Ekologiya və ətraf mühitin mühafizəsi prioritet məsələdir – TƏHLİL

Ekologiyanın və ətraf mühitin mühafizəsi bütün bəşəriyyətin diqqət mərkəzində olmalıdır, çünki insan cəmiyyəti inkişaf etdikcə təbii sərvətlərin istismarı da, onların tullantıları da artır və bu baxımdan təbii ehtiyatlardan rasional istifadə ümumbəşəri məsələyə çevrilir. Bir sözlə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi, ekoloji tarazlığın qorunub saxlanması öz aktuallığını qoruyub saxlayır. Hətta ekologiya, ətraf mühitin mühafizəsi, ekoloji tarazlıqla bağlı ortaya çıxan problemlər bütövlükdə dünya ictimaiyyətini narahat etməyə bilməz və məhz bu səbəbdən də diqqət mərkəzindədir.

Ətraf mühitlə bağlı məsələlər insanları düşündürməyə bilməz, çünki insanların sayı artdıqca, cəmiyyət inkişaf etdikcə, buna müvafiq olaraq, istehsal da, istehlak da artır. Deməli, bu proseslərin fonunda hətta texniki vasitələrin sayı da çoxalır, təbii ehtiyatlardan istifadə də artır və bu da bərpası mümkün olmayan təbii ehtiyatların gələcəkdə tükənəcəyi anlamına gəlir. Məhz buna görə də ətraf mühit, ələlxüsus onun mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə daim insanları düşündürür. Ona görə düşündürür ki, əvvəla təbii ehtiyatların gələcək nəsillərə də qorunub saxlanılması gərəkir, digər tərəfdən də həmin təbii ehtiyatlardan istifadə zamanı ekoloji tarazlığı pozmaq, tullantılara yol vermək, təbiəti çirkləndirmək nəticə etibarı ilə insan cəmiyyətinin özü üçün nəinki arzuolunmazdır, hətta böyük fəlakətlərə səbəb olacaq amillər sayılır. Bu səbəbdən də ətraf mühitin, ekologiyanın mühafizəsi ilə bağlı ayrı-ayrı dövlətlərin öz strategiyaları var və məqsəd də bizi əhatə edən aləmi mühafizə etmək, qorumaqdır ki, bu məsələdə bütün bəşəriyyətin amalı eynidir.

Neft və neft məhsullarının insanların ictimai həyatında əvəzolunmaz yer tutmasına, insanların neft məhsullarından gündəlik həyatlarında bir çox sahələrdə istifadə etmələrinə görə onların tullantılarının olması qaçılmazdır. Nəzərə alaq ki, Azərbaycan neft hasil edən, ixrac edən ölkədir və neftin hasil olunması zamanı səmərəlilik nəzərə alınmazsa bu, tullantıların həcminin artmasına, ətraf aləmin çirklənməsinə, ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Təbii ki, bütün bunlar nəzərə alınır və Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi, qayəsi də məhz ekoloji tarazlığın pozulmasının qarşısının alınmasını təmin etməkdir. Əks təqdirdə, ətraf mühitin elə insan cəmiyyətinin özü tərəfindən çirkləndirilməsinin, təbiətin, fauna və floranın mühafizəsinin qarşısını almaq mümkün olmaz və bu da ekoloji tarazlığın pozulmasına gətirib çıxarar. Bu arzuolunmaz halların qarşısının alınması üçün yarana bilən ekoloji problemlər təhlil edilib, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilib, illər ərzində onların icrası istiqamətində tədbirlər görülüb.

Müstəqilliyimiz yenidən bərpa edildiyi dövrə qədər, daha dəqiq desək, Sovetlər İttifaqının mövcud olduğu 70 il ərzində Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi diqqət mərkəzində olmayıb. Əvvəla ona görə ki, Azərbaycanla bağlı ekoloji məsələlər, ölkəmizdə ətraf mühitin mühafizəsi Sovet İttifaqını əsla maraqlandırmayıb. Həmin dövrdə SSRİ büdcəsinə daxil olan gəlir ön planda olub və bu müddətdə zavodların, fabriklərin işləməsi nəticəsində ətraf mühiti çirkləndirən tullantılar, eləcə də atmosferi çirkləndirən zəhərli qazlar barədə düşünmək Moskvanın maraq dairəsində olmayıb. Həmin dövrlərdə Sumqayıt şəhərinin timsalında sənaye şəhərlərində ətrafa, atmosferə külli miqdarda zəhərli qazlar buraxan zavodlar tikilmişdi ki, onlar havanı, ətraf mühiti həddindən artıq çirkləndirirdi. Buna qarşı çıxmağa kimsənin cürəti çatmadığı bir dönəmdə Ümummilli Lider Heydər Əliyev bu məsələyə öz narazılığını bildirirdi. Məhz Ulu Öndərin buna qarşı olması, ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirməsi Moskvanı qane etmirdi. Amma buna baxmayaraq dahi rəhbər Heydər Əliyev çəkinmədən, daim ölkəmizin ekoloji cəhətdən qorunmasına, mühafizəsinə xüsusi diqqət, xüsusi qayğı ilə yanaşırdı və məhz buna görə də SSRİ rəhbərliyi onun hakimiyyətdən uzaqlaşdırılması üçün əlindən gələni edirdi.

Xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev bu məsələyə, ekologiya və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqət ayırdı. İlk növbədə respublikamızın, paytaxt Bakının yaşıllaşdırılması işinə başlanıldı və yaşıllıq sahələri salındı. Başlıca məqsəd də ekoloji tarazlığın bərpa edilməsi idi. Bunun ardınca da məhz Ümummilli Liderin rəhbərliyi ilə ekoloji strategiya müəyyənləşdirildi, hansı ki, “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası” əsasında işlənib hazırlanmışdı. Bunun ardınca, 1998-ci ildə qəbul edilən “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı” görülən işlərin davamına çevrildi. Daha sonra, 2000-ci ildə, “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” daha iki qanun qəbul olundu. Növbəti ildə, 2001-ci ildə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması ilə işlər tamamilə nizama salındı.

Hal-hazırda da ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi dövlətimizin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir, prioritet hesab olunur və Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev bütün sahələr kimi, ekologiya və ətraf mühitin mühafizəsinə də ciddi şəkildə diqqət və qayğı göstərir. Məhz ölkə başçısının rəhbərliyi ilə təbiətin, ətraf mühitin qorunması istiqamətində əməli addımlar atılır. Ekologiyaya, təbiətin mühafizəsinə, təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilib, məhz cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində təbiətin qorunması istiqamətində praktiki və əməli addımlar atılıb. Ölkə başçısının 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilib ki, öz nəticəsini artıq göstərir və artıq ekoloji tarazlığın bərpası istiqamətində mühüm nəticələr əldə olunub. Ölkə rəhbərinin ekologiya və ətraf mühitin mühafizəsinə ayırdığı diqqət göz önündədir. Xüsusilə, 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması cənab Prezidentin ekologiya və ətraf mühitin mühafizəsinə nə qədər önəm verdiyini göstərir.

ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2016-ci ilin yanvar ayında Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi hazırlanıb və buradakı qiymətləndirmələrin nəticələrinə, mövcud ekoloji vəziyyətə görə Azərbaycanın 31-cı sırada qərarlaşması heç də təsadüfi deyil. Bu, ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini təsdiq edir. Məhz buna görə də ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində Azərbaycanda görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən layiqincə qiymətləndirilir. Elə bu qiymətləndirmənin nəticəsidir ki, ölkəmiz reytinq sıralanmasında Yaponiya, Belçika, Hollandiya, İsrail kimi dünyanın bir sıra qabaqcıl və inkişaf etmiş ölkələrindən öndə qərarlaşıb. Onu da diqqətə çatdıraq ki, ekoloji Fəaliyyətin Effektivliyi İndeksində meşələrlə bağlı istiqamətdə qiymətləndirmə üzrə Azərbaycan 180 ölkə arasında 5-ci yeri tutub və bu böyük nailiyyət məhz ekologiyanın qorunmasına dövlətimizin ayırdığı diqqət sayəsində əldə edilib. Bu isə onu deməyə əsas verir ki, ətraf mühitin qorunması Azərbaycanın dövlət siyasətinin prioritetlərindəndir və bu məsələ ölkə rəhbəri, cənab Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Sözsüz ki, görülən tədbirlər və görülməkdə olan işlər, xüsusən də ekologiya və ətraf mühitin mühafizəsinin diqqət mərkəzində saxlanılması, ölkəmizdə ekologoyanın, eləcə də ətraf mühitin mühafizəsinə, qorunmasına öz tövhələrini bundan sonra da verəcək. Ekoloji tarazlığı təmin etmək məqsədilə dövlət proqramlarının, layihələrin reallaşdırılması, tədricən ətraf mühitin daha da sağlamlaşdırılmasına, daha da yaxşılaşdırılmasına səbəb olacağı zərrə qədər şübhə doğurmur.

Müəllif: İnam Hacıyev

6.3.17. “Ekologiya və ətraf mühitin mühafizəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə