Rəşad Mahmudov: "Geridə fəsadlar buraxmamaq üçün düşünülmüş addımlar atılmalıdır" MÜNASİBƏT
"İcbari tibbi sığorta haqqında" qanunun qəbul edilməsi ölkəmizdə səhiyyə sahəsində əldə ediləcək növbəti uğurdan xəbər verir. Bu qanun birmənalı olaraq Azərbaycan səhiyyəçiləri qarşısında qoyulan böyük bir məsuliyyətdir. O cümlədən də Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu üzərində böyük bir məsuliyyət var və hər kəs problemin həlli üçün üzərinə düşən yükü bütün gücü ilə qaldırmağa çalışır". Bu fikirləri SİA-ya Milli Məclisin Səhiyyə komitəsinin üzvü, ürək –damar cərrahı Rəşad Mahmudov deyib.
Millət vəkili qeyd edib ki, icbari tibbi sığorta qanununun qəbul olunması sadəcə bir qanun layihəsi deyil. Bu, birbaşa vətəndaşlarımızın sağlamlığına xidmət edəcək bir layihədir: "Həmçinin sosial sığorta dediyimiz zaman bu sadəcə gözəl tibbin ortaya qoyulması deyil, həm də səhiyyə ilə bağlı olmayan hər bir vətəndaşın da mənəvi borcu olan vergisinin düzgün şəkildə ödənilməsi deməkdir. Hər kəsə məlumdur ki, "İcbari tibbi sığorta haqqında" qanun çoxdan qəbul edilib. Qanunun icrasını təmin etmək üçün Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinin texniki, normativ sənədlərinin hazırlanması prosesi həyata keçirilməkdədir. Hesab edirəm ki, sözügedən layihə çərçivəsində görəcəyimiz işlər çoxdur. Çünki bu bir sistemin dəyişikliyidir ki, bu zaman çox sürətli şəkildə addımlar atıla bilməz. Geridə böyük fəsadlar buraxmamaq üçün bu yöndə düşünülmüş addımlar atmaq gərəklidir. Səhiyyə sahəsində pilot layihələri saxlamaqla tibbi xidməti yüksəltməli və vətəndaşlarımıza dünya standartlarına uyğun xidmət göstərməliyik. Bu gün dünyəvi sistemdə qəbul olunmuş icbari sığortanın ölkəmizdə ən yüksək səviyyədə tədbiqi üçün lazım olan mexanizmin yaradılması üçün əlimizdən gələni etməliyik. Dövlət də öz növbəsində icbari tibbi sığortaya ayırdığı məvacibin doğru şəkildə xərclənməsinə nəzarət mexanizmi hazırlamalıdır. Düşünürəm ki, qısa zaman kəsiyində bunun nəticələrini görəcəyik".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB