"İnsanlar peyvəd olunmasa..." MÜSAHİBƏ

SİA həkim-infeksionist Xatirə Əliyevanın müsahibəsini təqdim edir:

- Bildiyimiz kimi son günlər virusa yoluxanların və ölənlərin sayı günü-gündən artır. Ölkəmizdəki vəziyyəti necə qiymətləndirirsiniz?

- Xəstəliyin qarşısını almaq üçün maksimum dərəcədə tədbirlər görülsə də, yoluxma davam edir. Sağalanların sayı yoluxanlardan azdır. Koronavirusa qarşı mübarizə aparmaq üçün peyvənd olunmalıyıq. Azərbaycanda vaksinasiya 2021-ci ilin yanvar ayından başlanılıb. Həmçinin, mənim çalışdığım xəstəxanada da yanvarın 22-dən peyvənd vurulur. İşçilərimizin təxminən, 400 nəfərə yaxını virusa yoluxduğu üçün vaksinasiyada iştirak etmədilər.

- Bəzi insanlar peyvənddən çəkinirlər. Bunun səbəbi nədir?

- İnsanlar peyvənddən qorxmamalıdır. Peyvəndin bəzi kateqoriyaya daxil olan insanlar istisna olmaqla, digərlərinə heç bir yan təsiri yoxdur. Məsələn, xroniki xəstələr, güclü allergiyası olanlar, ximya qəbul edən onkoloji xəstələr, hamilə qadınlar və 18 yaşdan aşağı şəxslər üçün peyvənd olunmaq məsləhət deyil. Peyvənddən sonra insan bədənində antitellər əmələ gəlir ki, bu da xəstəliyin yüngül keçməsinə şərait yaradır. Yəni, xəstəlik pnivmaniya vermir, ölüm təhlükəsi olmur. Peyvənd olunmaq o demək deyil ki, siz virusa heç vaxt yoluxmayacaqsınız. Peyvənddən sonra iynə vurulan qolda cüzi ağrı, baş ağrısı, ümumi zəiflik və yüngül tempratur olur. Bu göstəricilər sizin immunitetinizi gücləndirir.

- Peyvənd proseduru qaydası necədir?

- İlk növbədə portaldan qeydiyyatdan keçmək, daha sonra isə peyvənd otağına müayinə olunmaq üçün yaxınlaşmaq lazımdır. Xəstənin təzyiqini yoxlamadan peyvənd etmək olmaz. Çünki, yüksək təzyiqli adama vurulmuş peyvənd müəyyən fəsadlara səbəb ola bilər.

- Gündəlik yoluxma və ölüm hallarının artması insanların öz sağlamlığına etinasız yanaşmağından irəli gəlir?

- Koronavirus "gözəgörünməz düşmən" adlanır. Onun yoluxmasını zamanında hiss edə bilmirik.

- Virusa yoluxduqdan nə qədər vaxt sonra simptomları hiss edə bilərik?

- Bütün infeksion xəstəliklərdə olduğu kimi koronavirusda da inkubasyon adlanan bir dövr var. Həmin dövr 14 gün müddətindədir. Əgər, sağlam insan koronaviruslu xəstə ilə təmasda olubsa, mütləq 14 gün gözləməlidir. Daha sonra isə burun-boğazdan yaxma üsulu test götürülməlidir.

- Yoluxma zəncirini qırmaq üçün əhalinin neçə faizi vaksinasiya olunmalıdır?

- Təxminən 70 faiz insan vaksinasiya olunsa vəziyyət müsbətə doğru gedər.

- Bəs, koronavirusa yoluxub sağalan insanlar peyvənd olunmalıdır?

- ÜST-ün bizə verdiyi son məlumatlara əsasən, əgər şəxs 6-7 ay əvvəl virusa yoluxub sağalıbsa onun peyvəndə ehtiyacı yoxdur. Amma, əgər bu şəxslər könüllü olaraq peyvənd olunmaq istəyirlərsə bədəndəki antitellərin miqdarı yoxlanıldıqdan sonra bu mümkündür.

- Ölkəmizə gətirilən yeni peyvəndlərin fərqi nədir?

- Bizə peyvənd Türkiyədən göndərilir və bunların yan təsiri demək olar ki yoxdur.

- Belə bir fikir də səslənir ki, ölkəmizə gələn peyvəndlər iynəyə doldurulub hazır gəlir. Bu haqqda nə deyə bilərsiniz?

- Xeyr, bu yalnışdır. Vaksin ampulanın içərisində gəlir. İynələr isə 0.5 milliqram olmaqla Gigiyena Epidemologiya mərkəzi tərəfindən verilir. Bütün peyvənd prosesi şəxsin gözlərinin önündə icra olunur. Həmçinin, peyvənd 28 gün fasilə ilə 0.5 milliqram olmaqla iki mərhələli olur.

- Vaksinasiya ödənişlidir?

- Xeyr, ödənişsizdir. Dövlətimiz tərəfindən bu məsələyə böyük şərait yaradılıb.

- Deyilir ki, yaydan sonra virusdan tamamilə azad olacağıq. Sizcə bu nə dərəcədə düzgündür?

- Bunu öncədən demək düzgün deyil. Yoluxma artdıqca müddət də uzanır.

-Normal həyatımıza nə vaxt dönəcəyik?

- Məncə kütləvi vaksinasiyadan sonra bu bəla yaxamızdan düşəcək.

- Peyvənd olunmuş insanlar tibbi maska taxmağa davam edəcək?

- Maskadan istifadə yaxşıdır. O bizi virusdan qoruyur.

- Açıq havada maskadan istifadə etmək nə dərəcədə düzgündür?

- Əslində təmiz havada maskadan istifadə etmək düzgün deyil. Çünki, nəfəs almaq olmur və insanlar oksigen qəbul etməlidir. Yaxşı olardı ki, vaksinasiyadan sonra açıq havada maskasız nəfəs alaq. Qapalı məkanlarda isə bu mütləqdir.

- Bəzi insanlarda maskadan allergiya yaranıb. Sizcə buna səbəb nədir?

- Tamamilə razıyam. Maskadan çox istifadə dəriyə də təsir edir.

- Vaksinlə bir çox xəstəliyin kökünü kəsmək olar?

- İnşallah ki, olar. Virusa yoluxan insanlar 6 ay müddətində təkrar yoluxa bilməz.

- Pandemiyanın yaz və yay mövsümündə necə qidalanmaq lazımdır?

- Daha çox C vitaminli tərəvəz və meyvələrdən istifadə olunmalıdır. Ev yeməklərinə üstünlük verilməlidir.

- Viruslu insan ev şəraitində necə müalicə oluna bilər?

- İlk növbədə viruslu insan izolasiya olunaraq, poliklinikaya müracət etməlidir. C, D vitamini zəngin olan qidalarla qidalanmaq lazımdır.

- Bəzi işbazlar vəziyyətdən istifadə edib dərmanları baha satırlar. Sizcə, bahalı firma dərmanı almaq vacibdir?

- Xeyr, vacib deyil. Ev şəraitində limonlu su içmək də faydalıdır. Çoxlu maye qəbulu olmalıdır.

- Koronaviruslu xəstələrin müalicəsi ilə hansı həkimlər məğul olmalıdır?

- Daha çox infeksionist və pulmonoloq (ağciyər həkimi) və ranimotoloqlar.

- Xəstəliyin kişi və qadınlarda inkişafı necədir?

- Kişilərlə nisbətdə qadınlarda yoluxma halı daha çox müşahidə olunur. Lakin, kişilər daha ağır keçirir. Daha çox isə, şəkər, təzyiq, böyrək xəstələri və hamilə xanımlar çox ağır başa vurur.

- Hamilə xanımlar bətnindəki körpəni virusdan necə qorumalıdır?

- Uşaqlarda yoluxma halı 99 faiz müşaidə olunmur.

- Yoluxanlar sırasında gənclər də üstünlük təşkil edir?

- Təəssüflər olsun ki, bəli. 30-40 yaş aralığı xəstəliyi nisbətən yüngül başa vurur. Lakin 40-65 və 65 üstü insanlar çətin keçirir.

- Koronavirus "QİÇS", "Sars" kimi təhlükəli xəstəliklərdən daha qorxuludur?

- Göz gördüyündən qorxar. Koronanın müalicəsində təcrübə olmadığına görə qorxulu hesab olunurdu.

- 2-3 yaşlı uşaqlarda da yolxuma olur?

- Bəli, olur. Lakin, onlar bunu qrip formasında başa vururlar.

- Virusun 3-cü dalğası əvvəlki iki dalğadan nə ilə fərqlənir?

- 3-cü dalğada zökəm əlamətləri çoxdur. Buna görə də, yoluxma artır.

- Zəncəfil nanə və limonun suda həll olunub içilməsi faydalıdır?

- Bu qarışım virusun qarşısını ala bilməz. Sadəcə immuniteti gücləndirə bilər.

- Ölüm halları daha çox hansı yaş kateqoriyasındadır?

- Ən çox 50 yaşdan yuxarı insanlarda ölüm halları olur.

- Yoluxma niyə hələ də artır? Problem nədir?

- Ən çox yoluxma yas mərasimlərində olur. Buna stress və fikir səbəb olur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə