“Gürcüstandakı hazırkı proseslərdə Qərbin marağı açıq-aşkar görünür” - ŞƏRH EDİLDİ

“Gürcüstandakı hazırkı proseslərdə Qərbin marağı açıq-aşkar görünür” - ŞƏRH EDİLDİ

“Gürcüstanda gedən hazırkı proseslərdə açıq aşkar Qərb ölkələrinin, ABŞ-nın marağının olması görsənir. Bu ölkənin və Avropa İttifaqının aparıcı fondları Gürcüstanda böyük sayda qeyri-kommersiya və media subyektlərinə maliyyə ayırıblar və bütün bunlar illərdir nəzarətsiz qalıb. İndi hökumət maliyyə şəffaflığı yaratmaq və ölkəyə bu vasitə ilə daxil olan maliyyə axınında aşkarlıq yaratmaq istəyir. Bu isə belə görünür ki, daxildə və xaricdə müəyyən qüvvələrə sərf etmir. Onlar bu sahədə xaotik və pərakəndə durumun olmasına öyrəşiblər, hökumətin bu sahədə qayda-qanun yaratmasına müqavimət göstərirlər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqının Gürcüstan hökumətini maliyyə sanksiyaları ilə hədələməsi də prosesin arxasında Qərbin olduğunu göstərir: “Əslində Azərbaycanda da baş verən son olaylar və bu yaxınlarda Qərbin, ABŞ və Avropanın inqilabçı fondlarından külli miqdarda dağınıq və şəxsi hesablar üzərindən maliyyə alan bir neçə şəxsin işinin araşdırılması onu göstərir ki, bu cəhdlər digər Cənubi Qafqaz ölkəsi olan Azərbaycana da olub. Təəssüf ki, Azərbaycanda da Qərb fondları ilə qeyri-leqal yollarla çalışmaq istəyən qeyri-hökumət təşkilatları və media subyektləri vardır və onların əksəriyyəti küçə təfəkkürü olan qeyri-peşəkar insanlardır. Hətta bu yaxınlarda onların facebook üzərindən aparılan danışıqları və yazışmaları aşkara çıxarıldı və onların hansı səviyyənin mütəxəssisi olduğunu bir daha nümayiş etdirdi, elə bir vəziyyətdədirlər ki, hələ bir fonddan ötən illərdə aldıqları qrantın məbləğinin sayını hesabını belə itiriblər, xatırlamaqda çətinlik çəkirlər, çünki başları əyyaş həyat tərzindən və barlarda keçirdikləri vaxtdan ayılmır və özünə dəstə formalaşdıran bu qrup Azərbaycanda anarxiyanın olmasını arzu edir”.

“İstəyirlər ki, özlərinin keçirdikləri anarxik həyat tərzi ölkənin düzəninə çevrilsin. Təcrübədən bilirik ki, onları maliyyələşdirən və adları çəkilən Qərb fondları da illərdir qeyri-leqal fəaliyyət göstərməyə meyllidirlər və bunun üçün zəmin yaradırlar, özləri də qarşı tərəfi buna təhrik edirlər.

Bir daha bu ölkəyə gəldikdə qeyd etmək lazımdır ki, bu gün Gürcüstanda hökumət tərəfindən qeyri-kommersiya və media subyektlərinin fəaliyyəti üçün yetərli olan bütün şərait yaradılıb, yeni qanun isə bu fəaliyyətin daha effektiv tənzimlənməsinə xidmət edir. Hər bir dövlətin bu sahədə islahat aparmaq və hüquqi normativlərə yenilik etmək hüququ vardır, Qərb ölkələrinin bu fonda bəyanatları isə bu ölkənin daxili işlərinə kobud müdaxilədir”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə