələ bundan sonra da ayrılacağı planlaşdırılır. Belə ki, İkinci Qarabağ müharibəsi başa çatandan hal-hazırkı dövrə qədər bərpa işlərinə dövlət büdcəsindən artıq 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Təkcə bu ilin son 9 ayında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün Azərbaycan hökuməti tərəfindən 3 milyard 741 milyon manat vəsait xərclənib. Bu da hələ son deyil və nəzərdə tutulduğu kimi, gələn ildə həmin işlər üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları təşkil edəcəkdir.

Heç şübhəsiz ki, Azərbaycanın əldə etdiyi Zəfərdən sonra, daha dəqiq desək, üç ildən az müddət ərzində bu qədər işlərin görülməsi, saysız-hesabsız nəhəng layihələrin reallaşdırılması ölkəmizin qüdrətindən, iqtisadi potensialından xəbər verir. Bu həm də ondan xəbər verir ki, dövlətimizlə yanaşı, xalqımız da quruculuq əzmindədir. Ermənistan tərəfinin ərazilərimizdə basdırdığı minalar, mina terroru fonunda Azərbaycan bunun da öhdəsindən müstəqil şəkildə gələrək, quruculuq işləri ilə yanaşı əraziləri minalardan təmizləyərək, Böyük Qayıdış proqramını uğurla davam etdirir. Məhz elə həmin çətinliklər fonunda Azərbaycanın məcburi köçkünlərimizi Qarabağ və Şərqi Zəngəzura, öz doğma torpaqlarına qayıtmaları ilə bağlı arzuları­nı reallığa çevirməkdə davaməsi ölkəmizin və xaqımızım quruculuq əzmi, eləcə də dövlətimizin qüdrəti deməkdir. İşğaldan azad olunan ərazilərimizdə, Ağdərədə, Xocavənddə, Xocalıda, ələlxüsus da Xankəndidə bayrağımızın dalğalanması ölkə rəhbərimizin, Ali Baş Komandanımızın, cənab Prezident İlham Əliyevin qətiyyətindən xəbər verir. Belə bir qətiyyətli lideri, eləcə də qüdrətli dövləti olan bir ölkənin vətəndaşları isə gələcəyə daha böyük ümidlər bəsləyir və haqlı olaraq ümid edir ki, Böyük Qayıdış proqramı sona qədər beləcə uğurla davam edəcək və həmin ərazilərin sakinlərinin hamısı ən tez, ən yaxın zamanda öz yurd-yuvalarına dönəcəklər.

Müəllif: İnam Hacıyev

6.3.7. “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə