Xorvatiyanın Dubrovnik sahillərində təsadüfən batmış 18-ci əsrə aid gəmi aşkar edilib.
SİA-nın məlumatına görə, bu barədə CBS News xəbər verir. Dalğıc və inşaatçı İvan Bukeliç taxta konstruksiyanı köhnə limanda su borusu çəkərkən tapıb.
O, dənizin dibindən bir metrdən az aşağıda basdırılmış vəziyyətdə tapılıb. Radiokarbon analizi gəminin 18-ci əsrin sonlarında batdığını təsdiqləyib.
Dəniz arxeoloqu İrena Radiç Rossi, “...Gəminin növünü və onun dəqiq ölçülərini hələ müəyyən edə bilmərik, lakin bu, mühüm arxeoloji tapıntıdır”,-deyib.
Qəzaya uğramış gəminin qalıqları Xorvatiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə sonrakı araşdırmalar üçün mühafizə olunub.
Deyilənlərə görə, “Adriatik mirvarisi” kimi tanınan Dubrovnik orta əsrlərdə mühüm ticarət limanı olub. YUNESKO-nun Ümumdünya İrsi Saytı olan şəhər həm də “Taxt oyunları” serialının çəkiliş yeri kimi məşhurdur. Arxeoloqlar Dubrovnikdəki tapıntının bölgənin dənizçilik tarixinə işıq salacağına ümid edirlər.
Daha əvvəl bildirilmişdi ki, 1787-ci ildə müəmmalı şəkildə batmış Britaniya gəmisinin qalıqları İrlandiya sahillərində tapılıb. Gəmi irlandiyalı bankir Con La Touche məxsus qiymətli mərmər və bürünc əşyaları daşıyırmış.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə