"Azərbaycan ailə institutunda hamı özünü xoşbəxt hiss etməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qədimdən nəinki Azərbaycanda, bütün dünyada insanlarda belə bir fikir formalaşıb ki, ev işləri qadınlara, çöl işləri kişilərə aiddir". Bu sözləri SİA-ya açıqlamasında "YENİ HƏYAT" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini Nailə İsmayılova deyib.

O bildirib ki, bu belə olmamalıdır: "Çünki bütün dünya gender bərabərliyi haqqında müzakirələr aparır. Ölkələr daxilində olan tədbirlərdə, qeyri-hökumət təşkilatı olaraq da bu istiqamətdə layihələr həyata keçiririk. Bu məsələ mentalitetə bağlı məsələ də deyil. Təkcə Azərbaycana aid olsaydı, biz bunu mentalitetlə əlaqələndirmiş olardıq. Həm də mentalitetə müəyyən mənada təsiri olan məsələdir. O da cəmiyyətin müəyyən hissəsi tərəfindən belə qəbul olunub. Bir hissə, şəxsən mənim kimi düşünür ki, gender bərabərliyi olmalıdır, həm evdə, həm çöldə qazanc dalınca gedərkən, ev işlərində, uşaqların tərbiyəsində qadınlarla kişilərin bərabər hüquqları vardır.

Əlbəttə ki, bəzən cəmiyyəti çaşdıran məsələlər də olur. Bunu çox vaxt müsəlman ölkələrində dinə də bağlayırlar. Əgər dinimizlə yaxından tanış olsaq və dinimizi dərindən öyrənmiş olsaq, görərik ki, dinimizdə də qadın və kişilərə bərabər hüquqlar verilir. Amma bəzən gördüklərimiz bizi bunu deməyə məcbur edir. Çünki cəmiyyətdə gördüklərimiz də var. Rayonlarda, qohum ziyarətlərində bəzən ən yaxın insanlarda bu məsələ ilə bağlı rastlaşdığım faktlar olur. Bu da əsas vermir ki, mütləq ev və çöl işləri kişiyə, yaxud qadına aiddir. Mənə elə gəlir ki, bu, insanın xarakterindən, eyni zamanda insanın tərbiyə aldığı mühitdən asılıdır. Yaxud da, daha geniş dünyagörüşünə malik insan bu məsələlərə çox geniş aspektdən baxır. Qəbul edir ki, qadın və kişinin hüquqları bərabərdir, onlar hər şeyi ailə içində paylaşmalıdırlar. İnsan, ümumiyyətlə, paylaşmağı bacarmalıdır. Bu, maddiyyatla yanaşı mənəviyyatla da ölçülür. Ailənin yaşaması, onun gələcəyi maddi təminatın olmasına bağlıdırsa, eyni zamanda burada mənəviyyat məsələləri də var. Qadının və kişinin bir-birinə qarşılıqlı hörmət və sevgisi də bu məsələdə rol oynayır".

Onun sözlərinə görə, əgər biz işləyən qadınları nəzərə alsaq, onlar bəzən elə işlərdə işləyirlər ki, stresli olur: "Öhdəsindən gələ bilməyəndə depressiyaya düşür, bəzən də fiziki gücü az olur, bəzən görəcəyi işdən gəliri az olur, buna görə streslər yaşayır. Çünki hər birimiz evdən çıxanda fikirləşirik ki, övladlarımız, onların gələcəyi üçün müəyyən qazanclar əldə etməliyik. Bəzən bu qazanclar olmayanda insan depressiyaya düşür. Bu hal kişilərdə də baş verir. Ona görə də cəmiyyət olaraq işləyən kişi və qadınlar üçün müəyyən şərait olmalıdır ki, insan ruhən özünü sakit hiss etsin. Bu zaman insanın işinin nəticəsi də çox gözəl olur.

Maddi təminat aşağı olanda ailədə və cəmiyyətdə anlaşılmazlıqlar yaranır. Biz Azərbaycan ailəsiyik. Azərbaycan ailəsinin bir institutu var. Bu institutda da kişi, qadın, uşaq özünü xoşbəxt hiss etməlidir. Cəmiyyət olaraq da bizdə xoşbəxt ailə formalaşarsa, dediyimiz məsələlər də bununla tənzimlənə bilər. Hələ ki, bizim özünü tam xoşbəxt hiss etməyən ailələrimiz var. Kənardan nə qədər kömək olsa da, hər bir ailənin fundamenti, gəlir mənbəyi, övladlarına tərbiyə verəcək qədər zamanı olmalıdır. Əgər bunlar olarsa, problem kimi bildiyimiz məsələlər aradan çıxmış olacaq. Həmişə misal deyirlər ki, xoşbəxtlər eyni olur, amma bədbəxt insanların həyatı fərqli olur. Fikirləşirəm ki, kaş bütün Azərbaycan ailələri xoşbəxt olsunlar. Əgər xoşbəxtlik olarsa, artıq onların arasında bizim müzakirə etdiyimiz məsələlər heç vaxt baş verməyəcək. Hər ailəyə xoşbəxt, səadət dolu həyat yaşamağı arzu edirəm".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə