Sudan zəhərlənmə ilə bağlı aparılan müayinələrin NƏTİCƏSİ

Sudan zəhərlənmə ilə bağlı aparılan müayinələrin NƏTİCƏSİ

Səhiyyə Nazirliyi Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində əhali arasında iyunun 7-dən qeydə alınan mədə-bağırsaq infeksiyası ilə bağlı apardığı laborator müayinələrin nəticəsini açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, uşaqlardan götürülmüş nümunələrin laborator müayinələri nəticəsində xəstələrdə rotavirus aşkar edilib.

Yayılma yolunun əsasən su olduğunu nəzərə alaraq, infeksiyanın baş verməsinə səbəb paylayıcı su şəbəkəsinin olduğu ehtimal olunur. Qeyd olunanlarla əlaqədar suyun təmizlənməsi və zərərsizləşdirilməsi tədbirləri ciddi nəzarətə götürülüb, aparılan laborator müayinələrin sayı artırılıb. Hazırda suyun tərkibi dövlət standartlarının tələblərinə cavab verir.

Məlumatda həmçinin bildirilir ki, son 4 gün ərzində 136 uşaqda infeksiya əlamətləri aşkar olunub. Hazırda 46 uşağın stasionar müalicəsi davam etdirilir, onların vəziyyətləri kafidir və yaxın vaxtlarda evə buraxılacaqlar. İnfeksiya baş vermiş ərazidə tibbi profilaktik tədbirlər davam etdirilir.

Məlumat üçün nəzərinizə çatdıraq ki, qeyd olunan ərazidə əhali arasında mədə-bağırsaq infeksiyasının baş verməsilə əlaqədar dərhal operativ qərargah yaradılıb, Səhiyyə Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin aparıcı mütəxəssisləri tərəfindən hadisənin səbəblərinin araşdırılmasını və aidiyyəti qurumlarla birgə kompleks əksepidemik tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Qeyd edək ki, 2 gün əvvəl Sumqayıt şəhərində az yaşlı uşaqlar arasında kütləvi zəhərlənmə ilə bağlı Sumqayıt şəhər Uşaq Xəstəxanasına çox sayda müraciət daxil olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə