Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır - FOTOLAR

Sumqayıt dünyanın 24 şəhəri ilə qardaşlıq və tərəfdaşlıq münasibəti qurub. Onlardan biri də Avstriyanın Dunay çayının sahilində yerləşən Lints şəhəridir. Bu şəhərlə Sumqayıtı 1999-cu ildən dostluq telləri bağlayır. SİA xəbər verir ki, Lints şəhərinin meri Klaus Luqerin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıtda səfərdədir.

Səfər çərçivəsində iki şəhərin rəhbərlərinin keçirdiyi görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonağa Sumqayıtın tarixi, sosial və iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

O, bu il ölkəmizin COP29-a ev sahibliyi edəcəyindən danışarkən dünyada baş verən iqlim dəyişikliklərinin qarşısını almaqda şəhərlərin də üzərinə böyük missiya düşdüyünü vurğulayıb. Bildirib ki, Sumqayıt şəhərində bu istiqamətdə mühüm layihələr həyata keçirilir, tədbirlər görülür.

Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində həyata keçirilən kompleks quruculuq nümunələri Sumqayıtı gözəl, həmçinin “ağıllı” şəhər konsepsiyasının tətbiq olunduğu modern, ekoloji baxımdan təmiz, “yaşıl şəhər”ə çevirib.

Lints şəhərinin meri Klaus Luqer yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkürünü bildirib. Sumqayıt və Lints şəhərləri arasında 2009-cu ildən dostluq əlaqələrinin qurulduğun qeyd edən qonaq bu münasibətlərin iki şəhər arasında mədəni, iqtisadi və sosial sahələrdə əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayıb. O, həmçinin gələcəkdə bu əlaqələrin daha da möhkəmləndirilməsi və yeni layihələrin həyata keçirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Sonra qonaqlar şəhəri gəzib, Heydər Əliyev Mərkəzində, Bayraq muzeyində olub, Sumqayıt “ASAN xidmət”in fəaliyyəti ilə yaxından tanış olublar. Həmçinin Sumqayıt Muğam Mərkəzində incəsənət ustalarının konsertinə baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə