Medianın İnkişafı Agentliyinin ayırdığı maliyyə vəsaiti ilə bağlı media rəhbərləri arasında - SORĞU
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb. SİA mövzu ilə bağlı media rəhbərləri arasında sorğu keçirib.
"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Media Agentliyinin qrantları saytların və xüsusilə də çap orqanlarının inkişafını təmin edən əsas mənbədir.Bu dəstək qəzet və saytların inkişafına yeni perspektivlər açır,dövlətçilik üçün çox vacib olan informasiya siyasətinin həyata keçirilməsinə kömək edir.Media Agentliyinin mətbuat orqanlarına dəstəyi əslində dövlətçiliyimizin inkişafına və möhkəmlənməsinə verilən dəstəkdir.Heç mübahisə yoxdur ki, Media Agentliyinin dəstəyi olmasa, media orqanları ayaq üstdə dayana bilməz, dayansa da elə mənbələrin təsirinə düşər ki, bu halda onlar dövlətçilik üçün o qədər də faydalı rol oynaya bilməzlər.Yəqin ki, bu amil nəzərə alınacaq və medianın dövlətçilikdə , informasiya savaşında vacib rolunu daha da gücləndirmək üçün media orqanlarının təminatı artırılacaq...Agentliyin maliyə yardımı onu şərtləndirir ki, media orqanları daha üstün şəkildə dövlətçiliyin müdafiə mövqeyində dayana bilirlər.Mətbuat orqanları belə mövqe tutmaqla həm dövlətçilik mənafelərinə lazımı informasiya dəstəyi verə bilirlər, həm də özləri dövlətin himayəsi kimi əlverişli gücə söykənə bilirlər .Beləliklə , media orqanları ilə dövlətçilik mənafeləri arasında qarşılıqlı asılılıq və qarşılıqlı dəstək münasibətləri formalaşır.Müasir dünya siyasətində dövlət- media münasibətlərini məhz bu cür qarşılıqlı asılılıqda qura bilən ölkələr ümumən uğur qazana bilir, öz daxili tarazlıqlarını saxlaya bilirlər.Bu amil Azərbaycan üçün də çox vacibdir və biz bu güclü amilin əldə olunmasında Media Agentliyinin qrantlarının mühüm təsirli rolunu inkar edə bilmərik.Çox vacib nüanslardan biri də odur ki, Media Agentliyi qrantlar siyasətini optimal idarə edə bilir və onu işlək dinamik mexanizmlərlə həyata keçirir, zaman- zaman bu mexanizmin təkmilləşdirilməsi və yeniləşdirilməsi də əhəmiyyətlidir.
Agentliyin maliyyə dəstəyi media orqanlarının inkişafı və bir institut kimi dövlətçilikdə iştirakının təmin olunması üçün vacib rol oynayır.
Çap media həm də milli sivilizasiyanın mühüm nailiyyəti olaraq ayrıca yanaşma tələb edir.Yəni çap mediaya dəstəyin fərqli bir istiqamət olduğunu unutmaq olmaz .Xüsusilə çap medianın vizual reytinqinin artırılması vacibdir.Yəni çap media orqanlarının daha yüksək estetik tərtibatla çıxmasını təmin etmək çox əhəmiyyətlidir .Qəzetlərdə kontent məsələsi insafən pis deyil və həm də məzmunca irəliləyiş dinamik xarakter alıb.Ancaq qəzetlərin estetik tərtibat meyarları müasir tələbatlar səviyyəsinə nisbətən yaxınlaşdırılsa çox yaxşı olar və bu amil qəzetlərin xəbər və təhlil göstəricilərinə də müsbət təsir göstərə bilər." Kaş bu qəzet daha keyfiyyətli kağızda, daha rəngarəng tərtibatla çap olunaydı" kimi rəylər tez- tez eşidilir.Təbii ki, bu , qəzetlərin maliyyə təminatının nisbətən artırılması sayəsində mümkün ola bilər.Yəqin ki, əlaqədar instansiyalarda bu nəzərə alınacaq".
Editor.az saytının baş redaktoru Fərid Şahbazlı: "Etiraf etmək lazımdır ki, Medianın İnkişafı Agentliyinin fəaliyyətə başlaması ilə ölkəmizin xüsusilə internet media məkanında ciddi bir canlanma müşahidə olunur. Media tərəfindən müsabiqələrin keçirilməsi və 40-a yaxın sayta maddi yardımın göstərilməsi şübhəsiz ki, həmin internet resurslarının fəaliyyətində ciddi keyfiyyət dəyişikliyinə səbəb olur. Təkrar xəbərlərin kəskin şəkildə azaldığını müşahidə edirik. İnternet media resursları artıq özləri ciddi surətdə xəbər istehsal etməyə başlayıb. Ümumiyyətlə, bir şeyi nəzərdən qaçırmaq olmaz ki, Medianın İnkişaf Agentliyinin fəaliyyəti yalnız müsabiqələr təşkil edib saytları maliyyələşdirməkdən ibarət deyil. Medianın İnkişafı Agentliyi daim jurnalistlər üçün təlimlər və kurslar təşkil edir. Bütün bunlar ortaya yaxşı nəticə çıxmasına səbəb olur".
"Yeni sabah" saytının baş redaktoru Seymur Verdizadə: "Son illər Azərbaycanda medianın inkişafı istiqamətində kompleks tədbirlər görülür. Medianın İnkişafı Agentliyinin bir sıra qəzet və saytlara maliyyə yardımı ayırması da bu kampaniyanın tərkib hissəsidir. Biz hər altı aydan bir analoji qərarların qəbul edilməsinin şahidi oluruq. Bu isə onu göstərir ki, mediaya dövlət dəstəyi epizodik deyil və davamlı xarakter daşıyır. Dövlətin mediaya davamlı olaraq maliyyə dəstəyi ayırması onun maddi texniki bazasının güclənməsinə və jurnalistlər arasında peşəkarlıq xüsusiyyətlərinin artmasına xidmət edir. Hesab edirəm ki, ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə nəzarət edilməlidir. Doğrudur, hazırda ayrılan maliyyə yardımı qəzet və saytlar üçün bir o qədər böyük məbləğ sayılmır.
2024-cü ildə xüsusilə onlayn mediaya ayrılan vəsaitin artırılması tərəfdarıyam. Azərbaycanda gündəlik qəzetlərə aylıq 18 min manat maliyyə vəsaiti ayrılır. Onlayn media isə 7/24 işləyir. Bu baxımdan onlayn mediaya minimum 5, maksimum 10 min manat olmasını arzulayıram. Xahiş edirəm ki, Medianın İnkişafı Agentliyi bu təklifi nəzərdən keçirsin".
7News.az saytının baş redaktoru Səbuhi Abbasov: "MEDİA-nın onlayn və çap mediasına yardımı birbaşa Cənab Prezidentin mediaya oıan diqqətinin təzahürüdür. Və burada əsas məqsəd çap mediasını ayaqda saxlamaq, eyni zamanda, onlayn medianın inkişafına tövhə verməkdən ibarətdir. Təəssüflər olsun ki, biz onlayn mediada uduzuruq, nəinki qlobal, regional səviyyədə belə rəqabətə qoşula bilmir. Ümumilikdə, dəstək olduqca vacib və əhəmiyyətlidir. Sadəcə mexanizmdə bir sıra ciddi nöqsanlar var. Onlayn mediaya ayrılan vəsait o qədər də çox deyil, cəmi 3 min manatdır və bu vısait maliyyəsi olmayan, perspeltivli saytlara ayrılmalıdır. Təəssüf ki, bu bu mexanizm ilk mərhələdə düzgün qurulsa da, sonrakı mərhələdə milli maraqları şəxsi maraalaf əvəzlədi. Yardımın ciddi maliyyə imkanları olan saytlara ayrılması birbaşa təşəbbüsün məhv edilməsi, prosesin zədələnməsi ilə nəticələnəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə