"Bu, qapanmaların qarşısını almaqda ən təsirli yoldur" HƏKİMDƏN AÇIQLAMA

"Biz koronavirusla bağlı ümumi statistikanı nəzərə alsaq, epidomoloji durumu digər ölkələrə nəzərən analiz etsək, Azərbaycanda ümumi vəziyyət idarə olunandır və təhlükəli həddi keçməyib. Ancaq biz ümumiyyətlə, yaxın perspektiv üçün koronavirus statistikasını analiz etsək, narahatlıq yaradan yoluxmaların sayının artması istiqamətində gedən prosesləri müşahidə etmiş olarıq. Yoluxmaların sayı bu intensivliklə davam edərsə, artıq biz qısa müddət sonra dördüncü dalğa ilə üz-üzə qala bilərik. Buna görə də, hazırda vəziyyət idarə olunan olsa belə, qarşıda yaxın və uzaq perspektivdə bir çox risklərlə və təhlükələrlə üz–üzəyik". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, həkim Müşfiq Məmmədli deyib.

Yoluxma sayının artması ilə bağlı Müşfiq Məmmədli fikrini belə izah edib: "Yoluxma sayındakı artım, ümumiyyətlə, dünyadakı statistikaya da baxsaq, bütün ölkələrdə artan templə davam edir. Bu, yayda həm daxili, həm də xarici miqrasiyaların hesabınadır. Yəni turistik mövsümün olması və müxtəlif turistik ərazilərə insanların səyahət etməsi, bir-biriylə kontakt və təmaslar yoluxma sayının artmasına səbəb olur. Azərbaycanda yoluxmaların sayının artmasının spesifik səbəblərinə yumşaldılmaların olması, ictimai yerlərdə insanların toplaşmasına icazə verilməsi, eləcə də, toy şənliklərinin keçirilməsi aiddir. Burada bir əsas məqama biz diqqət yetirməliyik ki, vaksinasiya prosesində iştirak edib iki doza qəbul edən insanlarımızın sayı 70-80 faiz həcmində olmalıdır. Əgər biz bu nəticəni əldə etməsək, pandemiyanı bitmiş kimi xarakterizə edə bilmərik. Ümumiyyətlə biz,10 milyon əhali içərisində hədəf kütləni nəzərə alsaq, altı milyon yarım insanımızın hər iki doza vaksin alması lazımdır. Hazırda biz 20-25 faiz həddəyik. Bu baxımdan yoluxma potensialı olan insanımızın sayı kifayət qədərdir. Qorunma qaydalarına bir qədər əməl edilmədiyində biz prosesin artdığının şahidi oluruq. Vaksinasiyadan keçmiş insanlarda isə yoluxma riski çox aşağıdır. Virusun ağır forması demək olar ki, müşahidə olunmur. Doğrudur, biz deyirik ki, hətta vaksinasiyadan keçmiş insanlar da belə yoluxma mümkündür. Ancaq yoluxma riski olduqca aşağıdır. Yoluxma olduqda belə vaksinasiyadan keçmiş şəxs prosesi yüngül keçirir".

Yoluxmaların artması tənzimləyici tədbirləri özü ilə gətirə bilər. Bu barədə həkim M.Məmmədli bunları deyib: "Operativ Qərargahın keçirtdiyi brifinqdən, eləcə də səhiyyə sahəsində nüfuzlu şəxslərin fikirləri və elm xadimlərinin fikirləri onu göstərirdi ki, əgər yoluxmaların sayının artması davam edərsə, o zaman dövlət tənzimləyici tədbirlər həyata keçirəcək. Çünki yoluxmaların sayı aşağı düşməlidir. Burda əsas məsələ vaksinasiya prosesidir. Buna ciddi diqqət ayırmaq lazımdır. Amma yoluxmaların sayı təhlükəli həddə çatarsa, əlbəttə ki, tənzimləyici tədbirlər həyata keçirilə bilər. Təbii ki, həftə sonu avtobusların faliyyətinin məhdudlaşdırılması bu baxımdan mühüm addımdır. Bu proses, yəqin ki, bir müddət hələ davam edəcək. İkinci məsələ ictimai məkanlarda insanların müəyyən təlimatlara daha ciddiyətlə yanaşmasını tələb edəcəyik. Açıq havada maskasız durmağa icazə verilib. Amma sıx toplaşma yerlərində hətta açıq hava olsa da, maska taxmaq tələb oluna bilər. Həm də yoluxma sayı hansı bölgələrdə çoxdursa, müəyyən karantin qaydları orada tətbiq oluna bilər. Təbii ki, bizim heç birimiz qapanmaların tərafdarı deyilik. O cümlədən də dövlətin icraedici strukturları, səhiyyə təşkilatları və digər adminstrativ orqanlar qapanmaların tərəfdarı deyil. Mümkün olduğu qədər qapanmalara getməməyin dərəfdarıyıq".

Qapanmalara getməyin qarşısını almağın müəyyən yolları var. Bunlarla bağlı Müşfiq Məmmdli fikrini belə izah edib: "Qapanmaların aktuallaşmaması üçün bizim atacağımız bir neçə addımlar var. Hər bir kəs öz sağlamlığına diqqətlə yanaşmalıdır. Qoruyucu tədbirlərdən geniş istifadə etmək lazımdır. Yoluxmaların sayı bizi rahatlatmamalıdır. Ölkəmizin digər ölkələrə nisbətən vaksin ehtiyyatı çoxdur. Dövlətimiz vaksinasiya prosesi üçün olduqca əlverişli şərait yaradıb. Bunun hesabına biz hamımız vaksinasiya prosesində aktiv iştirak etməliyik. Bu qapanmaların qarşısını almaqda ən təsirli yoldur".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə