"Şuşa Forumu dünya media məkanına töhfələr verdi" - Müşviq Ələsgərli

"Şuşa Qlobal Media Forumunun əsas hədəfi müasir media trendlərinin müzakirə edilməsi idi. 21-23 iyul tarixlərində keçirilən tədbir bu kontekstdə öz məqsədinə çatdı. Rəqəmsal transformasiya mühitinin ortaya çıxardığı bütün çağırışlar Forum çərçivəsində müzakirə edildi. Azərbaycanın məşhur media təşkilatlarının, o cümlədən, Medianın İnkişaf Agentliyinin, Mətbuat Şurasının, Audiovizual Şuranın, 60-a yaxın milli KİV subyektinin, həmçinin, 150 xarici KİV qurumunun, 12 beynəlxalq təşkilatın, tanınmış media ekspertlərinin iştirakı ilə baş tutan müzakirələr qeyd edilən istiqamətlər üzrə uğurlu nəticələr verdi. Problemlərin həlli üçün təkliflər səsləndirildi, yeni dövrün hərəkət istiqamətləri müəyyənləşdirildi". SİA xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşviq Ələsgərli deyib.

"Prezident İlham Əliyevin Forumda çıxış etməsi, xarici və yerli jurnalistlərin suallarını cavablandırması tədbirə əlavə çalar qatdı. Prezidentin səmimi davranışı, arqumentli fikirləri, yeni informasiyalarla zəngin nitqi həm yerli, həm də xarici jurnalistlərdə məmnunluq yaratdı. Tədbirin davam etdiyi günlərdə müvafiq dövlət qurumlarının təmsilçilərinin, o cümlədən, Prezidentin köməkçisi Hikmət Hacıyevin orada iştirak etməsi, jurnalistlərlə canlı təmas yaratması, istənilən növ sualları cavablandırması tədbirin effektini artırdı. Beynəlxalq təşkilatların təmsilçilərinə şərait yaradıldı ki, onları maraqlandıran bütün suallara cavab tapsınlar. Birmənalı şəkildə demək olar ki, Şuşa Forumu dünya media məkanına töhvələr verdi. Bununla yanaşı, Forumun birbaşa məqsədləri ilə yanaşı, digər hədəfləri də var idi. Fikrimcə, həmin hədəflərə də nail olundu.

Təbii ki, tədbirin uğurlu şəkildə təşkil edilməsi ölkəmizin imicinə müsbət xal gətirdi. Foruma qatılmış xarici jurnalistlərin yazdıqları məqalələr, sosial media hesabları üzərindən paylaşdıqları postlar 3 gün ərzində Azərbaycanın adını dünyanın xəbər gündəmində saxladı. Yazılan məqalələrdə, paylaşılan postlarda media müzakirələri ilə yanaşı, Azərbaycan-Ermənistan müharibəsinə, Ermənistan tərəfinin Qarabağda törətdiyi vandalizm aktlarına da yer verildi. Xarici jurnalistlər Şuşaya səfər zamanı yol üzərində gördükləri dağıntıları qeydə alaraq paylaşırdılar. Ermənistanın işğal dövründə törətdiyi dağıntılarla, Azərbaycanın son 3 ildə bu bölgədə apardığı quruculuq işlərini müqayisə etdilər", - M. Ələsgərli qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə