Böyük Qayıdışla bağlı NİKBİN PROQNOZLAR - TƏHLİL

Zəfərimizlə başa çatan 44 günlük müharibədən, torpaqlarımızın işğaldan azad olunmasından sonra vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qayıtması üçün əsaslı işlərin aparıldığı təsdiq edir ki, Böyük Qayıdış planı uğurla icra olunur. Bu isə onu deməyə əsas verir ki, erməni işğalı nəticəsində öz yaşadığı ərazilərdən uzaq düşən Azərbaycan vətəndaşlarının dogma torpaqlarına dönəcəkləri gün artıq uzaqda deyil.

Vətəndaşlarımızın öz dogma yurdlarına ən tez zamanda qayıtması üçün dövlətimizin apardığı işlər göz önündədir. İşğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan infrastrukturun yenidən qurulması, şəhər və kəndlərin bərpası istiqamətində atılan addımlar təkcə bizim deyil, bütövlükdə dünyanın diqqət mərkəzindədir. Hər kəs şahiddir ki, ermənilərin işğal etdikləri ərazilərdən köçkün düşən vətəndaşlarımızın üçün dövlətimiz bütün imkanlarından istifadə edir və bütün qüvvə bu istiqamətdə səfərbər olunub. Deməli, Boyük Qayıdış barədə nikbin proqnozlar verməyə yetərincə əsas var və ümidlərimizin doğrulacağına əminliyimiz olduqca böyükdür.

"Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət almışdır. İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir", deyə cənab Prezident İlham Əliyev vurğulayıb və bildirib ki, Böyük Qayıdış proqramı uğurla isra olunur. "Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq", deyə bəyan edən Azərbaycan Prezidentinin öz siyasi iradəsi ilə hər zaman olduğu kimi, yenə də qarşıya qoyulan məqsədlərə nail olacağı zərrə qədər şübhə doğurmur. Artıq bir neçə şəhər və kəndin Baş planının təsdiqləndiyi, eləcə də bir neçəsinin təməlinin şəxsən ölkə rəhbərimiz tərəfindən qoyulması, ötən ilin noyabrında cənab Prezident İlham Əliyevin, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncam imzalaması sözügedən proqram barədə nikbin proqnozlar vermək üçün yetərlidir. Hər zaman olduğu kimi, ölkə rəhbərimizin qətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi və ilk növbədə liderlik keyfiyyətləri sayəsində yenə də uğur qazanılacağı hər kəsə bəllidir.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və dayanıqlı inkişafının, milli iqtisadiyyata sürətli inteqrasiyasının və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi əsrin üçdə birinə yaxın müddət ərzində Azərbaycanın güclənməsi naminə aparılan uzaqgörən xarici siyasətin və görülən sistemli işlərin məntiqi davamı hesab olunur. Bu baxımdan cəsarətlə deyə bilərik ki, Böyük Qayıdış proqramının bundan sonra da uğurla davam etdiriləcəyi barədə verilən nikbin proqnozlara nəinki bizim özümüzün, dünya ictimaiyyətinin də zərrə qədə şübhəsi yoxdur və ola da bilməz.

İki ildən bir qədər artıq müddətdir işğaldan azad olunmuş ərazilərimizdə əsaslı quruculuq işləri tam sürətlə davam edir. Erməni vəhşiliyi nəticəsində dağıdılan yerlər, 30 il müddətində viran qoyulan ərazilər, şəhər və kəndlər, yaşayış məntəqələri yenidən qurulur. Müasir tələblərə cavab verən layihələrin bir neçəsi artıq başa çatdırılıb, bununla bərabər yenilərinin də təməli qoyulub və müvafiq işlər aparılmaqdadır. İşğaldan azad edilən ərazilərimizdə iki beynəlxalq hava limanının bu qısa müddət ərzində təhvil verilməsi heç də az iş deyil və bu böyük nailiyyətdir, hansı ki, dünya ictimaiyyətinin də marağına səbəb olub. Ona görə ki, qısa müddət ərzində bu qədər işlərin görülməsi, özü də dövlətimizin öz gücü hesabına işlərin bir qısminin başa çatdırılması ölkəmizin gücünü, qüdrətini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə iqtisadi cəhətdən quruculuğun təmin edilməsi ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilir.

Cəmi iki il müddətində infrastrukturun yaradılması, xüsusilə də avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilib istifadəyə verilməsi, yenilərinin təməlinin qoyulması, bütün şəhərlərin baş planlarının hazırlanması, “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi təsdiq edir ki, görülən işlər sistemli xarakter daşıyır və bundan sonra daha üstün nəticələrə, uğurlara ümid etməyə dəyər. Görülən işlər əlbəttə ki, öz döğma yurd-yuvalarına məskunlaşacaq vətəndaşlar, sakinlər üçün qabaqcıl təcrübənin tətbiqi, rahat həyat şəraitinin və əlçatanlığın təmin olunması, beləliklə də vətəndaş məmnunluğunun artırılması deməkdir. Deməli, Böyük Qayıdış istiqamətində Azərbaycan strateji hədəflərini ardıcıl olaraq reallaşdırır.

Bilirik ki, işğaldan azad edilən ərazilərimizin kifayət qədər potensialı var və bu potensial həmin ərazilərin ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinə inteqasiyası üçün yetərlidir. Təbii sərvətlər baxımından işğaldan azad edilən ərazilərin zənginliyi bir sıra istiqamətlərdə, ələlxüsus sənaye və xidmət sahələrində innovativ məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün böyük imkanlar deməkdir. Qarabağ regionu geniş imkanlara malikdir və həmin ərazilərdə yerləşən yataqlarda qiymətli metalların olması, Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Kəlbəcər və Laçın bölgələrinin turizmin müxtəlif növləri üçün, ələlxüsus da eko, sağlamlıq, mədəni, təbiət, yay və qış turizminin inkişafı üçün əlverişli imkanlara, zəngin resurslara malik olması böyük perspektivlər vəd edir. Bu, həm də o deməkdir ki, Qarabağın azad və innovativ iqtisadiyyat mərkəzinə çevrilməsi üçün dövlətimizin geniş imkanları var. Bütün bunlar isə ölkəmizin qüdrətinin, gücünün, potensialının daha da artması, beynəlxalq aləmdə bundan sonra da söz sahibi kimi çıxış etməsi deməkdir.

Güclü iqtisadiyyatı, hərbi qüdrəti, siyasi-diplomatik imkanları, müsbət beynəlxalq imici olan bir ölkənin istənilən strateji hədəfinə vaxtında çatacağı bəllidir. Bu baxımdan əminliklə deyə bilərik ki, Azərbaycan qarşıda duran milli məqsədləri, xüsusilə də, Böyük Qayıdış planını reallaşdırmaq iqtidarındadır və xalqımız da buna əmindir. Bu əminlik eyni zamanda, Qarabağın, mədəniyyət paytaxtımız olan Şuşanın xilaskarı, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə mütəmadi səfərləri, atdığı uğurlu addımları, ölkə başçısının rəhbərliyi altında bərpa-quruculuq işlərinin sürətlə davam etməsi ilə daha da artır və bütün bunlar Böyük Qayıdış barədə sadalanan nikbin proqnozlar üçün əsas şərtdir.

Müəllif: İnam Hacıyev

6.3.7. “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə