Elçin Təhməzovla TikTok-da Azərbaycanı Kəşf Et

Elçin Təhməzov, son illərdə TikTok platformasında Bakının və Azərbaycanın gizli guşələrini kəşf edərək izləyiciləri ilə paylaşan bir fenomenə çevrilib. Onun çəkdiyi videolar yalnız sadə turist təcrübələrini deyil, həm də ölkənin turizm potensialını yeni bir baxış bucağı ilə təqdim edir. Elçin, hər paylaşımında izləyicilərinə yeni yerləri tanıtdığı kimi, həm də Azərbaycan mədəniyyətinin zənginliyini göstərməyi məqsəd qoyur. Bu dəfə onun bu maraqlı ideyalarının necə ortaya çıxdığını, qarşılaşdığı uğurları və gələcəkdə nələri reallaşdırmağı planladığını öyrənirik.

"Bakıya köçdükdən sonra yerləri kəşf etməyə başladım"

Bakıya 5 il əvvəl köçdükdən sonra mən muzeylər və tarixi yerləri kəşf etməyə başladım. Bu müddətdə ətrafımdakı insanlarla söhbət edərkən çoxlarının bu yerlər haqqında məlumatlı olmadığını öyrəndim. İlk başda videolarda özümü göstərməyə utanırdım. Buna görə sadəcə gedib gördüyüm yerləri çəkib, öz səsimlə paylaşmağa başladım. İlk paylaşımım 2 il əvvəl zooparkda oldu. Həmin gün qar yağırdı və görüntülər çox maraqlı alındı. Videonu paylaşdıqdan sonra böyük diqqət gördüm və bu, mənə böyük motivasiya verdi.

"TikTok, Azərbaycanın turizm potensialını tanıtmaq üçün böyük imkan yaradır"

TikTok vasitəsilə Azərbaycanın turizm potensialını tanıtmaq mümkündür. Çünki ölkəmizin əhalisinin böyük bir hissəsi bu platformada aktivdir. Travel bloqerlərin videoları daha çox insana çatdıqca, insanlar həmin yerləri ziyarət etməyə həvəs göstərirlər. Qubadlı rayonunun kəndi Ballıqaya və Cənubi Azərbaycanda yerləşən Çuxurkənd kimi gözəl yerləri tanıtmaq istəyirəm. Həmçinin, , İlisuda bir yer var, dağın zirvəsindən isti su çıxır. Bu təbiət möcüzəsi və gözəl mənzərə çox maraqlıdır. Bu yay ora getmək və həmin unikal yeri izləyicilərimlə paylaşmaq istəyirəm. Bu məkanlar maraqlı və görməyə dəyərdir, amma hələlik bu yerlər haqqında çox az paylaşım var. İzləyici diqqətini çəkən digər məqam adrenalin dolu əyləncələrdir. Bu fəaliyyətlər mənim üçün də maraqlıdır. Yamac paraşütü ilə uçduğum anları çəkərkən ən çox zövq aldım. Həmin anların adrenalini və həyəcanı çəkilişi daha da unudulmaz etdi. Bu anları izləyicilərimlə bölüşmək mənə ayrıca zövq verdi.

"İzləyicilərimlə qarşılıqlı əlaqə yaratmaq istərdim"

Gələcəkdə izləyicilərimə kəşf etdiyim məkanları ziyarət etməyi və öz versiyalarını paylaşmağı təklif etməyi düşünürəm. Hər kəsin eyni yeri fərqli tərzdə təqdim etməsi həm məkanın gözəlliyini daha geniş auditoriyaya çatdırar, həm də insanlarda yeni maraqlar yaradar. Bu cür qarşılıqlı əlaqələr həm izləyici sayını artırar, həm də məkanların tanınmasına dəstək olar. İzləyicilərimdə mənə maraqlı ideyalar verirlər. Bugünə kimi aldığım ən maraqlı təklif influenserlərlə yarış təşkil etmək ideyası olub. Bu, çox yaradıcı və həyəcanlı bir fikir idi. Hazırda bu təklif üzərində çalışıram. İzləyicilərim maraqlı ideyalar versələr də yeni məkanlar tapmaqda mənə dəstək olmayıblar, amma bu boşluq məni daha çox araşdırmağa və Bakıdakı az tanınan yerləri tapmağa motivasiya edir.

"Gələcəkdə çox maraqlı layihələrim olacaq"

Gələcəkdə çox maraqlı və fərqli layihələrim var. Amma bu barədə hələlik detalları paylaşmaq istəmirəm, çünki bu, bir sürpriz olacaq. Azərbaycanda hələ belə bir layihə həyata keçirilməyib, amma xaricdə buna bənzər tədbirlər təşkil edən bloqerlər var. Bu layihə yarışma formatında olacaq və inanıram ki, həm mənim, həm də izləyicilərimin həyatında böyük bir dönüş nöqtəsi olacaq. Bundan başqa izləyicilərimlə birlikdə Avropa turu təşkil etməyi planlaşdırıram. Bu layihə həm mənim, həm də izləyicilərimin yeni yerləri kəşf etməsi üçün çox maraqlı olacaq. İnşallah, bu layihəni gerçəkləşdirmək mümkün olar.

Elçin Təhməzov sadəcə videolar çəkmir, həm də izləyicilərini interaktiv layihələrlə hər bir kəşf etdiyi yeri öz gözləri ilə görməyə və paylaşmağa ilhamlandırır. Elçin, Bakının və Azərbaycanın müxtəlif şəhərlərinin unikal tərəflərini təqdim edərək, izləyicilərinin səyahət və kəşf etmə arzularını canlandırır. Onun vizyonu, yalnız yerli turizmi tanıtmaqla qalmır, həm də izləyiciləri ilə birgə bu macəraya çıxmağa, hər bir kəşfi özəl və unikal bir təcrübəyə çevirməyə yönəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə