Nazir: "Azərbaycan ÜST-ün təşəbbüslərini dəstəkləyir"

Nazir: "Azərbaycan ÜST-ün təşəbbüslərini dəstəkləyir"

Səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun direktoru Jujanna Yakabla görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ölkəmizdə keçirilən Bakı 2015 I Avropa oyunlarının açılış mərasimində iştirak üçün səfərə gəlmiş xanım J.Yakabı Səhiyyə Nazirliyində qəbul edən cənab nazir, öncə onları səmimi salamladı və növbəti dəfə ölkəmizdə görməkdən məmnunluğunu bildirib.

Görüşdə ilk olaraq ÜST-lə Azərbaycanın əlaqələrinin tarixindən danışıldı. Cənab nazir öz növbəsində bildirdi ki, bu münasibətlər 1992-ci ildən etibarən başlanıb və daha da inkişafı və genişləndirilməsi üçün Səhiyyə Nazirliyi kifayət qədər səy göstərmiş və buna nail olmuşdur. Oqtay Şirəliyev, Azərbaycan dövlətinin ÜST-ün bütün təşəbbüslərini dəstəklədiyini və onların həyata keçirilməsində yaxından iştirak etdiyini qeyd etdi.

Jujanna Yakab da öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirdi və ölkə səhiyyəsində görülən bir çox işlərdə, atılan addımlarda və yeniliklərdə daim ÜST tərəfindən dəstəkləndiyini bildirdi. Xanım Yakab həmçinin, ÜST-lə Azərbaycanın uğurlu münasibətlərindən danışaraq bu münasibətlərin gələcəkdə də genişləndirilməsi üçün bütün səylərdən istifadə edəcəklərini vurğuladı.

Səmimi keçən görüşdə sağlam həyat tərzinin təşviqi, ÜST qətnamələrinin yerinə yetirilməsi, gələcək əməkdaşlığın perspektivləri və.s bu kimi məsələlər müzakirə olundu.

Qeyd etmək istərdik ki, Azərbaycanın digər ölkələrlə siyasi, iqtisadi, və elmi əməkdaşlığı inkişaf etdikcə, milli səhiyyəmizin beynəlxalq aləmə inteqrasiyası artır və əlaqələri genişlənir. Məlumdur ki, XXİ – Qloballaşma əsrində səhiyyə də qloballaşır. Biz dünya səhiyyəsinin bir çox müsbət təcrübəsini Azərbaycana şamil etməklə bərabər, ölkəmizdə apardığımız islahatları və qazanılan nailiyyətləri beynəlxalq aləmə çatdırırıq.

Hazırda Azərbaycanda səhiyyə sahəsində bir sıra beynəlxalq təşkilat və qurumlar fəaliyyət göstərir.

Bunların ən nüfuzlularından biri də Ümumdünya Səhiyyə Təşkilatıdır. Azərbaycan Respublikası 1993-cü ildən bu qurumun üzvüdür.

Bundan əlavə, 2005-ci ildə 193 ölkənin təmsil olunduğu təşkilatın qərar verici orqanı olan İcraiyyə Komitəsinə seçilmişdir. Azərbaycanın Komitədə aktiv fəaliyyətinin məntiqi nəticəsi olaraq 2006-2007-ci illər üçün Azərbaycan Respublikasının Səhiyyə Naziri İcraiyyə Komitəsinin Vitse –Prezidenti və Beynəlxalq QHT-lərlə iş üzrə Komitəsinin sədri vəzifələrini icra edib.

Bunun ardınca, Beynəlxalq aləmdə Dövlətimizin nüfuzunun artdığını və son illər ölkədə səhiyyə və sosial sahədə aparılan geniş miqyaslı islahatların həyata keçirilməsində Azərbaycan Respublikası Rəhbərliyinin siyasi və maliyyə dəstəyini nəzərə alaraq 2009-cu ilin sentyabrında Kopenhagendə Təşkilatın 59-cu sessiyasında Azərbaycan ÜST Avropa Regional Bürosunun Daimi Komitəsinə və 2012-2015-ci illərdə yenidən ÜST İcraiyyə Komitəsinin üzvü seçilib. Bu dəfə də Azərbaycan Respublikasının Səhiyyə Nazirinə İcraiyyə Komitəsinin Birinci Vitse –Prezidenti vəzifəsi həvalə olunub.

Azərbaycanda səhiyyə və sosial sferada gedən sürətli inkişaf, həyata keçirilən proqram və layihələr Ümumdünya Səhiyyə Təşkilatının istiqamətləri və Minilliyin İnkişaf Məqsədləri ilə üst-üstə düşürdü.

İlk dəfə 2006-cı ildə ÜST-nın sabiq Baş Direktoru Dr. Con vuk Li Azərbaycana səfər etdi.

Səfər zamanı Azərbaycanın Rəhbərliyi ilə görüşlərdə səhiyyə islahatlarının keçirilməsi sahəsində, xüsusilə o zamankı dövrdə Quş qripinə qarşı aparılan mübarizə tədbirlərini "nümunəvi" kimi qiymətləndirib.

2008-ci ilin yanvarında isə təşkilatın yeni seçilmiş Baş direktoru Dr. Marqaret Çan ÜST-nın Avropa Regionu üzrə nümayəndə heyətinin müşayiəti ilə Azərbaycana səfər edib.

Səfər zamanı Baş direktor ölkə rəhbərliyi ilə və digər aidiyyəti qurumlarla görüşlər keçirmişdir.

Baş Direktor şəxsən Azərbaycanda Reproduktiv sağlamlıq və ana uşaqların sağlamlığının qorunması üzrə Strategiya sənədinin imzalanması mərasimində də iştirak edib.

Azərbaycanda səhiyyə sahəsində bu görünməmiş inkişaf bilavasitə Dövlət rəhbərliyinin ayrılmaz qayğısının nəticədir. Hər hansı layihə və proqrama Dövlətimizin maliyyə və siyasi dəstəyi ÜST-nin nəzərindən qaçmamışdır.

Belə ki, Təşkilatın İcraiyyə Komitəsinin 29 yanvar 2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Birinci Xanımı, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva " Ana, uşaq və ailə sağlamlığının qorunmasında müstəsna xidmətlərinə görə" mükafatı ilə təltif edilib.

Azərbaycanın təşkilatda fəaliyyəti və nüfuzu durmadan artmaqdadır.

Belə ki, 53 ölkəni özündə birləşdirən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu hər ilin sentyabr ayında öz sessiyalarını keçirir. Avropa qitəsinin və MDB məkanının dövlətlərinin qatıldığı sessiyalarda bu ölkələrin Səhiyyə Nazirlərindən başqa bir sıra nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri də iştirak edirlər.

Regional Komitənin rəhbərliyi 61-ci sessiyasının 2011-ci il 12-15 Sentyabr tarixlərdə Bakıda keçirilməsi və ölkəmizin bu tədbirə ev sahibliyi etməsi haqqında Azərbaycana müraciət edilmiş və ÜST-nın Avropa üzrə Regional Komitəsinin 61-ci Sessiyasının 12-15 sentyabr 2011-ci il tarixlərdə Bakıda keçirilmişdir.

Tədbirdə ÜST Baş Direktoru Dr. Marqaret Çan və Dr. Jujanna Yakab iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə