"Bu hissi Vətənlə əlaqələndirə bilmərik" - PSİXOLOQ İZAH ETDİ

"İnsanların xarakteri müxtəlifdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

O bildirib ki, elə insanlar var ki, hər hansı hadisə başlarına gələrsə, yaxud da kimdənsə gözlədikləri gözləntini ala bilmədikdə o zaman onların içində qəribə aqressiya, mənfi düşüncələr, intiqam hissi baş qaldırır: "Yaxud da, bəzən bilərəkdən və ya bilməyərəkdən onlara qarşı haqsızlığı qəbul edə bilmirlər. Ömürlərinin axırına kimi də bu hislə yaşayırlar ki, intiqam alacaqlar, digər insan da bunu görməlidir, o da əziyyət çəkməlidir. Təəssüflər olsun ki, intiqam alana qədər insan həyatında olan günləri, gözəl enerjini itirir. Sonda o hiss edir ki, ömrünü ancaq buna həsr edib. Əlbəttə ki, intiqam mənfi duyğudur. Bu duyğunu nə qədər çox yaşayarıqsa, o qədər yaşadığımız həyatın zövqünü ala bilmərik. Hətta o insana heç nə olmasa, biz daha da pis olarıq, daha da aqressivləşərik. Çünki biz daim onun pis olmasını gözləyirik. İntiqam hissi, ümumiyyətlə, hər bir insan üçün yad olmalıdır. İntiqam hissi çox olarsa, o insanın özünə mənfi təsir göstərir, nəinki qarşı tərəfə.

Amma, əlbəttə ki, bu hissi Vətənlə əlaqələndirə bilmərik. Bu, tamam fərqlidir. İnsanın insana olan intiqamı, müəllimə, sevdiyimizə, həyat yoldaşımıza, övladımıza qarşı intiqam yolverilməzdir. Amma Vətənlə bağlı intiqam məsələsi artıq ümumi xalqın intiqam məsələsidir. Bu, gözə alınmazsa, onunla ömür boyu yaşasaq da, gündəlik həyatımıza təsir etmədiyi haldır. Digər intiqam halları isə gündəlik həyatımıza çox təsir edir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə