Sümük üstə ət verir,
Qəlbə məhəbbət verir,
Qollara qüvvət verir,
Dünya fani dünyadı.

Bəxş edir ağıl-kamal,
Töhfəsidi pak amal,
Qəfildən edir pamal,
Dünya fani dünyadı.

Həm su, həm hava verir,
Həm dərd, həm dava verir,
Xəyanət, vəfa verir,
Dünya fani dünyadı.

Həm dincdir, həm qudurur,
Quşu gözündən vurur,
Həm qurur, həm uçurur,
Dünya fani dünyadı.

Mövcudluq da bir xaldır,
Zaman bizi ucaldır,
Sonra dönür qocaldır,
Dünya fani dünyadı.

Üzə yaraşıq verir,
Gözlərə işıq verir,
Bəxti qarışıq verir,
Dünya fani dünyadı.

Mənim dərd-sitəmimdi,
Çoxu deyib mənimdi,
İnsanlığa qənimdi,
Dünya fani dünyadı.

Bəşəri qan ağladır,
Ömürləri laxladır,
Qapıları bağlıdır,
Dünya fani dünyadı.

Əvvəl rüşeym yetirir,
Sonra cana gətirir,
Cəhənnəmə ötürür,
Dünya fani dünyadı.

Üzü zülmətə gedir,
Ucuz qiymətə gedir,
Düz qiyamətə gedir,
Dünya fani dünyadı.

Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə