Rusiyalı ekspert: Ermənistan Qafqazda Qərbin planlarını həyata keçirməyə çalışır - MÜSAHİBƏ

Vitali Arkov: Azərbaycan avropalı psevdomüşahidəçilərin xüsusi xidmət orqanlarının agentləri olduğunu bilir və buna qarşı çıxır. Və burada Rusiya və Azərbaycan həmrəydir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə Rusiya mətbuatına müsahibəsində KTMT-nin fəaliyyəti və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması problemlərinə toxunaraq, “Ermənistan uzun illərdir Azərbaycanın 7 rayonunu işğal edib. “Rusiya çoxsaylı variantlar təklif etdi. Hətta əvvəlki Ermənistan rəhbərliyi də onları çox müsbət qarşılamırdı, heç vaxt iddia etmədikləri əraziləri saxlamaq istəyirdi. Məsələləri siyasi yolla həll etməkdən ümidsiz qalan Azərbaycan ona məxsus olan torpaqları geri qaytarıb”, - Lavrov bildirib.

Bundan əlavə, Rusiya diplomatiyasının rəhbəri bir daha vurğuladı ki, ötən il Praqada Ermənistan, Azərbaycan və Avropa İttifaqı 1991-ci ilin dekabrında Alma-Ata bəyannaməsində göstərilən şərtlərlə sülh müqaviləsi bağlamağa hazır olduqlarına dair sənəd imzalayıblar. Bu sənəddə deyilir: yeni müstəqil dövlətlər arasındakı sərhədlər Sovet İttifaqının müttəfiq respublikalarının, o cümlədən Ermənistan və Azərbaycanın inzibati sərhədləri boyunca keçəcəkdir. Sonuncuya (Azərbaycana-red.) Dağlıq Qarabağ Muxtar Vilayəti də daxildir”,- Sergey Lavrov əvvəllər təsbit olunmuş tezisini təkrarlayıb.

Nazir xatırladıb ki, ötən ilin sentyabrında Azərbaycanla Ermənistan arasında eskalasiyadan sonra Ermənistan-Azərbaycan sərhədində KTMT missiyasının yerləşdirilməsi planı hazırlanıb. Lakin İrəvan, Lavrovun sözlərinə görə, missiyanı yerinə yetirməyə tələsmirdi. Nazir qeyd edib ki, təklif hələ də “masa üzərindədir” və erməni tərəfi hazır olarsa, missiya “bir-iki gün ərzində yerləşdirilə bilər”.

İkinci Qarabağ müharibəsi zamanı Rusiya prezidenti Vladimir Putinin “Beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycandır” tezisi, o cümlədən Lavrovun Ermənistanın məsul rəhbərliyinin öz vətəndaşlarına işğal altında saxlanan torpaqların geri qaytarılmalı olduqlarını başa salmalı olması barədə bəyanatı geniş diqqət çəkdi.

2022-ci ildə İrəvanın bəzən qeyri-müəyyən və təxribatçı siyasəti ucbatından Rusiya XİN-in bəyanatlarını ermənilər daha açıq şəkildə tənqid etməyə başladı.

Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Eyni zamanda, rusiyalı nazir ilk dəfə olaraq “işğal olunub” ifadəsini açıq şəkildə işlədib. Və bildiyiniz kimi, diplomatiyada hər deyilən və ya əksinə, deyilməyən söz bir siqnaldır.

Rusiyalı politoloq, PolitRus informasiya-analitik portalının rəhbəri Vitali Arkov “Moskva-Baku” portalına vəziyyəti şərh edib. Ekspertin şərhini oxucularımıza təqdim edirik.

- Lavrov, sadəcə olaraq, hər şeyi öz adı ilə çağırdı. İkinci Qarabağ müharibəsindən əvvəl Qarabağın statusu məsələsinin dialoq predmeti olması nədənsə daha geniş yayılmışdı. İndi hamı başa düşür, o cümlədən Ermənistanın özü də - Qarabağ de-yure Azərbaycandır. Ermənistan üçün bununla mübahisə etmək çətin olacaq, ona görə də vəziyyətin təkrarı üçün Qərbi özünə alət seçir.

Niyə məhz indi cənab Lavrov işğal faktını bəyan etdi, siz cənab Paşinyandan soruşmalısınız ki, Moskva niyə ritorikasını dəyişdi? Əvvəllər Köçəryan, Sarkisyan və hətta erkən Paşinyan dövründə Moskva KTMT və Aİİ-dəki müttəfiqi Ermənistanın “hisslərini incitməmək” üçün daha yumşaq, pərdələnmiş dildən istifadə edirdi. Amma son aylar cənab Paşinyan özünü müttəfiq kimi yox, son dərəcə iyrənc aparır. Odur ki, özünüz nəticə çıxarın, cənablar.

Lavrovun sözləri İrəvana növbəti mesajdır ki, Moskva artıq Paşinyan və komandasına görə Ermənistan hakimiyyəti ilə münasibətləri başqa cür qəbul edir. Yeri gəlmişkən, bu yaxınlarda Amerikanın Ermənistandakı diplomatik missiyasına rəhbərlik edən Lin Treysinin Amerikanın Rusiyadakı səfiri vəzifəsinə təyin olunması təsadüfi deyil.

Paşinyan 2021-ci ildə parlament seçkilərində yalnız ona görə qalib gəlib ki, o, üçtərəfli bəyanat imzalayıb və onun hakimiyyətdə qalması sənədlərin icrası baxımından Moskva tərəfindən zəruri hesab edilib.

Ancaq gördüyümüz kimi, o, heç nə etmir. Ermənistan tərəfi, açıq desək, problemi dinamikləşdirir.

Təbii ki, Ermənistanın baş nazirinin hərəkətlərinə və Cənubi Qafqazdakı situasiyaya qlobal vəziyyət, Rusiya ilə Qərb arasındakı münaqişə prizmasından baxmaq lazımdır. Nikol Paşinyan Qərbin maraqlarının dirijorudur.

İndi Qərb də Azərbaycanı müstəqil suveren siyasətinə görə cəzalandırmaq istəyir. Biz görürük ki, Qərb ardıcıl olaraq Azərbaycanı necə cəzalandırmağa çalışır. Belə görünür ki, Qərb Azərbaycanla neft-qaz tərəfdaşlığında səmimi şəkildə maraqlı olmalıdır. Və bununla maraqlanırlar. Amma eyni zamanda, şantaj yolu ilə Bakının “qollarını burmağa” çalışırlar. Bu, Avropa üçün yaxşı heç nəyə gətirib çıxarmayacaq. Çünki o, özü də tamamilə gücsüzdür, Avropa İttifaqınınn suveren siyasətindən danışmağa ehtiyac yoxdur. Avropanın timsalında görürük ki, özlərinə aidiyyatı olmayan, mağara dövrünə qərq olmuş və indi bunun bəhrəsini alan ölkələrin başına nə gəlir.

Qərb regionda qaynar nöqtənin saxlanması və yenidən alovlanmasında maraqlıdır. Nəinki Moskvaya qarşı yönəlmiş siyasət var, biz Qərblə İran arasında qarşıdurmanın, Qərblə Türkiyə arasında gərginliyin artdığını görürük. Yaxın Şərqdə eskalasiyanı da. İrəvan “kollektiv Qərb” naminə regionun ən azı 3 ölkəsinə təsir aləti kimi çıxış edir. Ermənistan bunu öz milli maraqlarının zərərinə razılaşaraq edir. Mən istərdim ki, Ermənistan vətəndaşları bunu görüb başa düşsünlər.

Moskva regionda sabitlikdə maraqlıdır. Ona görə də Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalaması onun üçün vacibdir. Ola bilsin ki, bu, həm də Qərbin təsirini yumşaltmağın bir yolu olacaq. Moskva üçün “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsi son dərəcə vacibdir. Rusiya bütün sərhədlərində sabitlikdə maraqlıdır. Ermənistanın indiki rəhbərliyi təəssüf ki, suveren deyil. Hakimiyyətdə olanlar ağalarının- Qərbin göstərişlərinə əməl edən insanlardır. Və əgər Üçüncü Qarabağ Müharibəsinin başlamasına işarə olsa, başlayacaqlar.

Azərbaycan artıq Ermənistanda avropalı psevdomüşahidəçilərin peyda olmasına qəti şəkildə qarşı çıxıb. Bakı bu cür “personajlara” qəti şəkildə qarşı çıxır, çünki onların xüsusi xidmət orqanlarının agentləri olduğu aydındır. Bütün bunlar regionda sülhə xidmət etmir. Və burada Rusiya və Azərbaycan həmrəydir.

Xatırlayırıq ki, Gürcüstan hakimiyyəti etiraf edirdi ki, Qərb Tiflisi ikinci cəbhə açmağa təşviq edib. Və Ermənistan rəhbərliyi dəli olub Üçüncü Qarabağ müharibəsinə başlasa, bu, ikinci cəbhənin açılışı olacaq. Rusiya kənarda qala bilməz. Moskva dost ölkələr, tərəfdaşlar və müttəfiqlərlə əməkdaşlığı gücləndirməlidir. Ermənistanın və Qərbin Zaqafqaziyada təxribatları təəssüf ki, daha da artacaq. Azərbaycan səbirli olmalıdır. Və təxribatlara boyun əyməməlidir.

Eyni zamanda, Ermənistanda gələcəkdə hakimiyyət dəyişikliyi də mümkündür.

Tərcümə - ELçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə