Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı canlı yayımda çıxış edəcək

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı ümumi cərrahı Bəxtiyar Musayev 24 yanvar 2020-ci il tarixində saat 16.00-da canlı yayımda “Öd daşı xəstəliyi və onun ağırlaşmaları” mövzusunda çıxış edəcək və izləyicilərin suallarınını cavablandıracaq.

Dr. Bəxtiyar Musayev ölkəmizdə endoskopik əməliyyatları ilk aparanlardan biridir. Belə ki, 1982-ci ildən diaqnostik laparoskopik müdaxilələr, 90-cı illərin ortasından isə endoskopik cərrahi müdaxilələri icra etməyə başlamışdır. Keçmiş SSRİ məkanında qaraciyərin punksiyaları və perkutan qaraciyərdaxili müdaxilələrin aparılmasında pionerlərdən olaraq ilk dəfə 1984-cü ildən başlayaraq ölkəmizdə bu əməliyyatları icra etmişdir.

Bəxtiyar Musayev ümumi cərrahiyyə və qastroenterologiya sahəsində, o cümlədən qaraciyər, öd kisəsi və öd axarları, mədəaltı vəzi, qida borusu, mədə, nazik və yoğun bağırsaq, dalaq xəstəlikləri üzrə təcrübəli mütəxəssis olaraq qarın boşluğu üzvləri üzərində bütün növ açıq və laparoskopik əməliyyatları həyata keçirir. O, 1982-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirdikdən sonra 1982-1983-cü illərdə Bakı şəhəri 5 saylı klinik xəstəxanada cərrahiyyə üzrə inetnatura təhsilini almışdır. 1990-cı ildə namizədlik, 2000-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir.

Bəxtiyar Musayev 1984-1989-cu illərdə Respublika Elmlər Akademiyasının Elmi Tədqiqat Fiziologiya İnstitutu nəzdində akademik Böyükkişi Ağayevin təşəbbüsü ilə yaradılmış biliar sistemin fiziologiyası və cərrahiyyəsi üzrə akademik qrupun əvvəl kiçik, sonra isə böyük elmi işçisi vəzifəsində işləyib. 1989-2000-ci illərdə yeni yaradılmış ET Qastroenterologiya İnstitutunda öz işini davam etmişdir.

Eyni zamanda 1984-2018-ci illərdə 5 saylı kliniki xəstəxanada cərrah, o cümlədən 2000-2011-ci illərdə həmin xəstəxanada cərrahiyyə şöbəsinin müdiri vəzifəsində, 2004-2016-cı illərdə bir neçə özəl tibb müəssisəsində baş həkim vəzifəsində çalışıb. 2018-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında ümumi cərrah və müalicə işləri üzrə rəis müavini vəzifəsində işləyir.

Qeyd edək ki, canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi "Facebook" səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə