Seçki prosesi problemsiz şəkildə davam edir - Türkiyənin Ali Seçki Şurası

Türkiyə seçki prosesi bu saata qədər problemsiz şəkildə davam edir.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Ali Seçki Şurasının sədri Ahmet Yener deyib.

"Namizədlər siyahısında dəyişiklik edilməyib. Məhərrəm İncənin namizədliyini geri götürməsinə baxmayaraq vətəndaşlar ona da səs verə biləcək", - deyə A.Yener bildirib.

Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Bununla yanaşı Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.

Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.

Səsvermə Ankara vaxtı ilə saat 08:00-da başlayacaq və saat 17:00-dək davam edəcək. Yüksək Seçim Qurumunun sədri Ahmet Yener ilkin nəticələrin həmin gün elan olunacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə