"Jurnalistlərimizə edilən hücum söz və ifadə azadlığına qarşı törədilmiş bir basqıdır" - QURUM RƏSMİSİ BİLDİRDİ
"Azərbaycan jurnalistlərinin Fransanın Nanter şəhərində hücuma məruz qalmasını kəskin şəkildə pisləyirik. Jurnalistlərin Həmkarlar İttifaqı olaraq hesab edirik ki, bu hücum ümumilikdə söz və ifadə azadlığına qarşı törədilmiş bir basqıdır və hüquq-mühafizə orqanları tərəfindən diqqətlə araşdırılaraq lazımi qiymətini almalıdır. Amma təəssüf hissi ilə vurğulayıram ki, bu hadisə ötəri bir insident deyil". Bu sözləri SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri (JuHİ), Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, bu, uzun illər ərzində Fransada azad sözə, sərbəst jurnalistikaya qarşı edilmiş təzyiqin bariz nümunəsidir: "Hələ 2020-ci ildən Fransada fəaliyyət göstərən TF1 televiziya kanalı Azərbaycan həqiqətlərini işıqlandırdığına görə erməni icması tərəfindən basqına məruz qalmışdı. Amma həmin basqın hüquq-mühafizə orqanları tərəfindən sona qədər araşdırılmamış, bu hadisə ilə əlaqədar layiqli ölçü götürülməmişdi. Bundan əlavə son beş il müddətində Fransada ümumilikdə media mühitinin ağırlaşması qanunvericiliyin pisləşməsi, jurnalistlərə qarşı müxtəlif insidentlərin baş verməsi, aksiyaları işıqlandıran media mənsublarının hücumlara məruz qalması, həbs olunması, xəsarətlər alması barədə çoxsaylı informasiyalar mövcuddur".
M.Ələsgərli təəssüf hissi ilə bildirib ki, Fransa hökuməti, xüsusilə Emmanuel Makron hakimiyyəti dövründə bu cür insidentlərə laqeyd yanaşmış, azad sözün boğulmasına göz yummuş və bunun nəticəsində həm yerli, həm də xarici jurnalistlər belə təzyiqlərə məruz qalmışdır: "İkinci təəssüf doğuran hal ondan ibarətdir ki, Paris şəhərində media azadlığının müdafiəsi ilə məşğul olan bir neçə beynəlxalq təşkilat mövcuddur, o cümlədən, “Sərhədsiz Reportyorlar” təşkilatının mənzil-qərargahı bu şəhərdə yerləşir. Beynəlxalq statuslu jurnalist təşkilatları, həmçinin “Sərhədsiz Reportyorlar” da bəhs olunan tipli insidentlərə ikili standartlarla yanaşırlar. Yerləşdikləri ölkə ərazisində jurnalistlərə qarşı baş verən insidentlərə kifayət qədər diqqət yetirmirlər. Hətta yeri gəldikdə bu faktları gizlədirlər. Nəticədə bu cür hadisələr ortaya çıxır. Biz Fransa hökumətinə, hüquq-mühafizə orqanlarına, eyni zamanda Fransada yerləşən beynəlxalq statuslu jurnalist təşkilatlarına müraciət edərək bu faktın araşdırılmasını və lazımi ölçü götürülməsini tələb edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə