Hüquqi dövlət və vətəndaş cəmiyyəti ölkənin yüksəlişi üçün əsas şərtdir - TƏHLİL
Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması ilə yalnız müstəqillik dövrünün deyil, son iki əsrlik tarixinin ən şanlı salnaməsini yaradan xalqımız buna zamanın ağır keşməkeşlərindən, taleyinin bütün sınaqlarından alnıaçıq çıxmaqla nail oldu və bu nailiyyətlərində hüquqi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin rolu danılmazdır. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etsə də, qarşıda duran ən mühüm vəzifələrdən biri keçmiş sovetlər birliyindən miras qalmış hüquq sistemini yeni çağırış və tələblərə uyğunlaşdırmaq, hüquqi dövlət quruculuğunu həyata keçirmək idi ki, bütün bunlara nail olunması bu gün bizim qələbələrimizə, Zəfərimizə, uğurlarımıza əsaslı zəmin yaratmış oldu.
Hüquqi dövlət quruculuğunun həyata keçirilməsi, vətəndaş cəmiyyətinin qurulması 1991-ci il 18 oktyabr tarixində qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı”nda öz əksini tapsa da, əməli və konkret işlər, eləcə də tələb olunan islahatlar Ulu Öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf etdi. Dövlətin möhkəmlənməsi, eləcə də yüksəlişi üçün hüquqi dövlət quruculuğunun, demokratik cəmiyyət qurmağın, islahatların aparılmasının, bazar münasibətlərini tənzimləyən mükəmməl qanunların qəbul olunmasının vacibliyini nəzərə alan Ümummilli Lider bu istiqamətdə uğurlu addımlara imza atdı. “Azərbaycan Respublikasında demokratik hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməli, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı-bunların hamısı bərqərar olmalıdır. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişməkdir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməliyik”, deyən Ulu Öndər Heydər Əliyev hüququ demokratik dövlət və vətəndaş cəmiyyəti qurmağı özünün başlıca məqsədi olduğunu bəyan etdi və bu məqsədinə də nail oldu. Ölkəmizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti bu baxımdan məhz xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş, hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir.
Dünyada nə qədər dəyişikliklər baş versə də, yeni prinsplər, meyarlar, dəyərlər meydana çıxsa da istər insanlar, istərsə də dövlətlər üçün vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu öz aktuallığını yenə də qorumaqdadır. Dünyanın bir parçası olan Azərbaycanda da insan hüquqlarının müdafiəsi və hüquqi dövlət prioritet məsələ olaraq qəbul edilir və elə buna görə də sözügedən sahədə davamlı şəkildə, mütəmadi olaraq islahatlar aparılır. Təsadüfi deyil ki, Azərbacan dövlətinin hər bir vətəndaşın qarantına çevrildiyi bütün dünyada qəbul olunur, çünki ölkəmizdə vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. Nəzərə almaq lazımdır ki, vətəndaşların hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyətindən, nə də hüquqi dövlətdən danışmaq olmaz və elə buna görə də dövlətimiz vətəndaş hüquqlarının, azadlıqlarının keşiyindədir.
Hər bir cəmiyyət hüquqi dövlət qurmaqda, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaqda maraqlıdır. Azərbaycanda qanunun aliliyini təmin edən hüquqi dövlət qurulması, eləcə də vətəndaş cəmiyyətinin bərqərar olması bizim üçün də qürurvericidir. İlk növbədə ona görə ki, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin olması ölkədə demokratiyanın, demokratik cəmiyyətin olduğunu təsdiq edir. Elə bu baxımdan da ölkəmizdə hüquqi dövlətin qurulmasına və vətəndaş cəmiyyətinin bərqərar olmasına görə fəxr etməyə hər birimizin haqqı çatır. Belə bir cəmiyyətdə inkişafa, yüksəlişə ümid etməyə dəyər və biz bu inkişafın da, yüksəlişin də artıq şahidiyik.
Dövlət cəmiyyətin, cəmiyyət isə dövlətin köməyi olmadan köklü məsələləri həll edə bilmədiyi bir aksiomadır. Ona görə ki, vətəndaş cəmiyyətinin inkişaf etmiş strukturu olmadan dövlət demokratik ola bilməz, hansı ki, demokratik cəmiyyətin yeganə ümumi siyasi hakimiyyəti də məhz hüquqi dövlətdir və bu, ümumi bəşəri sərvət hesab olunur. Qanunların aliliyini təmin edən hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması sağlam cəmiyyətin olduğunu təsdiq edir və belə bir cəmiyyətdə inkişafa, tərəqqiyə, eləcə də yüksəlişə ümid etməyə dəyər.
Hazırki dövrdə işlənən mənada vətəndaş cəmiyyəti termini 18-ci əsrdən başlayaraq istifadə edilib. Ona görə ki, məhz həmin dövrdən başlayaraq vətəndaş cəmiyyəti sosial cəmiyyətin inkişafında daha yüksək pillə hesab edilməyə başlanılıb. Elə həmin dövrdən də başlayaraq vətəndaş cəmiyyətinin yaradılmasında başlıca məqsəd insanların təhkimçilikdən azad edilməsi, onların dövlətin təəbəsindən şəxsi ləyaqət hisslərinə malik olan təsərrüfat və siyasi məsuliyyət götürməyə hazır vətəndaş - mülkiyyətçilərə çevrilməsinə şərait yaratmaq olub. Vətəndaş cəmiyyəti quruculuğu deyiləndə həm də demokratik dəyərlərin mövcudluğu nəzərdə tutulurdu, çünki başa düşülürdi ki, sağlam şəraitdə və sağlam şəkildə təşki edilmiş vətəndaş cəmiyyəti həm də dövlətin gücü, inkişafı, yüksəlişi deməkdir.
Vətəndaş cəmiyyətinin inkişafına hal-hazırda ölkə rəhbəri, cənab Prezident İlham Əliyev xüsusi diqqət ayırır. Təməli Hedər Əliyev tərəfindən qoyulan dövlətçilik təliminə uyğun olaraq milli mənafelərimizin, dövlətçilik maraqlarımızın üstün tutulması Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin qayəsini təşkil edir. Azərbaycan Prezidentinin 7 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan və vətəndaş hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl və məqsədyönlü siyasətin parlaq nümunəsidir və ölkə rəhbərimizin siyasətinin mərkəzində insan amili durduğu günümüzün reallığıdır. Elə buna görə də cəsarətlə deyə bilərik ki, ölkəmizdə qurulan hüquqi dövlət, eləcə də vətəndaş cəmiyyəti yüksəlişimiz üçün əsas şərt hesab olunur.
Müəllif: İnam Hacıyev
6.3.1. “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB