“Tibbi təhsilin 12 il müddətində olması təqdirəlayiq ola bilər” MÖVQE
"Həkimlik elə bir peşədir ki, burada nəzəriyyədən daha çox praktikaya üstünlük verilməlidir. Hesab edirəm ki, bu sənəti seçənlərə diplom universiteti bitirdikdən sonra deyil, müəyyən təcrübə toplayıb, çalışdıqdan sonra verilməlidir. Misal üçün Avropanın bəzi ölkələrində tibb təhsili 14 illikdir. Bu baxımdan tibb təhsilinin uzun müddətli olmağının lehinəyəm". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, səhiyyə sahəsi çox genişdir. Burada insanların sağlamlığı ümdə olan məsələdir. Sağlamlığın qorunması üçün də savadlı, yüksək ixtisaslı kadrların yetişdirilməsi çox mühümdür. Bu baxımdan düşünürəm ki, insanların rifahı və sağlamlığının qorunması üçün tibbi təhsilin 12 il müddətində olması təqdirəlayiq ola bilər. Nəzəriyyə ilə təcrübə bir-birindən ayrılmazdır. Çünki, nəzəriyyəni bilmədən onu təcrübəyə tətbiq etmək olmaz. Ona görə də nəzəriyyələri təcrübəyə tətbiq etmək üçün nə qədər çox vaxt ayrılsa, bu səhiyyənin inkişafı üçün müsbət haldır".
Millət vəkili qeyd edib ki, həkimlik peşəsinə yiyələnmək fərdlərə görə dəyişə bilər. "Elə tələbə var ki, o, bu peşəyə daha qısa müddətdə yiyələnə bilər. Ümumilikdə götürdükdə isə bu sahəyə həssaslıqla yanaşılmalıdır. Bilik səviyyəsindən asılı olmayaraq, bütün həkimlər daima öz üzərində çalışmalı, müasir dövrün tələblərinə uyğunlaşaraq daha çox təcrübə toplamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB