Məcburi peyvənd olunma tətbiq edilir KORONAVİRUSA QARŞI

Avstriya fevralın əvvəlindən 18 yaşdan yuxarı insanlar üçün koronavirusa qarşı məcburi peyvənd olunma tətbiq edir. SİA xəbər verir ki, bu barədə Avstriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Koronavirus pandemiyası ilə uğurla mübarizə aparmaq və Avstriyanın səhiyyə sistemini qorumaq üçün yüksək səviyyədə peyvənd əhatəsi lazımdır. Buna görə də, fevralın əvvəlindən Avstriyada COVİD-19-a qarşı universal məcburi peyvənd olunma qüvvəyə minəcək", deyə ölkənin Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.

Bildirilir ki, fevralın əvvəlindən martın 15-dək peyvənd olunmamış insanlar peyvənd olunmalıdırlar. Səlahiyyətlilər bu barədə poçtla bildiriş göndərəcəklər. Bu mərhələnin başlaması məcburi peyvənd olunma qanununun nə vaxt qüvvəyə minməsindən asılı olacaq.

Diqqətə çatdırılır ki, martın 15-dən etibarən öhdəliyə əməl olunmasına nəzarət ediləcək və bu istiqamətdə qanun pozuntuya görə 600 avroya qədər cərimə nəzərdə tutulur. Hətta bəzi hallarda maksimum cərimə 3600 avroya qədər ola bilər.

Xatırladaq ki, öhdəlikdən istisna 18 yaşına çatmamış şəxslər, hamilə qadınlar, peyvəndin sağlamlıq riskləri ilə əlaqəli ola biləcəyi şəxslər üçün edilir. Sağalmış xəstələr üçün istisna isə koronavirus üçün müsbət testdən sonra 180 gün ərzində etibarlıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə