Dövlətin inkişafına və güclənməsinə böyük təsir göstərən, məhz cəmiyyətdə tarix boyu yaranan və insanların şüurunda formalaşan ictimai dəyərlərdir. Cəmiyyətlə dövlət arasında boşluq ilk növbədə, dövlətin vahid ideologiyasının vətəndaşın təbii maraqlarını nəzərə almaması nəticəsində yaranır. Elə buna görə də, hətta totalitar dövlətlər belə demokratik inkişaf yoluna qədəm qoyduqda, ilk növbədə əxlaq, mənəviyyat kimi ənənəvi ictimai dəyərlər ön planda olur, baxmayaraq ki, həmin dəyərlər insanlar tərəfindən fərqli qəbul edilir. Müstəqilliyimizin bərpasının ilk illərinin təcrübəsi belə buna nümunə ola bilər, amma sevindirici haldır ki, bunun öhdəsindən də layiqincə gəlindi.
Bildiyimiz kimi, SSRİ-nin mövcudluğu dövründə uzun illər hakim olmuş kommunizm ideologiyasının süqutundan sonra yeni qurulan dövlətin əsasları insanlar tərəfindən aydın şəkildə qəbul edilmirdi. Xalqımızın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev elə məhz buna görə də, ilk növbədə, Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürdü. Bu, çox böyük, düşünülmüş, eləcə də gələcəyə hesablanmış addım idi və məhz bununla da azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi reallaşdırıldı. Sözsüz ki, bu, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindəndir. Elə buna görə də cəsarətlə deyə bilərik ki, azərbaycançılıq ideyasının müəllifi də, bu ideyanın yaradıcısı da, məhz dahi rəhbər, Ümummilli Lider Heydər Əliyevdir.
İstənilən halda hər bir xalqın mütləq çoxluğunun mənafeyini ifadə edən milli ideologiya həmin xalqın tarixi inkişaf yolundan xəbər verir. Eləcə də xalqların vahid məram və məqsədlər ətrafında sıx birləşməsi, ilk növbədə, milli ideologiyanın dəqiq müəyyən edilməsindən bilavasitə, özü də çox asılıdır. Çünki düzgün ideologiyanın müəyyən edilməsi həm də xalqların və dövlətlərin gələcək inkişaf perspektivlərinin təməli hesab olunur. Dövlətin vahid ideologiyası vətəndaşların təbii maraqları ilə üst-üstə düşdüyü zaman isə dövlət-vətəndaş münasibətləri sarsılmaz hala gəlir və biz bunun artıq öz ölkəmizdə, öz cəmiyyətimizdə şahidi olduq. Elə məhz belə bir ideologiyanın Ümummilli Lider Heydər Əliyevin xidmətləri sayəsində ərsəyə gətirilməsi Ulu Öndərin nə qədər uzaqgörən, nə qədər təcrübəli siyasətçi, necə bir dahi rəhbər olduğunu təsdiqləyir.
Azərbaycançılığın mahiyyəti artıq hər birimizə bəllidir. Doğrudur, azərbaycançılıq termini ictimai elmlər dövriyyəsində yeni yaranan anlayışdır, amma son illər alimlərin, tədqiqatçıların, ictimai xadimlərin, yazıçıların bu mövzuya dair ərsəyə gətirdikləri məqalələr, monoqrafiyalar, yazdıqları dərsliklər, eləcə də azərbaycançılığın əsaslarının, mahiyyətinin və konseptual tərəflərinin şərh edilməsi bu ideyanın mahiyyətini anlamağa imkan verir. Məhz sadalanan yazılardan, məqalələrdən, dərsliklərdən, şərhlərdən əldə olunan nəticələr bunu deməyə əsas verir ki, azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafını təmin etməklə yanaşı, millətçilik və şovnizmə qarşı təşəkkül tapmış bir ideolojiyadır, hansıki bu ideologiyanın kökündə millətilik deyil, vətəndaşlıq dəyərləri dayanır. Bu ideyanın məqsədi isə çoxmillətli Azərbaycan xalqının birləşməsi, eləcə də demokratik inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır və xalqımızı birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa, hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Elə buna görə də azərbaycançılıq təkcə Azərbaycan ərazisində yaşayanların həmrəyliyi ilə məhdudlaşmır və ölkəmizin müstəqilliyini, güclənməsini, qüdrətinin artmasını arzulayan insanları birləşdirən dəyər sayılır. Çünki bu ideologiya milli birliyi, ümumxalq münasibətlərini qorumaq, mövqeyimizi təsdiq və inkişaf etdirmək məqsədi daşıyır. Elə buna görə də azərbaycançılıq bizim milli-mənəvi varlığımızın ilkin əlamətlərini, kimliyimizi əks etdirən və milli təfəkkürümüzü birləşdirən dəyərlər sistemi hesab olunur.
Ümumxalq vəhdətini, milli və dini tolerantlığı təmin edən azərbaycançılığın digər tarixi missiyası müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin təmin olunmasından ibarətdir. "Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar, ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir", - deyə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndər Heydər Əliyevin bəyan etdikləri əslində, azərbaycançılığın, Azərbaycan təəssübkeşliyinin ən lakonik ifadəsi sayılır. Artıq hər bir soydaşımız əmin oldu ki, bir zamanlar, daha dəqiq desək, 30 ilə yaxın müddətdə ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli, məhz bütün azərbaycanlıların birliyi ilə reallaşdı. Belə bir birliyi isə tarixin bütün zehni və mənəvi təcrübələrini özündə əks etdirən milli ideologiya yaratdı və məhz bu ideologiya azərbaycançılıq ideologiyasıdır. Mütəfəkkirlərin də qeyd etdikləri kimi, azərbaycançılıq coğrafi anlayış deyil, daha çox siyasi anlayışdır və məhz bu səbəbdən də bu ideologiya dövlətin aparıcı ideologiyasına çevrilib.
Vətən sevgisi ilə, torpaqlarımızın bütövlüyü uğrunda birləşən xalqımız, məhz azərbaycançılıq ideologiyasına sadiq qalaraq, Azərbaycan torpaqlarının işğalına son qoydu. Azərbaycançılıq ideyası, vətən sevgisi bizi birləşdirdi, həmrəyliyimizi təmin etdi və düşmən üzərində qələbəmizə ən qısa zamanda nail olduq, Zəfər qazandıq. Şahidi olduq ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, vətən sevgisi ilə ürəyi döyünən hər bir azərbaycanlının birliyi, azərbaycançılıq ideyası milli maraqlarımızın təmin olunmasına xidmət edir. Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan mübarizədə hər bir azərbaycanlının öz töhfəsini vermək istəyi və niyyəti qürurverici məqamdır. Bütün dünya azərbaycanlılarının Azərbaycanın haqq səsinə səs verməsi gücümüzə güc qatdı desək, yanılmarıq. Məhz milli birliyimizin, həmrəyliyimizin, azərbaycançılıq ideyasının təbliği bu baxımdan daim diqqət mərkəzindədir və indi hər kəs əvvəlkindən də daha çox əmindir ki, azərbaycançılıq ideyası xalqımızın birliyi, həmrəyliyi üçün ən vacib şərtdir.
Hal-hazırda ölkəmiz özünün ən güclü, ən qüdrətli, ən uğurlu dövrünü yaşayır və torpaqlarımızı işğaldan azad etmək uğrunda 44 gün davam edən, ölkəmizin qələbəsi ilə nəticələnən mübarizəmiz, qazandığımız Zəfər Azərbaycanın gücünü, qüdrətini və potensialını bütün dünyaya sübut etdi. Sübut edildi ki, milli birliyimiz, həmrəyliyimiz sarsılmazdır və azərbaycançılıq ideyası bizim üçün ən başlıcasıdır. Xalqımızın öz rəhbərinə, Ali Baş Komandanına, öz Prezidentinə, cənab İlham Əliyevə inamı və birliyi dünyanın tanınmış, nüfuzlu beynəlxalq təşkilatlarının 30 il ərzində bacarmadığı işin öhdəsindən 44 gün ərzində gəlmək üçün yetərli oldu. Azərbaycançılıq ideyasının nəyə qadir olduğu, birliyimizin, həmrəyliyimizin güçü özünü göstərdi. Biz azərbaycançılıq ideyası ilə ölkə rəhbərimizin ətrafında bir yumruq kimi birləşib böyük tarixi qələbəmizə imza atdıq, birlikdə güclü olduğumuzu sübut etdik. Ali Baş Komandanımızın qətiyyəti, siyasi iradəsi, təcrübəsi, biliyi, uzaqgörənliyi, eləcə də azərbaycan Ordusunun rəşadəti və xalqımızın birliyi, həmrəyliyi ilə mükəmməl qələbəyə ən qısa zamanda imza atıldı və bu, dünyanın hərb tarixinə belə qızıl hərflərlə yazıldı.
Doğrudur, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüş, müharibə bizim qələbəmizlə başa çatdı, düşmən rüsvayçı məğlubiyyətə düçar oldu, kapitulyasiya, təslimiyyət sənədinə imza atmağa məcbur edildi. Məsələ burasındadır ki, 44 günlük müharibə qələbəmizlə başa çatdıqdan sonra biz diplomatik müstəvidə də mübarizəmizi aparırırq və məhz birliyimizlə, həmrəyliyimizlə, eləcə də ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə diplomatik müstəvidə də qələbələrə imza atmaqda davam edirik və bu qələbələr hər birimiz üçün qürurvericidir. Hər dəfə şahidi oluruq ki, Ali Baş Komandanımız diplomatik müstəvidə milli maraqlarımızdan çıxış edir, milli maraqlarımızı müdafiə edir və Azərbaycançılıq ideyası hər zaman, hər yerdə ön plandadır. Bu ideya isə bizə elə hər zaman və hər yerdə qələbələr, Zəfər bəxş edir və bundan sonra da qələbələrimizin davamlı olacağına zərrə qədər şübhə yoxdur. Çünki azərbaycançılıq dövlətimizin aparıcı ideologiyasıdır və bu ideologiya ətrafında bizim birliyimiz və həmrəyliyimiz bizi hər zaman güclü, qüdrətli edir, qələbələrə aparır.
Müəllif: İnam Hacıyev
6.3.9. “ Azərbaycançılıq ideyasının təbliği”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB